Xədicənin hüquq müdafiəçisi olmaqlığı…

Məşədi Cəfər

O gün eşitdim ki, "Azadlıq" radiosunun "Yurd"çu müxbiri Xədicə İsmayıl özünü hüquq müdafiəçisi kimi təqdim edib. Yadıma dəvəquşunun misalı düşdü. Dəvəquşuya deyirlər -uç, deyir -dəvəyəm. Deyirlər, yük dalınca get, deyir quşam. Xədicənin qəfildən dönüb hüquq müdaifəçi olması nə məqsəd güdə bilər? Jurnalistika axı bu qədər kölgədə qalan sənət deyil. Əksinə, xaricdən dəstək, qrant almaq üçün jurnalist olmaq daha sərfəlidir.  90-larda, 2000-lərdə, hətta indinin özündə bəzi siyasətçilər vardı, indi də var ki, ciblərində jurnalist vəsiqəsi gəzdirirlər. Məslənə, dostum, ADP katibi Zakir Hüseyn cibində "Hürriyyət" qəzetinin vəsiqəsini gəzdirir. Bir dəfə "JEK"-ə şikayətə getmişdik, bəy cibindən vəsiqə çıxarıb dedi ki, mən jurnalistəm ha! Yazıq "JEK" müdiri zəif səslə dedi ki, bəs, qardaş, sən axı hansısa partiyanın arifhacılısı idin, (sədr müavini yəni-müəll.) nə oldu? Ədalət Partiyasında bir qardaş vardı, siyasətdən gedənə qədər kimsə bilmədi ki, o funksionerdi, ya jurnalistdi. Müsavatın qan-qan deyən vaxtı bir redaktor vardı, 16 oktyabrda "Azadlıq" meydanının tribunasından camaata əl yelləyirdi. Ancaq ehtiyatkar igid əlində qeyd dəftəri -bloknot tutmuşdu, arada nəsə yazırdı. Bu, o demək idi ki, işdi-şayət, birdən "inqilab" baş tutmasa, deyərəm ki, mən tribunaya meydanı yaxşı görmək üçün jurnalist kimi çıxmışdım. Nə isə, "inqilab" baş tutmadı, qağamı gözünün yaşına baxmadan həbs elədilər. Onu ittiham edən hakimin yerinə olsam, soruşardım ki, yaxşı tribunaya jurnalist kimi çıxmışdın, neynək, sən deyən olsun, bəs o əl yelləmək nə idi? Molla Nəsrəddinin məşhur lətifəsində deyildiyi kimi "deyək ki, gücün çatmadı, bəs o hərəkət nə idi, edirdin". Xədicənin metodundan indi başqa cavan yazar, siyasətçilər də istifadə edir. AXCP-nin ünlü siyasi fəalları həm də jurnalist vəsiqəsi daşıyırlar. Bu günlərdə Fuad Qəhrəmanlı məktəbinin yetirmələrindən biri  facebookda yazıb ki, gənc fəallarımız "Azadlıq" qəzetində yazmağa başladılar. "Maşallah, çox istedadlı gənclərdi. Yaxşı yazırlar". Bunun başqa adı yoxdur, gənc cəbhəçi fəallara jurnalist vəsiqəsi verib, onları "media təmsilçiləri" kimi təqdim etmək istəyirlər. Ki, sabah aksiyada-filanda uşaqlar tutulsalar, onları jurnalist kimi təqdim etmək mümkün olsun. Göründüyü kimi "yurd"çular medianın gücünü, nüfuzunu yaxşı dəyərləndirir.
Milli Şuranın əsas simaları jurnalistdir. Bəlkə də Əli Kərimli özünün də cibində jurnalist vəsiqəsi var. Elə Xədicə də gah "hüquq müdafiəçisi"nə çevrilsə də, gah "siyasətçi" kimi təqdim olunsa da jurnalist vəsiqəsini atmaz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00