“Getmək istəmirəm, qala da bilmirəm”

Məşədi Cəfər

Müsavatçı yazarların bir zamanlar "demokratiya gerillası" kimi təqdim etdikləri politoloq, Rusiyadakı sabiq səfir Hikmət Hacızadə Müsavatda fəalliyyətini dondurub. Bunu özü bəyan edib. Deyib ki, yeni başqanın adamları Qubad İbadoğlunun tərəfdarlarından birini partiyadan çıxarıblar. Hikmət bəy deyir ki, növbəti qurban yəqin ki, özü olacaq və buna görə də partiyada fəalliyyətini dondurur. "Fəalliyyətimi dondururam" ifadəsini siyasi leksikona 1993-cü ilin yayında cəbhəçi nazirlər gətirib. Deyəsən, ilk dəfə Tofiq Qasımov dedi ki, "mən vəzifəmi dondururam". Ondan sonra bu söz populyar oldu və əksər cəbhəçilər fəalliyyətlərini dondurdular. Əslində bu qeyri-effektiv bir addım  və qərarsızlıqdan doğan çıxış yolu idi. Bu o deməkdir ki, "getmək istəmirəm, qalmağı da bacarmıram". Baş verənlərə etiraz edirsənsə, istefa verib getmək daha ağıllı yoldur. Bununla Hacızadə kimi təcrübəli siyasətçi, tanınmış QHT təmsilçisi heç nə itirməyəcək. Onsuzda indi kütləvi partiyalar dövrü tarixin arxivinə verilib. Müstəqil şəxslər də siyasətlə məşğul ola bilirlər. Məsələn, Yeganə Hacıyeva, Vidadi Mirkamal, Mehriban Vəzir, gənc fəal Bəxtiyar Hacıyev müstəqil fəalliyyət göstərirlər. Populyarlıqları heç də partiya funksionerləri Fuad Qəhrəmanlı, Səxavət Soltanlı, Razi Nurullayevdən az deyil. O zaman nədir təlaş və qərarsızlıq? Nizamnamədən kənar addımların cəzalandırılacağını 25 ilin siyasətçiləri bilmirlərmi? Madam partiya hüdudlarına sığmırsız, istefa verib getmək lazımdır. Problem yaratmağa nə hacət? Hikmət bəy partiyada fəalliyyətini dondurmaqla gözləmə mövqeyində olduğunu göstərir. Yəni "yaxşı təklif gəlsə, mən qayıda bilərəm". Bu "yaxşı təklif" də gəlməyəcək. İsa Qəmbər də geri qayıdası deyil. O halda yeganə yol ya mövcud şəraitə uyğunlaşmaq, ya da çıxıb getməkdir.   Ancaq təcrübəli şəxslərin partiyanı tərk etməsi müxalifət partiyaların xeyrinə olmayacaq. Müsavat, AXCP gərək bir çıxış yolu tapsın. Son bir ay ərzində bu partiyaları onlarla şəxs tərk edib. Əksəriyyəti də illərin sınağından çıxmış təcrübəli adamlardı. Aydın məsələdir ki, yeni sədr, başqan öz komandasını yığır. Yeni komandada hər kəsə yer olmaya bilər. Amma bu adamları atmaq da olmaz. Müsavatda yeni başqanı qəbul etməyənlər üçün hansısa bir qurum yaradıla bilər. İsa Qəmbərin rəhbərliyi ilə Ağsaqqallar Şurası və s. tipli qurum. İsa Qəmbər özünə Milli Düşüncə Strateji Araşdırma Mərkəzi yaradıb. Niyə bur qurumda təcrübəli Hikmət Hacızadəyə yer olmasın? AXCP-dən çıxanların çoxu Milli Şuraya toplaşıb. Qurumun hazırkı sədri Cəmil Həsənli bir zamanlar AXCP sədrinin müavini olub. AXCP-nin seçdiyi bu variantdan  istifadə etmək olar. Əslində Müsavatın ətrafında belə bir qurum-"Bizim Azərbaycan" bloku vardı. Bu qurumu saxlamaq,  burada müstəqil siyasətçilərin də iştirakını təmin etmək olardı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00