Bakıya qar yağdı... Və yenə nöqsanlar üzə çıxdı
19 Yanvar 2024 18:00 ProblemBir neçə gün əvvəl paytaxtda yağan qar nəticəsində yollarda yaranan problemlə bağlı suallarımızı nəqliyyat ekspertlərinə yönləndirdik. İl ərzində Bakıya maksimum 1-2 dəfə qar yağdığını nəzərə alsaq, qışa hazırlıq nəyə görə aşağı səviyyədə icra olunur? Yolları nəyə görə Mənzil-Kommunal Təsərrüfat Sahəsi yerinə yol polisi təmizləyirdi?
Nəqliyyat eksperti Rauf Ağamirzəyevin fikrincə, "JEK" yox, xüsusi qurumlar bu işi icra etməlidir: "İkinci məsələ odur ki, biz mülayim iqlimdə yerləşdiyimizə görə burada böyük qar, yağıntı müşahidə etmirik. Deyək ki, yağış 365 günün cəmi 90 günü yağır. O da çox nadir hallarda, bəzən quraq keçir. Qar isə son neçə ildə ümumiyyətlə yağmırdı, bu neçə ilin ilk qarı idi. Ona görə də insanlarımızda bir sevinc var idi. Digər məsələ odur ki, biz bu qeyri-stabil hava şəraitində necə və nə ilə hərəkət edirik. Şəhərimizdə ictimai, xüsusən reysli nəqliyyat daha çox təmsil olunub, indi biz hər şeyimizi avtomobilə vermişik. Bu kütləvi avtomobilləşmə adi günlərdə bir fəsaddırsa, qarlı, yağışlı günlərdə tamam fərqlidir. Amma bizdə çeşidli ictimai nəqliyyat olarsa, havaya bağlı olmadan stabil işləyərsə, inanın, havanın yağışlı, qarlı olması bizi heç maraqlandırmaz. Biz sadəcə havaya uyğun geyinərik və ona uyğun da planınızı qurarıq. Dünyanıb digər tərəflərində daha yağışlı, daha qarlı olan bölgələr var. Amma onlar bunu dərd etmirlər. Əsas məsələ A nöqtəsindən B nöqtəsinə getmək üçün şəraitimizin olub olmamasıdır. Əsas problemsə bunun olmamasından qaynaqlanır.

Sosial sahə üzrə eksert İlqar Hüseynli deyib ki, ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrində şəhər təsərrüfatının idarə olunması ən aktual, prioritet məsələdir: "Qışa hazırlıq dönəmi, payız aylarından başlayır. Əgər xatırlayırsınızsa, bir neçə il bundan qabaq duz qarışdırılmış qum kisələri Bakının müxtəlif prospektlərinin, müxtəlif ərazilərin orta hissələrində düzülürdü. Əgər qar yağarsa, hansısa fors-major vəziyyət yaranarsa, bundan qarın suya çevrilməsi, buzun əriməsi üçün istifadə edilsin. Bu nəqliyyatın hərəkətinin intensivləşməsi və sürüşkənliyin aradan qaldırılması üçün öncəlik xidmətləri idi. Amma təəssüflər olsun ki, son illər biz ümumiyyətlə, bunu da müşahidə etmirik. Bəzi informasiyalar var ki, şəhər təsərrüfatına qartəmizləyən maşınlar alınıb. Bu da görülmədi və biz yenə də əl əməyinin, bellərlə yolların təmizlənməsinin şahidi olduq. Hətta mən sizə deyim ki, bu yalnız Bakı daxilində deyil, Bakı-Sumqayıt magistralında yol kənarına toplanmış qarın idarələr tərəfindən bel vasitəsilə təmizlənməsinin şahidi oldum. Burada bir neçə faktor var. Məsələn, Moskva şəhəri bununla bağlı çox gözəl idarə olunur, Qazaxıstanın Almatı şəhəri və s. çox gözəl qışa hazırlıq prosesləri var. Faktorlar bunlardır ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat İdarəsi, yaxud bu prosesə nəzarət edən digər qurumlar tərəfindən görünür, "qış onsuz da sərt olmur" deyə bir arxayınlaşma var. Ona görə