Azərbaycana qarşı qaralama kampaniyası aparılır

Milli Məclis noyabrın 19-da keçirdiyi iclasında 2015-ci ilin dövlət büdcəsinin müzakirəsini davam etdirib. Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bölgədə və regionda münaqişələr, separatizm meyilləri, etnik, milli dini ayrı-seçkilik halları və ərazi iddiaları və digər problemlər tək bizi deyil, bütün dünya ölkələrini narahat edən məsələlərdir. Bunun da doğurduğu bir sıra problemlər var. Ədalət prinsipinin pozulması meyilləri görərək bu məsələləri diqqətə almamaq mümkün deyil". Bunu Milli Məclisin sədrinin müavini Bahar Muradova parlamentdəki çıxışında deyib. O bildirib ki, bəzi beynəlxalq təşkilatların Azərbaycanın uğurlarını gözü götürməməyi özünü bir çox hallarda büruzə verir: "Həqiqəti aşkara çıxartmaq üçün də çoxlu mücadilə verməli oluruq. Bəzi hallarda da onlar özlərini haqlı kimi qələmə verməyə çalışırlar. "Biz ölkə daxilində işləməkdən daha çox beynəlxalq arenaya çıxmağa cəhd göstərməliyik. Azərbaycanın bu sahədəki təcrübəsi dünya ölkələri tərəfindən qəbul edilməlidir. QHT əməkdaşlığının yeni aspektlərini müəyyənləşdirməklə azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında lazımi işlər görə bilərik. QHT-lərin beynəlxalq təşkilatlarda layihələrinin yer almasına xüsusi diqqət ayırırıq. Lakin bəzi layihələr Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur. Buna görə də Azərbaycan bu işi öz üzərinə götürməlidir. Ona görə də düşünməməliyik ki, QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan 6 milyon manat vəsait çoxdur. Əgər vəzifələri göz önünə gətirsək, o zaman məlum olur ki, 6 milyon manat həmin vəzifələri yerinə yetirməyə imkan vermir. Dövlətin media qurumlarına, siyasi partiyalara göstərdiyi diqqət bizə imkan verir ki, hökumətdən xahiş edək ki, bu istiqamətdə maliyyə vəsaitlərinin artırılmasına yenidən baxsınlar".

