Bahar Muradova: "Gözlərini bir az geniş açsınlar"
Bahar Muradova silahlı qüvvələrimizin düşmən helikopterini vurması ilə bağlı suallara "Bu həftə"də aydınlıq gətirib
17 Noyabr 2014 09:44 SiyasətHəftə Qarabağ cəbhəsində əlamətdar sayıla biləcək hadisə, düşmən helikopterinin vurulması ilə önəm kəsb etdi. Beynəlxalq qanunlara zidd olaraq Ermənistan tərəfindən işğal olunan ərazilərdə təlimlərə cəlb edilən hərbi aviasiyanın tərkibində cəbhənin ön xəttində döyüş uçuşları keçirən həmin hərbi helikopter provokasiya məqsədilə mövqelərimizə atəş açdığına görə döyüşçülərimiz tərəfindən vurulub. Mi-24 döyüş helikopteri Ağdam rayonu istiqamətində müdafiənin ön xəttində məhv edilib. Şəmkirdə operativ müşavirə keçirən silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttini pozması ilə bağlı təxribatı pisləyərək Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək qiymətləndirib. Dövlət başçısı güclü döyüş qabiliyyətinə malik olan silahlı qüvvələrimizin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə əmin olduğunu bildirib. Prezident İlham Əliyev vəziyyətlə bağlı müvafiq göstərişlərini də verib. Kəpəz TV düşmənin təxribat xarakteri daşıyan bu addımına verilən layiqli cavab, bunu doğuran səbəblər və reaksiyaları Milli Məclis sədrinin müavini Bahar Muradova ilə müzakirə edib.
- Bahar xanım, təxribat xarakterli uçuşlar həyata keçirməklə, belə deyək, özünə quyu qazan düşmənin mövqelərimizə hücuma cəhd edən helikopterinin vurulması bəzi qurumlar tərəfindən hətta qınandı da. Baxmayaraq ki, düşmənin uçuşları Azərbaycan ərazisində və hava məkanında aparılırdı. Bu münasibəti necə qiymətləndirirsiniz?
- Ermənistanın hansı beynəlxalq təşkilata, hansı havadarına müraciət etməsindən, onları köməyə çağırmasından asılı olmayaraq baş verən hadisənin adı birdir - işğal siyasətinin davamı, özü də fəal hərbi hərəkətlərlə. Bilirsiniz ki, Ermənistan ordusu cəbhə bölgəsində genişmiqyaslı hərbi təlimlər keçirir və düşmənin hərbi hava qüvvələri, o cümlədən hərbi helikopterlər ərazimiz üzərində təhlükəli uçuşlar etməkdəydilər. Ermənistanın bu provokasiyanı törətməkdə ciddi məqsədləri var idi. Ancaq onun bu provakasiyadan nə umduğu bir yana, Azərbaycan ordusunun bir tapşırığı var, onlar Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etməlidirlər. Onlar da bu vəzifədən irəli gələn addımı atdılar və düşmənin hərbi maşını havada vuruldu. Bu, bilavasitə Ermənistanın təcəvüzkar siyasətinin nəticəsidir ki, öz hərbçilərinin həyatını təhlükəyə atmaq onların beynəlxalq aləmdə erməni maraqlarına xidmət edən təbliğat aparmasına daha yaxşı şərait yaradır.
Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlardan Ermənistanın bu cür məqsədlərinə dəstək verilirmiş kimi fikirlər gəlməkdə davam edir. Bu, bizimçün yenilik deyil. Bilirik ki, Ermənistan Qafqazda, o cümlədən Azərbaycanda maraqları olan bir çox dairələrin istifadə alətidir. Lakin kimin nə düşünməsindən, nə planlaşdırmasından asılı olmayaraq Azərbaycan dövlətinin bir planı var - Azərbaycan ərazisini düşmən ordusundan təmizləmək, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etmək, insanları öz torpaqlarına qaytarmaq. Bu vəzifəni yerinə yetirmək üçün nə addım atmaq lazımdırsa dövlətimiz o addımları atacaq.
- Bu, bir daha göstərdi ki, Azərbaycan düşmənin istənilən həmləsini istənilən şəkildə dəf etməyə və lazımi və layiqli cavab verməyə qadirdir. Və bu, xüsusilə də son illərin əldə edilən hərbi imkanları baxımından Azərbaycanın gücünü göstərmiş oldu. Elə deyilmi, Bahar xanım?
