Elşən Musayev: “Hələ də Arif Hacılı ayılmayıb ki, o “papka daşıyan” deyil, rəsmi şəkildə partiya başqanıdır”
17 Noyabr 2014 16:52 Siyasət"Radikal müxalifətin elə bir mərhələsi var ki, əks cəbhə ora çatan kimi şantaja başlayır. Onun daxildə özünə qarşı çıxanları vurmaq üçün ən gözəl variantı "hakimiyyətə işləmək" ittihamıdır". Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Müsavat daxilində keçmiş başqanlığa namizəd Qubad İbadoğluna qarşı başlamış antitəbliğat kampaniyasına münasibət bildirərkən belə deyib. E.Musayev hesab edir ki, Müsavat əvvəl hissə-hissə parçalanırdısa, indi zərrə-zərrə parçalanır. Partiya sədrinin sözlərinə görə, Müsavat daxilində mövcud olan problemi müsavatçılar Qubad İbadoğlunun üzərinə atırlar: "Bu belə deyil, çünki Müsavatın özü parçalanmağa məhkumdur. Əgər Qubad İbadoğlu Neft Şirkətinə işləyirdisə, nəyə görə, Müsavat onun namizədliyi üzərində dayanırdı? Necə oldu ki, bu adam seçkilərdə 200-dən çox Məclisin səsini qazandı? Azərbaycan radikal müxalifətində insanlar çox rahatlıqla biri-birlərini haqsız yerə qaralaya bilirlər? Mən mövcud hakimiyyətin tərəfdarıyam. Amma mən bu gün həmin ittihamı Qubad İbadoğlunun üzərinə atmaram. Əks cəbhədə ola-ola belə qarayaxmanı öz rəqibimə yaraşdırmaram. Amma bunlar 25 il bir yerdə çörək yediyi insanlara yaraşdırırlar. Ona görə deyirik ki, radikal müxalifət rəzil gündədir, hakimiyyətə gəlməməlidir. Arif Hacılı "mələk libaslı" qorxulu insandır. Ona görə də üzdə mələk obrazı ilə açıqlamalar verir. Amma altdan-altdan onları iynələyir. Çünki bu adam kimi ikinci ambision şəxs yoxdur. Qubad İbadoğlu rəqibimiz olsa da, hakimiyyətə gələ bilməsə də tip olaraq mədəni insandır. Siyasətdə əxlaq predmetlərini qoruyub saxlaya bilən adamdır. Radikal müxalifətə Qubad İbadoğlu kimi adamlar yox, söyüş söyməyi bacaran insanlar lazımdır. Ona görə, müxalifətçilik söyüş söyməkdədir. Proseslərin arxasında İsa Qəmbər dayanır. Hələ də Arif Hacılı ayılmayıb ki, o "papka daşıyan" deyil, rəsmi şəkildə partiya başqanıdır. Hələ də ikincilik Arif Hacılı Müsavatda ikinci olmağı həzm edə bilmir. Onlar çox iyrənc şəkildə Qubad İbadoğlunu vurmağa çalışırlar. Əvvəllər bu məsələlərdə Qubad İbadoğlunu da ittiham edirdim. Lakin sonradan gördüm ki, Arif Hacılının komandası çox ağır oyun oynayır. Onlar Müsavatı parçalamağı qərara alıblar. Bu məsələdə nə hakimiyyətin, nə digərilərinin heç bir marağı yoxdur". ("OLAYLAR" İA)