Deputat Aydın Mirzəzadə qeyd edib ki, Bakının statusu ilə bağlı xüsusi bir qanunun qəbul edilməsinə böyük ehtiyac var: "Bakının mərkəzində binaların tikilməsi şəhəri darlaşdırır. Hesab edirəm ki, bununla bağlı say göstərilməlidir. Bununla bağlı təkliflər ola bilər. Nəqliyyatda olan tıxacların azalması üçün avtodayanacaqların olmasına ehtiyac var". Millət vəkili Fəzail Ağamalı Azərbaycana xaricdən gələn meyvə-tərəvəz məhsullarına tətbiq edilən rüsumun artırılması təklif edib. Bildirib ki, Azərbaycan özünün meyvə-tərəvəzə olan tələbatını tamamilə ödəmək imkanına malikdir: "Lakin xaricdən gələn meyvə-tərəvəzlərə tətbiq edilən rüsumun az olması ölkə daxilində istehsal olunan həmin məhsulların dayanıqlılığını xeyli dərəcədə aşağı salır və Azərbaycan fermerləri bu rəqabətdən kifayət qədər uduzmuş olurlar. Daxili bazarın qorunması üçün bunu gələcəkdə nəzərə almaq zəruridir". Kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilməsinin vacib olduğunu deyən F.Ağamalı bildirib ki, sənaye üsulu ilə istehsal olunan məhsullarla bağlı güzəştlər tətbiq olunmalı, emal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilməli və bu emal müəssisələrinə güzəştlər tətbiq edilməlidir. Millət vəkili Fərəc Quliyev isə bildirib ki, Azərbaycan Dövlət Neft Fondu investisiya siyasətinə yenidən baxmalıdır. Deputat həmçinin qeyd edib ki, ARDNF Rusiya rubluna investisiya yatırır və bu valyutanın dəyəri aşağı düşdüyünə görə, Fondun məcmu aktivləri azalır: "Rublun dəyəri aşağı düşür. Belə getsə, rubla qoyulan aktivlərimiz azalacaq. Hesab edirəm ki, Fondun rubl siyasətinə redaktələr edilməlidir. Buna görə də büdcənin neft gəlirlərindən asılılığını azaltmaq üçün ciddi tədbirlərin görülməsi vacibdir". Millət vəkili Nusa Quliyev qeyd edib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər var. İndiyə qədər köçkünlər üçün 82 qəsəbə və 45 min mənzil tikilib. Lakin bu proqramlarla büdcəni yükləmək lazım deyil. Dövlət sahibkarlara şərait yaratmalıdır ki, sahibkarda sosial evləri tikərək insanlara ipoteka yolu ilə sata bilsin. Deputat digər bir təkliflə çıxış edərək, tütün məhsullarına aksiz və əlavə dəyər vergisinin artırılmasını təklif edib: "Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə ucuzdur. Fikrimcə, bu qiymət artırılmalıdır. Düzdür, siqaret haqqında qanun müzakirədədir, ancaq hələlik qəbul olunmayıb. Amma bu məsələlər nəzərə alınmalıdır". Deputat Elmira Axundova deyib ki, əhalinin müəyyən hissəsində ümumi mədəniyyətin aşağı düşməsi, aqressivliyin isə yüksəlməsi prosesi gedir. Bu proses özünü məişət zorakılığında, erkən və qeyri-qanuni nikahların çoxalmasında, bəzi gənclərin dini ekstremizmə qoşulmasında, pis vərdişlərin baş alıb getməsində biruzə verir. "Buna görə istərdim ki, hörmətli maliyyə naziri heç olmasa qəsəbə və böyük kəndlərdə mədəniyyət ocaqlarının tikilməsi, həm də müvafiq nazirlik və komitələr tərəfindən təsirli sosial roliklərin hazırlanması üçün büdcədən vəsait ayırsın. Bir çox ölkələrdə, elə Türkiyənin özündə narkomaniya, içki, siqaretə qarşı əks təbliğat xarakterli roliklər mütəmadi bütün kanallarda göstərilir və faydası da böyükdür. Bir də xahiş edərdim ki, müvafiq Nazirlik və Dövlət Komitələri öz maarifləndirici və təbliğat xarakterli tədbirlərini Bakı, Sumqayıt, Gəncədə yox, əyalətlərdə keçirsinlər və bu tədbirlərə yerli sakinləri cəlb etsinlər". Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib ki, neftin qiymətinin düşəcəyi ilə bağlı Azərbaycan hökuməti bütün ssenariləri nəzərə alıb: "Lakin əsas məsələ beynəlxalq aləmdə gedən oyunlardır və buna kimsə nəzarət edə bilmir. Neftin qiyməti 1999-cu ildə 10 dollara düşəndə dünya dağılmadı ki? Xeyr! Buna görə də səslənən fikirlər əsassızdır. Ona görə də tənqidi fikir deyənləri təmkinli olmağa çağırıram". Vitse-spikerin sözlərinə görə, büdcə xərcləri hərtərəfli düşünülərək nəzərə alınıb və hər sahəyə pul artırılması ilə bağlı deyilən təkliflər başa düşülən deyil: "Hər bir sahəyə qoyulan puldan gəlirlər əldə edilir. Amma kimsə demədi ki, büdcəmizə nə qədər gəlir gələcək. Ayrılan vəsaitlərin nəticəsi barədə də danışmaq lazımdır". Valeh Ələsgərovun fikrincə, energetika sahəsində paylayıcı sistemlərdə yaranan problemlər aradan qaldırılmalıdır: "Azərenerji" bununla bağlı problemləri aradan qaldırmalıdır. Yoxsa, biz maliyyə itkisi ilə üzləşəcəyik".


Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00