- Əlbəttə, bu, bizim həm şəxsi heyətin hazırlığı, döyüş ruhu, yüksək vətənpərvərlik hissləri, eləcə də bizim ordunun maddi-texniki bazasının yüksək səviyyədə olması və ondan məqamında və düzgün istifadə etmək imkanları ilə bağlıdır. Bu, əlbəttə ki, uzun illər səngərdə öz formalaşma, inkişaf dövrünü keçirən Azərbaycan ordusu üçün çətin olub, ancaq onlar bunun öhdəsindən gəliblər. Çünki 20 ildən artıq müddətdə həm döyüşmək, həm ordu formalaşdırmaq asan məsələ deyil. Ancaq Azərbaycan əsgəri bunun öhdəsindən gəlib. Qəhrəmanlarımızın öz canları bahasına olsa belə cəsarətlə düşmən üzərinə getməsi, hava məkanımızı pozan qüvvələrə qarşı atılan son addım da sübut edir ki, bizim ordu zamanında lazım olan addımı atmağa qadirdir.
- Burada bir məqamı da qeyd edək ki, bu da məlumatın ötürülməsi ilə bağlıdır. Düzdür, bu hadisə ilə bağlı Müdafiə Nazirliyinin rəsmi açıqlaması var idi. Və dövlət başçısının dövlət və hərbi sirlərin yayılması ilə bağlı məlum sərəncamları da var...
- Əlbəttə, bu sərəncamın yerinə yetirilməsi üçün üzərinə vəzifə səlahiyyətləri düşən bütün qurumlar, bu qurumların işini işıqlandıran media orqanları, təmas xəttinə yaxın ərazidə yaşayan Azərbaycan vətəndaşları, üzərinə müəyyən vəzifələr düşən müəssisə rəhbərləri hamısı bu sərəncamdan irəli gələn vəzifələri yerinə yetirməlidirlər. Hər bir kəs dövrümüzün nə qədər çətin və hər kəsin üzərində məsuliyyətli zaman olduğunu unutmamalıdır. Biz hər bir əsgərimizi, nəfərimizi qorumalıyıq. Bir sözlə, bu sərəncamda hər kəs üçün vəzifələr qoyulub və bu vəzifələri yerinə yetirmək hər kəsin borcudur. Xüsusilə də bu işdə mətbuatın üzərinə çox böyük vəzifə düşür. Çünki düşmən bizim informasiyalardan özünün kəşfiyyat məqsədləri üçün istifadə edir, biz bu mənada onlara fürsət verməməliyik.
- Məlum hadisə ilə bağlı rəsmi məlumatlandırma da aparıldı. Hərbi attaşelər, səfirliklər, beynəlxalq təşkilatlara bu barədə məlumatlar verildi. Siz isə ATƏT PA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri kimi qurumu hadisə ilə bağlı məlumatlandırmısınızmı və reaksiya necə olub?
- Mən düşünmürəm ki, ATƏT rəsmilərinin, o cümlədən digər beynəlxalq təşkilatların rəhbərlərinin məsələnin nə yerdə olduğu barədə dəqiq məlumatı olmasın. Mən onların dəyərləndirmələrinə münasibət bildirmişəm və xüsusilə ATƏT-in baş katibi və həmsədrlərinin bəyanatlarına münasibətimi yazılı şəkildə və mətbuat vasitəsilə ünvanlamışam. Çünki bu günə qədər münaqişənin mövcud olması və Ermənistanın bir cəzasızlıq mühitində istədiyi cinayətləri etməyə hazır olması, üzərinə təcəvüzkar bir dövlət adı və imici qoyulmasından narahat olmamasının əsas səbəblərindən biri də elə həmin beynəlxalq təşkilatların onun bu cür hərəkətlərinə dözümlülüyü və göz yummasıdır. İndi onlar bunun çox böyük risklər yaratması haqqında öz narahatlıqlarını bəyan edirlər ki, atəşkəs döyüş əməliyyatları ilə əvəzlənə bilər. Bundan indi deyil, 22 il öncə narahat olmaq lazım idi. Hətta narahat etməyibsə belə, bu müddət kifayət edib ki, onlar bu münaqişənin, status-kvonun saxlanılaraq region və dünya üçün, o cümlədən ATƏT regionu üçün hansı mənfi nəticələrə gətirib çıxaracağını təxmin etsinlər. Əgər onlar bunu təxmin etməyiblərsə və yalnız indi anlayırlarsa ki, bunlar təhlükəli məqamlardır və bunun da səbəbi kimi helikopterin vurulmasını görürlərsə, hesab edirəm ki, onlar yenə yanlış yoldadırlar. Çünki məsələnin mahiyyətinə, helikopterin vurulmasını doğuran səbəblərə münasibət bildirmək lazımdır. Və onun günahkarlarını ittiham etmək, onlara hazırki mühitdən çıxış üçün konstruktiv mövqeyə gəlmək üçün təzyiq göstərmək lazımdır. Mənim onlara müraciətimin mahiyyəti bundan ibarət olub ki, onlar gözlərini bir az da geniş açsınlar və həqiqətin, ədalətin bərpa olunması istiqamətində heç olmasa indi birincilik uğrunda yarışa çıxsınlar.