Müxalifətin “M”-sına dəxli olmayanlar
5 Noyabr 2014 14:02 Siyasət"Gənc dostların, illah da ki, AXCP gənclərinin mitinq fəallığını görəndə, nədənsə yaman kövrəlirəm. Mənim balalarım, qardaşlarım, Allah ürəyinizcə versin". Fikirlər Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə məxsusdur. Səmimi etirafdır. Duyğulardan süzülüb. Eldəniz müəllimin digər məşğuliyyəti ssenari yazmaqdır. Sənət adamları həssas və kövrək olurlar. Ki, o da gənclərin aldadılaraq meydanlara çıxarıldığına üzülür. O, Əbülfəz Qurbanlının teatral pafosunun, Əli Kərimlinin xəfif sıxılmış yumruğunun boşluğunun, Cəmil Həsənlinin şablonlaşmış "Azadlıq" təkrarlarının mənasızlığını dərk edir. Anladığı digər məsələ - 20 illik "siyasi mübarizə marafonu"-nda puça çıxan ümidlərin özü ilə selləmə gətirdiyi ölgünlükdür. Bir neçə Əli Kərimli fanatı gənc isə bu marafonda qocalanların təngənəfəs olmalarının fərqində deyil. Vaxtilə Cini mikrorayona gətirməyi bacaran Eldəniz müəllim gerçəkdə miflərin yalnız düşüncələrdə olduğunun fərqindədir. Lakin "Milli Şura nağılı"-na da nöqtədən, vergüldən qoyan qoca ssenarist gerçək həyat obrazı Rüstəm İbrahimbəyovu Bakıya gətirə bilmədi. Eldəniz müəllim susdu. Lakin o danışmalıydı, "...nədənsə yaman kövrəlirəm"-in arxasında duran sirri açmalıydı. Novator olmalıydı, məğlub olduqlarını etiraf etməliydi. Tribunadan sinəni yumruqlayıb "biz qalibik" deməklə deyil. Qaliblər iqtidarda, məğlublar isə müxalifətdə olurlar. Müxalifətdə olmağın da bir həddi var. Özünü "Azərbaycan müxalifəti" adlandıranların, sözün heç "M" hərfinə yaxından-uzaqdan əlaqələri yoxdur. Maykl Cekson ölənə qədər üzünü 7 dəfə dəyişdi, bizim müxalifət Əli Kərimli sifətində qaldı. Dəyişmədi. Dəyişmək məsələsi gündəmə gələn kimi 90-cı illər sarsıntısından sonra küncə-bucağa tökülüb qalmış "siyasi sınıqlar"-dan lider düzəltməyə çalışırlar. Rəhmətlik Bordellini qəbrindən çıxarıb gətirsən, heç onların cəmindən bir heykəl yarada bilməz. Darmadağındırlar. Çünki dəyişim qasırğası bütün köhnəliklərin tozunu havaya sovurub. Həmin toz dənəcikləri yağışa qarışıb yerə düşəndə palçıq kimi torpağa yapışırlar. Nə qədər çox utansan, o qədər çox hörmətin olar. Zinq Linq bəlkə də "ağıllılar döyüşməzdən əvvəl qazanırlar, cahillər isə qazanmaq üçün döyüşürlər" deməklə düz iş görmüşdü. Məğlubiyyət həyatın ən mərhəmətsiz həqiqətlərindən biridir. Etirafı çətindir. Məğlubiyyət sevimli musiqinin bitməsi kimidir, heç vaxt arxasından gələnə qulaq asmaq istəmirsən. "Mitinqdə 4 min adam gəlmişdi" kimi cümlələrlə saxta xoşbəxtliklərə sürüklənirsən. Özünü müdafiə edəcək doğruların olmur, məğlub olanda. Məğlub hisslər səbəbləri həmişə məntiqsiz fikirlərlə böyüdür. Eynən "gənc dostların, illah da ki, AXCP gənclərinin mitinq fəallığını görəndə, nədənsə yaman kövrəlirəm" kimi...
Ömər Zamin