“Rusiya Ermənistana görə, Azərbaycana qarşı çıxmayacaq”
Mübariz Əhmədoğlu: “İrəvanın hərbi təlim keçirməsi – danışıqların erməni prizmasından baxanda dalana dirənməsinə verdiyi reaksiyadır”
18 Noyabr 2014 15:23 SiyasətNoyabrın 18-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə "Qarabağ saatı" baş tutub. M.Əhmədoğlu tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son prosesləri dəyərləndirib. Politoloqun sözlərinə görə, Ermənistanın rəhbərliyi əhalini əvvəlki Dağlıq Qarabağ müharibəsindən nəticə çıxararaq güclü Hava Hücumundan Müdafiə sistemi qurduqlarına inandırıb: "Azərbaycan hərbçisini silah işlətməyi bacarmayan hesab etməklə bu tezisi daha da möhkəmləndirirdi. Belə bir dövrdə İlkin Muradov erməni vertolyotunu vurdu. Ermənilərin bacarıqsız hesab etdiyi Azərbaycan hərbçisi onların 12 vertolyotdan ibarət eskadrilyonun komandir ekipajını məhv etdi. Bununla da qoşunların təmas xəttində psixoloji vəziyyət dəyişdi. İndi bəlli oldu ki, Ermənistanın HHM sistemi ideal deyil, Azərbaycan hərbçisi də bacarıqlıdır. Sərkisyanın Azərbaycan tərəfindən Dağlıq Qarabağ səmasını bağlı zona elan etməsindən sonra vertolyotla Dağlıq Qarabağ ərazisinə gəlməsini emosional və ağılsız addım hesab etmək olar. Görünür, S.Sərkisyan başa düşüb ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsindən diqqəti yayındırmaqdan ötrü yüksək çinli ermənilərdən qurbanlar verilməlidir".
"İrəvan dalana dirənib"
Mübariz Əhmədoğlu hesab edir ki, helokopterin vurulması erməniləri çətin vəziyyətə salıb. Politoloq qeyd edib ki, İrəvan ölmüş hərbçilərini beynəlxalq ictimaiyyətdən tələb edə bilmir: "Çünki həm vertolyot Ermənistana məxsusdur, həm də ölən ekipajdakı hərbçilərin hər üçü Ermənistan vətəndaşıdır. Ermənistandan gəlmiş 3 hərbçinin Dağlıq Qarabağda ölməsi Ermənistan ermənilərini Dağlıq Qarabağ ermənilərinə qarşı daha da aqressivləşdirir. Sərkisyan başa düşür ki, sabah Ermənistanda Qarabağ klanına qarşı ciddi proseslər başlayacaq. Bunun qarşısını almaq üçün təcili Qarabağa gəldi. Sərkisyan ağıllı olsa, bu hadisədən ciddi nəticə çıxaracaq. 4-5 il bundan qabaq qoşunların təmas xəttində avtomat işləmirdi. Bir az keçəndən sonra bölgədə snayperlər təkmilləşdirildi. Daha sonra pulemyotlar və digər ağır çaplı silahlar istifadə olunmağa başlandı. Ermənistan mətbuatı isə iddia edir ki, Azərbaycan tərəfi kiçik çaplı toplardan istifadə edir. Bu dəfə isə zenit-raket kompleksindən istifadə etdiyini bildirir. Bu o deməkdir ki, təmas xətttində Azərbaycan işlətdiyi silahların çapını artırır. Ermənistan bundan nəticə çıxarmalıdır. Çünki elə bir beynəlxalq qüvvə yoxdur ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək cəhdlərinin qarşısına çıxa bilsin". Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistan uzun müddət Azərbaycan qorxusundan hərbi təlim keçirə bilməyib. Politoloq hesab edir ki, indi Ermənistanın hərbi təlim keçirməsi - danışıqların erməni prizmasından baxanda dalana dirənməsinə verdiyi reaksiyadır.
"Ştaynmayer Ermənistandan nə gördüsə..."
Mübariz Əhmədoğlu bildirib ki, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Ermənistandan Almaniyaya qayıdan kimi Bundestaqa yazılı şəkildə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirdi. O, qeyd edib ki, nazir Almaniya hökuməti adından Ermənistanın əleyhinə bəyanat da səsləndirdi: "Ştaynmayer Ermənistanda nə gördüsə, belə bir addım atdı. Almaniyadan əvvəl Fransa və ATƏT Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bildirmişdilər. Bu isə o deməkdir ki, Ermənistan öz havadarlarını yavaş-yavaş itirir". M.Əhmədoğlu vurğulayıb ki, Ermənistan həm Qərbin, həm də Rusiyanın dostu olmağa çalışır. Politoloq bunu mümkünsüz hesab edir. Mübariz Əhmədoğlu eyni zamanda Rusiyanın erməni hipnozundan ayıldığını bildirib. "Əgər ikinci Qarabağ müharibəsi baş versə, Rusiya Ermənistana yardım etməyəcək. Çünki bu halda Rusiya Azərbaycan, İran və Türkiyəni itirəcək. Bu müharibə başlayacağı təqdirdə Rusiyanın Şimali Qafqazdan çıxması şərhsizdir. Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər hazır vəziyyətdə radikalları Şimali Qafqaza yeritməyi gözləyirlər. Rusiyanın Ön Asiya, Cənubi Qafqaz və Yaxın Şərqdə yürütdüyü siyasətdə uğur qazanması, Azərbaycanın maraqlarına hörmət etməkdən keçir. Ermənistan Rusiyanın quberniyası olsa da belə, Moskva Azərbaycanı qarşı çıxmayacaq" - deyə Mübariz Əhmədoğlu vurğulayıb.
Mənsur Rəğbətoğlu