Müsavat fövqəladə qurultaya gedə bilər

İsa Qəmbər gedişatdan narahatdır, partiyada həmsədrlik institutu yaradıla bilər

Müsavat partiyasında vəziyyyət gərgindir. Narazılara qarşı görülən sərt tədbirlər, partiyadan xaricetmə, töhmət cəzaları müsbət effekt vermir. Əksinə, vəziyyəti daha da ağırlaşdırıb. Sabiq başqan adayı Səxavət Əlisoy partiyadan çıxarılıb. Buna etiraz edən Hikmət Hacızadə özü Müsavatdan istefa verib. Yaxın günlərdə sabiq başqan adayı Qubad İbadoğlunun, Vurğun Əyyubun da analoji addım atacağı gözləniləndir. Vəziyyət o həddə kritikdir ki, digər partiyalarda da narahatlıq yaranıb. YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, təkrar qurultay keçirilməsə ikinci Müsavat partiyası yaranacaq. Yəni 2000-ci ildə AXCP-də baş verən proseslər təkrarlanacaq. AXCP sözçüsü Natiq Ədilov bildirib ki, baş verənlərin günahı sabiq başqan İsa Qəmbərdədir. əgər o, zamanında özünə siyasi varis hazırlasaydı, partiyada liderlərin yetişməsinə imkan versəyi, indi durum belə olmazdı. YAP təmsilçisinin dediklərində həqiqət var. Doğrudan sərt cəza tədbirləri ilə yeni başqan sabit düzən yarada bilməyəcək. Ancaq bunun suçu yeni başqanda deyil. Azərbaycan siyasi mühitində sədr dəyişikliyi həmişə ağrılı olub. Örnəyi AMİP, AXCP və ALP-dir. İki partiyada parçalanmalar yaşandı. ALP isə sədr dəyişikliyi ilə müxalifətdə mövqeyini itirdi. Müsavatda alternativ strukturlar yarana bilər. Proses ona doğru aparır. Böyük ehtimalla, Qubad İbadoğlu-Vurğun Əyyub tərəfdarları alternativ Məclis yaradacaq və sonra qurultaya gedəcəklər. Özü də "Müsavat partiyası" adı ilə. AXCP təmsilçisinin təhlilinə gəlincə, burada həqiqət payı az deyil. AXCP bu gün ona görə ayaqdadır ki, mərhum Elçibəy tolerant idi, gənclərin siyasi lider kimi yetişməsinə şərait yarada bilirdi. Ancaq eyni sözləri artıq 50 yaşı haqlayan Əli Kərimli haqqında demək mümkün deyil. 10 ildən sonra bu gün şəxsiyyətə pərəstişin hökm sürdüyü AXCP-də də eyni vəziyyət yaranacaq. Əli Kərimli istefa versə, onu əvəzləyəcək və partiyanın bütövlüyü qoruya biləcək adam tapılmayacaq. Ona görə də Müsavatdakı vəziyyət digər partiyalara körk olmalıdır. İndidən lider böhranı durumunu sığortalamaq lazımdır. Müsavata gəlincə, həqiqətən də fövqəladə  qurultaya gedilməsə vəziyyət daha da pisləşəcək. AXCP çıxılmaz durumda idi, ona görə ki, lider Elçibəy vəfat etmişdi. Ancaq İsa Qəmbər sağdır və prosesi müşahidə edir. Hər halda o, proseslərə təsir etməli, mərkəzdənqaçmanı saxlamalıdır. Ən doğrusu yeni qurultay çağırıb həmsədrlik institutu yaratmaqdır. Həmsədrlər:Arif Hacılı və Qubad İbadoğlu 2 və ya 4 il ərzində öz mövqelərini möhkəmlətməli başqan seçkisinə gedilməlidir. Öncədən razılaşdırılmalıdır ki, sadə səs çoxluğu belə seçkinin taleyini həll edəcək, uduzanlar nəticə ilə barışacaqlar. Yalnız bu halda Müsavat partiyasının bütövlüyü qoruyub saxlamaq mümkün olacaq. Müsavatdan verilən məlumata əsasən. Artıq İsa Qəmbər də gedişatdan narahatdır və onun rəhbərlik etdiyi Milli Düşüncə Mərkəzində belə bir fikir formalaşıb ki, Müsavatda həmsədrlik institutu yaradılsın. Bu fikrin tərəfdarları artsa, mart ayında fövqəladə qurultay çağırıla bilər.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00