Arif Hacılının qardaşı: “10 noyabr mitinqi Əli Kərimlinin ambisiyasının müdafiəsinə hesablanıb”

Müsavat funksioneri Mustafa Hacıbəyli Milli Şura və AXCP təşkilatçılığı ilə noyarbın 10-a təyin olunmuş mitinq barədə fikirlərini bölüşüb. M.Hacıbəyli AXCP sədri Əli Kərimlini mitinqi Milli Şuranın yeganə müxalifət qüvvəsi olduğunu sübut etmək üçün keçirməkdə ittiham edib. Müsavat funksionerinin sözlərinə görə, mitinq hakimiyyətə qarşı mübarizəyə yox, Əli Kərimlinin şəxsi ambisiyalarının müdafiəsinə hesablanıb: "Dar düşüncəli insanlar böyük məqsədlərinə çata bilməzlər. Xalq rəhbərlik etmək istəyən şəxs ən azından fədailərini öz səmimiliyinə inandıra bilməlidir. Lakin görürük ki, hər şey dar düşüncəli məqsədə yönəlib". Mustafa Hacıbəyli Müsavat partiyasının Milli Şuradan ayrılmasını Əli Kərimlinin kəmfürsət addımları ilə əlaqələndirib. M.Hacıbəyli qeyd edib ki, AXCP sədri fürsət düşən kimi müttəfiqini əzməyə çalışır: "Müsavatı hər addımında üstələmək istəyi başa düşüləndir. Lakin sonra da müxalifətin birliyindən danışır. Keçən mitinqdə İsa bəy iştirak etdi. Həmin İsa Qəmbər vaxtilə prezident seçkisində öz namizədliyini Cəmil Həsənlinin lehinə geri götürmüşdü. Amma Cəmil bəy AXCP-nin təsirinə o qədər düşüb ki, İsa bəyə salam verməyə cəsarət etmədi. Keçən il Cəmil Həsənlinin namizədliyi üçün dəridən-qabıqdan çıxmışdıq. Amma Cəmil bəyin bizə salam verməməyə cəsarətinin çatmayacağını gözləmirdik. Onlar fikirləşirlər ki, Müsavatın başı daxili çəkişmələrə qarışıb. Bundan istifadə edərək, yeganə müxalifət olduqlarını göstərməyə çalışırlar. Qənimət bunu açıq şəkildə "Azadlıq" qəzetində yazıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00