Gələn ilin dövlət büdcəsinin müzakirəsinə start verildi
18 Noyabr 2014 16:43 SiyasətMilli Məclis "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsinə start verib. MM sədri Oqtay Əsədov bildirib ki, bücə zərfi hazırlanan zaman makroiqtisadi göstəricilər və dünyada baş verən iqtisadi proseslər nəzərə alınıb. Onun sözlərinə görə, dünya iqtisadiyyatında geriləmənin baş verməsinə baxmayaraq gələn ilin dövlət büdcəsi bütün sosialyönümlü layihələrin icrasına imkan verəcək. Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, dövlər büdcəsi ölkənin iqtisadi inkişafını və müdafiə qabiliyyətini artıracaq. Büdcə gəlirlərində qeyri-neft sektorunun payı yüksələcək. Neftin qiymətinin 90 dollar müəyyən edilməsi isə iqtisadi inkişafa heç bir təsir göstərməyəcək. Komitə sədri onu da bildirib ki, Azərbaycan emal sənayesini 15-20%-ə qədər artıra bilər ki, bu da bir çox sahələrə müsbət təsir edəcək: "Maşınqayırma sənayesi də inkişaf etdirilməlidir. Ölkədə aqrar sahədə də ciddi işlər görülür, dövlət proqramı hazırlanır. Məsələlərlə bağlı Statistika Komitəsi ilə də danışıqlar aparırıq". Sonra qanun layihəsi barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Bildirib ki, 2015-ci il və sonrakı üç il üçün dövlət büdcəsi xərclərinin layihəsi "Büdcə sistemi haqqında" Qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların real büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri nəzərə alınmaqla hazırlanıb. Bildirildi ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5 faizi həcmində olmaqla 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır. Gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 mlrd. 388 mln. manat vəsait ayrılması nəzərdə tutulur. Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2 faiz artıqdır. 2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7,112,0 milyon manat daxil olma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 10 milyon manat çox deməkdir. Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1,590 milyon manat gəlir proqnozlaşdırılır. Büdcəyə digər daxilolmalar 48 milyon manat təşkil edəcək. Növbəti ildə də büdcə təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 300 milyon manat daxilolma proqnozlaşdırılır. Gələn il üçün bütövlükdə dövlət büdcəsi gəlirlərinin 6,750 milyon manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Nazir onu da vurğulayıb ki, 2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə hesablanıb. 2015-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat proqnozlaşdırılıb. 2014-cü ilin proqnozunda müdafiə xərcləri 1 mlrd. 637,4 mln. manat təşkil etmişdi. 2015-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu da 2014-cü illə müqayisədə 10 milyon manat və yaxud 25 faiz çoxdur. Layihədə dövlət büdcəsinin kəsiri 1 mlrd. 662 mln. manat nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə 17 mln. manat və ya 1 faiz azdır. 2015-ci il icmal büdcəsinin gəlirləri 20 mlrd. 716,8 mln. manat, xərcləri 25 mlrd. 911 mln. manat proqnozlaşdırılır. Layihədə qeyd olunur ki, 2014-cü illə müqayisədə icmal büdcənin gəlirləri 1 mlrd. 269,1 mln. manat, xərcləri isə 1 mld. 467,1 mln. manat çox nəzərdə tutulub. Milli Bankın sədri Elman Rüstəmov deyib ki, ölkədə manatın məzənnəsi sabit saxlanılır: "Devalivasiyadan ən birinci itirən əhali olur. Məhz buna görə, dövlət müvafiq qabaqlayıcı işlər görür. Bizim valyutamız sabitdir. Bir sıra dövlətlərdə bizim manat qəbul olunur. Bununla belə Mərkəzi Bank bank faizlərini aşağı salmağa çalışır. Böhran illərində Azərbaycan dövləti banklara kiçik yardımlar etmişdi. Artıq o yardımlar geri qaytarılıb. Bir neçə zəif bankla fərdi iş aparacağıq. Bizim məqsədimiz əhalinin ziyan çəkməməsindən yanadır. Bununla bağlı işlər görürük. Digər bir problem əmanətlərin qoyulmasında artım tempi aşağı düşməsi ilə bağlıdır. Digər tərəfdən banklarda yetərincə artıq vəsait var. Məhz buna görə də faiz dərəcələri aşağı salınmalıdır". O bildirib ki, Azərbaycan iqtisadiyyatı hazırkı enmə proseslərinə də kifayət qədər hazırdır: "Ötən dövr ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 6 faiz artıb. Cari ildə də iqtisadi artım davam edəcək. Bütövlükdə artımın 2.5 faiz olacağı gözlənilir. 2014-cü ildə ölkədə inflyasiya proqnozlaşdırılandan da aşağı olub. Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq pulun dərəcəsini aşağı endirmə siyasətini həyata keçirir". Baş bankir deyib ki, kommersiya kreditlərinin liberallaşdırılması bankların üzərinə qoyulmalıdır: "Biz ipoteka kreditlərini məsələsində alman modelini irəli sürürük. Burada əhali müəyyən müddətə kreditlər toplayır və sonradan ipoteka ala bilir. Bu bazar tələb bazarıdır. İndi buna tələb yüksəkdir. 1995-ci ildə Azərbaycanda adambaşına 27 dollar kredit düşürdü. Bu gün isə 2350 dollarıdır. Azərbaycan maliyyə bazarları inkişaf edir, amma tələbat ondan da çox inkişaf edir. Bizim işimiz bu tələbatı ödəməkdir".
Alim