Ermənistanın bu təxribatı da baş tutmayacaq
İşğalçı dövlət məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyir
13 Noyabr 2014 17:03 Siyasətİşğalçı dövlət olan Ermənistan Azərbaycana qarşı məkrli siyasətini davam etdirir. Azərbaycanı gözdən salmaq, beynəlxalq ictimaiyyətə guya danışıqlar prosesinə maneə olan dövlət kimi təqdim etməkdən ötrü dəridən-qabıqdan çıxır. Erməni həyasızlığı o həddə çatıb ki, hətta münaqişənin sülh yolu ilə nizamasalınması prosesini tənzimləyən Minsk Qrupunun vasitəçiliyindən də sui-istifadə etməkdən çəkinmir. Xatırladaq ki, bir müddət öncə həmsədrlərin dəstəyi ilə Azərbaycan və Ermənistan prezidentləri, habelə hər iki ölkənin xarici işlər nazirləri problemin nizamlanmasına dair prinsipial məsələləri müzakirə ediblər. Müzakirələrin nəticəsi olaraq qoşunların təmas xəttində sabitliyin qorunması, atəşkəs rejiminin təmin edilməsi, snayperlərin geri çəkilməsi, müxtəlif təxribatlara yol verilməməsi və digər bu kimi məsələlərə dair müəyyən razılığa gəliblər. Məsələ orasındadır ki, Ermənistan tərəfi əldə olunmuş razılığa riayət etmək əvəzinə təxribat xarakterli addımlar atmaqda davam edir. Öz riyakarlığı və həyasızlığı ilə "sudan quru çıxmağa" cəhd edən işğalçı dövlət yenə də Azərbaycanı günahkar çıxarmaq niyyəti güdür. Daha dəqiq Ermənistan tərəfi Paris görüşünün nəticəsi olaraq, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə, çoxsaylı hərbi qüvvə və müxtəlif növ texnika ilə işğal olunmuş ərazilərdə, o cümlədən qoşunların təmas xəttində hərbi təlimlərə başlayıb. Həmçinin noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının hərbi hava qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterlər müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edərək atəşə tutub və uzaqlaşmağa çalışıb. Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk edib. Məhz bu olaydan sonra Ermənistan tərəfi təxribat xarakterli addımlarına müxtəlif don geyindirməklə günahkar axtarışına çıxıb. Hazırda Ermənistan və erməni lobbisi həm də informasiya təxribatına keçərək baş vermiş hadisənin məsuliyyətini Azərbaycanın üzərinə yıxmağa çalışır. Beynəlxalq və yerli ekspertlər isə tamamilə fərqli fikirdədirlər. Mütəxəssislərin ümumi qənaətinə görə, hazırkı gərginlik Ermənistanın işğalçı siyasətinin, danışıqlar prosesini yenidən pozmaq cəhdinin məntiqi nəticəsidir və mövcud vəziyyətə görə məhz Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır.
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, Soçidə, Parisdə keçirilən görüşlərdən və ABŞ-ın dövlət katibi Con Kerri ilə aparılan danışıqlardan sonra belə təəssürat yarandı ki, problemin həlli istiqamətində hərəkət vardır və səylər göstərilir ki, münaqişə həll olunsun. Ermənistan prezidenti Sarkisyan, xarici işlər naziri Nalbandyan da bəyanatlar vermişdilər ki, danışıqlardan razıdırlar. Amma errmənilərin belə vəziyyətdə tez-tez təxribatlar törətməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı qərəzli mövqe formalaşdırması, görünür, onlara çox lazım idi: " Ermənistan rəhbərliyinin məkrli siyasəti bu məqamda özünü daha qabarıq göstərir. Ermənilər belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan münaqişənin həllini istəmir. Ermənistandan soruşan lazımdır, 25 ildir ki, Azərbaycanın işğal altında saxladığın ərazilərində hərbi təlim keçirməkdə məqsədin nədir?! Əlbəttə, hamıya məlumdur ki, məqsəd birdir - Azərbaycanı qaralamaq, öz tərəfdaşları vasitəsilə Azərbaycan ilə bağlı mənfi fikir formalaşdırmaq". Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi baş verən olayla bağlı bəyənatla çıxış edib. Bəyənatda bildirilir ki, Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib, müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb: "Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün və Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır". Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib ki, Azərbaycan həbrçiləri təfərindən Ermənistan döyüş helikopterinin vululması cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılanmlıdır: "Yaranmış vəziyyət işğal edilmiş Azərbaycan ərazilərinin statusunun müəyyənləşdirilməsini və həmin ərazilərdə xüsusi hüquqi rejimin tətbiqini labüd edir. Bu baxımdan Azərbaycan hərbçilərininin döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edən Ermənistana məxsus hərbi helikopteri məhv etməsini alqışlayırıq". Millət vəkili Aydın Mirzəzadə bildirib ki, mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası silahlı qüvvələrimiz tərəfindən layiqli cavabını aldı. Bununla da Ermənistan provokasiyalarının cavabsız qalmayacağı barədə Azərbaycan tərəfinin çoxsaylı bəyanatlarının konkretliyi göründü: "Torpaqlarımızı işğal edən və onları azad etməkdən imtina edən, beynəlxalq hüquq normalarına riayət etməyən ölkə bunun özü üçün ağır nəticələrinin olacağının fərqinə varmalı idi. Ermənistan rəhbərliyi 1991-1994-cü illərin eyforiyasında ayılmalı və Azərbaycanın işğalla barışmayacağının özü üçün aydınlaşdırmalı idi. Bu gün Azərbaycan əsgəri Ermənistana yaxşı bir dərs keçdi və provokasiyalar olacağı halda növbəti addımlarını atmağa hazır olduğunu bir daha göstərdi". Ekspertlərin rəyindən də aydın olur ki, onsuzda gərgin olan vəziyyətin ağırlaşdırılmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Münaqişənin sülh yolu ilə həlli və regionda sülhün və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Alim