KXCP bələdiyyə seçkilərinə hazırlığı davam etdirir
Xəzər Teyyublu: “Partiya rəhbərliyinə daxil olan insanlar, rayon şöbələrinin sədrləri, fəallar seçkilərə qatılmaqda maraqlıdırlar”
12 Noyabr 2014 14:17 SiyasətKXCP sədrinin müavini Xəzər Teyyublu partiyanın bələdiyyə seçkilərinə hazırlığı barədə "Olaylar"-a məlumat verib. X.Teyyublu bildirib ki, bütün seçki dairələri üzrə KXCP-dən olan namizədlərin siyahısının verilməsi prosesi davam edir. Sədr müavininin sözlərinə görə, hazırda rayon şöbələri tərəfindən namizədlərin imzatoplama kampaniyası keçirilir: "Son olaraq Nərimanov seçki dairəsinə sənədlərimi təqdim etmişəm. Partiya rəhbərliyinə daxil olan insanlar, rayon şöbələrinin sədrləri, KXCP fəalları bələdiyyə seçkilərinə qatılmaqda maraqlıdırlar. Seçkilərdə KXCP üzvlərinin mandat alıb bələdiyyələrdə öz potensiallarını ortaya qoyacaqlarına ümid edirik. Bu istiqamətdə yerlərdə və rayonlarda ciddi şəkildə iştirak proseduru davam edir". Xəzər Teyyublu Ağsu və Şamaxıda KXCP namizədlərinin kiçik problemlərlə qarşılaşdığını bildirib. "Ümumilikdə isə bütün bu yöndəki fəaliyyətimiz qaydalara uyğun şəkildə qurulub. Mövcud problemlərin hamısı yerindəcə həll edilib. Bunlar çox kiçik problemlərdir" - deyə KXCP rəsmisi qeyd edib. Qeyd edək ki, KXCP bələdiyyə seçkilərində iştirak edən yeganə müxalifət partiyasıdır. ("OLAYLAR" İA)