"Yazıq erməni" və "amansız türk" obrazının möhkəmlənməsinə yönəlmiş cəhd
Sahib Alıyev: “İstərdik ki, həmsədrlər 22 ildə bir dəfə ədalətli hərəkət edərək hər şeyi öz adı ilə çağırardılar”
18 Noyabr 2014 14:48 SiyasətCəbhə xəttində baş verən son insidentdən sonra erməni təxribat və təbliğat maşını yenidən var gücü ilə Azərbaycana qarşı hücuma keçib. Qərbdəki ermənipərəst qüvvələrin dəstəyi ilə Azərbaycan barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırılmağa cəhdlər edilir. Özü də bu hücumun başında birbaşa işğalçı ölkənin prezidenti Serj Sərkisyan dayanır. Elə millət vəkili Sahib Alıyev də bu qənaətdədir. O, deyir ki, ermənilər başda prezidentləri olmaqla vurulmuş helikopterlərini Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda baltalanmış Marqaryanla eyniləşdirir və bununla da havadarlarının yardımından da faydalanaraq bizdən vəhşi obrazı yaratmağa çalışırlar: "Marqaryan yaramazın biri olub və onu öldürən Ramil Səfərovu da hamımız yaxşı anlayırıq. Amma yəqin çoxlarımız Ramilin etdiyini etməzdik. Məsələn, mən özüm buna getməzdim. Helikopterə gəldikdə, onu məhv etmək mənə tapşırılsaydı və bunu bacarsaydım, böyük məmuniyyətlə vurub salar, bundan da şərəf duyardım. Və heç eynimə də olmazdı ki, axı bu helikopterin pilotunun 3 uşağı var. Bu 3 uşaq məsələsini ona görə qabardıram ki, artıq yazdığım kimi ermənilər sosial şəbəkədə həmin öldürülmüş pilotun uşaqlarıyla birgə şəklini paylaşıblar. Burada da məqsəd aydındır. Bir tərəfdən öz aralarında bizə qarşı nifrət hissini artırmaq üçün bunu ediblər. Digər tərəfdən isə istəyirlər ki, vurulmuş helikopterdən söz düşəndə göz önünə ölüm saçan hərb maşını yox, öldürülmüş ekipaj üzvlərinin yetim qalan uşaqları gəlsin. Yəni bu hoqqa yenə də "yazıq erməni" və "amansız türk" obrazının yaradılmasına, daha dəqiqi yaradılmış bu obrazın möhkəmlənməsinə yönəlib". Sahib Alıyev bildirib ki, bütün bu informasiya hazırlığından sonra separatçıların geydirmə prezidenti Bako Saakyan Minsk qrupu həmsədrlərini obyektiv araşdırma aparmağa çağırıb: "Biz də istərdik ki, həmsədrlər bu 22 ildə heç olmasa bir dəfə ədalətli hərəkət edərək hər şeyi öz adı ilə çağırardılar. Ermənilərdən soruşardılar ki, sənin helikopterinin Azərbaycanın Ağdam rayonunda nə işi vardı. Əgər Azərbaycanın hərbi helikopteri hava sərhəddinizi pozub, tutaq ki, Qafanda dövrə vursaydı siz özünüz necə davranacaqdınız? Bəlkə, raket əvəzinə göyə fişəng atıb bunu bayram edəcəkdiniz? Biz istərdik ki, onlar ermənilərdən soruşsunlar ki, siz Həsən Həsənovu Kəlbəcərdə Azərbaycan torpağında niyə qətlə yetirmisiniz? Sizə bu haqqı kim verib? Sizə kim bu haqqı verib ki, Həsən Həsənovla Kəlbəcərə gedən digər iki azərbaycanlını girov götürüb üzərilərində məhkəmə qurursunuz? Amma soruşmayacaqlar. Çünki onlar... onlardandır". Millət vəkili onu da vurğulayıb ki, ermənilər Cenevrə konvensiyası deyilən sənədə əməl etməli olsaydılar, onda bizim əsir və girov götürülən minlərlə soydaşımıza o zillətləri yaşatmazdılar: "Və əgər həmin sənədə də BMT Təhlükəsizlik Şurasının qətnamələri kimi adi kağız parçası kimi yanaşmasaydılar, Kəlbəcərdə Həsən Həsənovu qətlə yetirməz, onunla birgə ora gedən digər iki mülki şəxsi girov götürüb üzərilərində qondarma məhkəmə qurmazdılar. Bunları ona görə deyirəm ki, vurulmuş Mi-24-ün ekipaj üzvlərinin cəsədlərini, daha dəqiqi onlardan nə qalıbsa onu geri istəyən ermənilər və havadarları indi həmin konvensiyanın olduğunu bizə xatırladırlar. Bir halda gec də olsa, belə bir sənədin varlığı yadlarına düşüb, elə həmin konvensiya tələb edir ki, ermənilər gözlərindən həsrət və kədər tökülən Elzanın atası Şahbaz Quliyevlə Dilqəm Əsgərovu dinməz-söyləməz Azərbaycana təhvil versinlər".
Süleyman