Ziyafət Əsgərov Dağlıq Qarabağ problemi barədə məlumat verib

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Ümumçin Siyasi Məşvərət Şurasının və ÇXR-in Sülh və Tərksilah Cəmiyyətinin sədr müavini Mao Biaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Çinlə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Söhbət zamanı qonağa Dağlıq Qarabağ problemi, Ermənistanın təcavüzkar mövqeyi, ermənilərin ölkəmizdə törətdikləri terror aktları və Xocalı soyqırımı barədə məlumat verilib. İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə BMT TŞ-ın qəbul etdiyi 4 qətnamənin, həmçinin Avropa Birliyinin və Avropa Şurasının münaqişə ilə bağlı məlum qətnamələrinin yerinə yetirilməmiş qaldığı bildirilib. Dünyanın bir qism ölkələrində Xocalı soyqırımının qəbul edildiyi, bu soyqırımın digər ölkələrdə də tanınmasının vacibliyi qonağın diqqətinə çatdırılıb. Ziyafət Əsgərov deyib ki, Çin BMT TŞ-ın daimi üzvü olduğuna görə, həmin qurumun qətnamələrinin yerinə yetirilməsi istiqamətində Azərbaycana kömək edə bilər. Görüşdə Ümumçin Siyasi Məşvərət Şurasının sədr müavini Mao Biao Çin-Azərbaycan dostluğuna böyük önəm verdiklərini qeyd edib. Bildirib ki, ölkələrimiz arasında siyasi baxımdan qarşılıqlı etimad getdikcə dərinləşir. Parlamentlərimiz arasındakı əlaqələr mühüm əhəmiyyət kəsb edir. Sonra qonaq Milli Məclisin rəhbərliyini bir daha Çinə dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00