Ermənilərin növbəti “diplomatik” oyunu-Eldar Namazov kartı
5 Noyabr 2014 14:04 SiyasətÖtən ilin prezident seçkilərində Rusiyanın Milli Şura layihəsi və "EL" Hərəkatı ilə yenidən gündəmə gələn Eldar Namazov seçkilərdən sonrakı susqunluğunu aradan qaldıra bilib. Təbii ki, bu dəfə də o, milli maraqlarımıza zidd açıqlamaları ilə gündəmə gəlib. Məlumata görə, Eldar Namazov bu günlərdə bir araya gəldiyi erməni dostları ilə ortaq mövqe əldə edib. Azərbaycan tərəfdən Eldar Namazov və Ermənistan tərəfdən bu ölkənin sabiq milli təhlükəsizlik naziri David Şahnazaryanın hər iki ölkənin cəmiyyətinə ünvanladığı mesajda qeyd edilir ki, vətəndaş cəmiyyətləri, bütün siyasi və ictimai qüvvələr sülh prosesinin fəal iştirakçıları olmağa, zəruri güzəştlərin axtarışına başlamağa, maksimalist tələblərdən imtina etməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində öz məsuliyyətlərini üzərinə götürməyə çağırılır. Millət vəkili Sahib Alıyev bildirib ki, Azərbaycan danışıqlarda hansı "maksimalist" tələb irəli sürür və "zəruri güzəşt" deyəndə Namazova belə bir bəyanatı imzalatdıranlar nəyi nəzərdə tuturlar: "Mən bu sualı elə-belə vermirəm. Xatırladıram ki, həmin Eldar Namazovla başının dəstəsi 2010-cu ilin dekabrında Tiflisdə yenə ermənilərlə bir araya gələrək belə bir çağırışda bulunmuşdular ki, tərəflər hərbi ritorikaya, münaqişənin gərginləşməsinə yönəlmiş siyasi və informasiya aksiyalarına son qoymalı, snayperlərin təmas xəttindən dərhal çıxarılmasını təmin etməlidirlər. Eyni zamanda Helsinki Yekun Aktı əsasında münaqişənin təməl həll normalarına "ancaq sülh yolu ilə" prinsipi də əlavə olunmalıdır. Yəni ermənilərin maraqlarına nə cavab verirsə, o da edilməlidir. Snayperlər ön xətdən çəkilməlidir ki, düşmən Azərbaycan torpağında qazdığı səngərlərdə rahat oturub kef etsin. Və üstəlik Azərbaycanın da üzərinə ancaq sülh yoluyla həll öhdəliyi də qoyulur ki, əli-qolumuz bağlansın, oturub ermənilərin insafa gələcəyi günü gözləyək. Budur, Eldar Namazov diplomatiyası. Görəsən imzaladıqları bəyanatda dünya dövlətlərini tərəflərə hücum silahı satmamağa çağıran namazovçular anlamırlar ki, bununla kimə xidmət edirlər". Sahib Alıyev qeyd edib ki, erməni almaq istədiyini artıqlamasıyla alıb və hücüm silahı onun daha nəyinə gərəkdir: "Buna onun vəsaiti hardandır? Hücum silahları əldə etmək bizə lazımdır ki, danışıqlar yoluyla alınmırsa, savaşaraq torpaqlarımızı qaytarıb üstümüzdən bu ləkəni yuyaq. Bunu bilmək o qədərmi çətindir? Bax, erməni havadarları Namazov kimilərin əlilə bizə belə bir "həll variantı" sırımaq istəyirlər. Əgər bütün bu sadalananlar münaqişənin daha 20 il və bəlkə də ondan da artıq dondurulması, işğal altındakı torpaqlarda ermənilərin rahat yaşayıb qol-budaq atmaları üçün deyil, "tərəflər arasında normal atmosferin yaranmasına yol açmağa " yönəldilibsə, nədən orda heç olmasa bir neçə rayonun boşaldılması, BMT qətnaməsunə qismən də olsa əməl edilməsi kimi maddələr yoxdur. Bunlar deyək ki, bir az "mürəkkəb" məsələdir, onda işğal altında məskunlaşmaya son qoyulması, orada təbii resursların vəhşicəsinə talanmasının dayandırılması, Tərtər çayından gələn suyun qarşısının kəsilməməsi və sair kimi tələblər niyə yoxdur o bəyanatda. Nədən snayperləri ön xətdən çəkilməyə çağıran Namazov və başının dəstəsi indi erməni girovluğundakı Dilqəm Əsgərov və Şahbaz Quliyevin buraxılmalarını dillərinə belə gətirmədilər. Onlar Finlandiyada olan gün erməni qəzetləri Kaşataq adlandırdıqları Laçında məskunlaşdırdıqlarının sayının 2010-cu ildəki 8 mindən 11 minə çatdırıldığını yazmışdılar. Əgər onlar doğrudan da bizi orda təmsil edirdilərsə, nə üçün bu məsələlərə toxunulmadı, əgər toxunuldusa, birgə çağırışda niyə bu haqda bircə kəlmə də yoxdur". Millət vəkili deyib ki, nə Eldar Namazovu, nə də onunla birgə Finlandiyaya gedib belə bir bəyanatın altından imza qoyan digər azərbaycanlıları bu ölkədə heç kəs bizim adımızdan danışmağa vəkil etməyib: "Dağlıq Qarabağ danışıqlarını kimin apardığını, onun bu məsələdə necə prinsipial və qətiyyətli olduğunu hər kəs bilir. Və hər kəs onu da bilir ki, cənab Preizdentin milli maraqlara dayanan bu mövqeyi erməni havadarlarını heç də qane etmir. Ona görə də Eldar Namazov kimiləri tapıb Finlandiyaya çağırır və onlara azərbaycanlılar adından bəyanatlar imzalatdırırlar. Amma bu, Namazovun, bir də onu ermənilərlə bir stol arxasına əyləşdirənlərin mövqeləridir, azərbaycanlıların yox. Çünki biz Dağlıq Qarabağ münaqişəsinin erməni havadarlarının arzuladığı şəkildə deyil, tez və ədalətli həllini istəyirik".
Süleyman İsmayılbəyli