də şəhər təsərrüfatının idarə olunması ilə bağlı çox ciddi nöqsanlar yaranır. İkinci bir məsələ, ola bilsin ki, bu proseslər hamısı kağız üzərində həyata keçirilir. Tutaq ki, duz qarışıq qumun gətirilməsi, onun kisələşdirilməsi, bunlar hamısı xərc tələb edən məsələlərdir. Görünür, bununla bağlı kağız üzərində hansısa rəqəmlər var, ancaq ictimaiyyətə məlum deyil. Bu işləri həyata keçirmək üçün müəyyən sənədləşməni edirlər və belə başa düşürəm ki, burda da korrupsiya faktorları ilk ağıla gələn səbəblərdən biri kimi görünür. Ümumiyyətlə, Azərbaycanın böyük şəhərlərinin idarə olunmasında hal-hazırda ikipilləli idarəetmə mövcuddur. Biri sadəcə formal olaraq bələdiyyələrdir, hansı ki, maliyyə resurslarına, insan kapitalına əlçatanlığı yoxdur. Prinsipial olaraq Azərbaycanın böyük şəhərlərinin idarə olunmasındakı bölgü başa çatmayıb. Mənə elə gəlir ki, şəhər təsərrüfatının idarə olunması dünyanın əksər ölkələrində olduğu kimi seçkili orqanlarlarla formalaşmış bələdiyyələrin səlahiyyətlərinə verilməlidir. Onların bütün maliyyə və texniki resursları bələdiyyələrə ötürülməlidir. Çünki, bələdiyyələr ən azından seçkili bir orqandır. Hansısa seçicilər qarşısında ən azından hesabatlıdırlar. Növbəti il yenidən xalqın etimadını qazanmaq üçün onların xalqa xidmət imkan və ehtimalları da daha yüksəkdir. Bu mənada düşünürəm ki, ikili idarəetmə aradan qaldırılmalıdır. Əslində fikir versəniz, yalnız magistrallar, ara mərkəzi yollarımız deyil, həm də məhəllələrarası yolların özünə ümumiyyətlə, nəzər yetirən yoxdur. Nə vaxta qədər ki, sadaladığım bu üç problem aradan qaldırılmayıb, biz şəhər təsərrüfatının idarə olunmasında bu cür böhranlı vəziyyətlə rastlaşacağıq. Bu təbii ki, aradan qaldırılmalıdır. Bununla bağlı bizim dövlət orqanlarına kifayət qədər müsahibələrimiz olur. Təəssüf ki, bu günə qədər hansısa bir irəliləyiş yoxdur. Cənubi Qafqazın yeganə ölkəsiyik ki, onun paytaxtında hələ böyük şəhər bələdiyyəsi yaradılmayıb. Baxmayaraq ki, Azərbaycan Avropa Xartiyasına qoşulub, öz üzərinə öhdəlik götürüb, amma hələ də Bakı Şəhər Bələdiyyəsi yaradılmayıb. Bu mənada kökündən islahatlarla paytaxt Bakı şəhərinin, böyük şəhərlərin idarə olunması ilə məşqul olmalıyıq. Bu problemlər də aradan qalxmayınca, bizdə elə tıxaclar da olacaq, nəqliyyatın hərəkəti də məhdudlaşacaq, intensivlik də pozulacaq."

Sosioloq Üzeyir Şəfiyevin bu barədə fikirləri isə belə oldu:
"Paytaxtda yağış yağanda da oxşar problemlər olur. Yolları bəzən keçmək olmur, səkiləri belə su basır. Bu həm nəqliyyatın hərəkəti baxımından, həm də insanların rahatlığı cəhətdən diskomfortluq yaradır. Əlbəttə ki, bu sahə tənqidə açıq sahədir. Payız-qış mövsümü ərəfəsində həmişə müvafiq qurumlar "biz mövsümə hazırıq" kimi çıxışlar edirlər. Ancaq əfsuslar olsun ki, payız-qış mövsümündə qar, yağış yağanda küçələr, yollar keçilməz olur və bu da narahatlıq yaradır. Bu o deməkdir ki, bu məsələyə təhkim olan həmin müvafiq qurumlar ki, var, onların danışıqları ilə fəaliyyətləri düz gəlmir. Hesab edirəm ki, onların fəaliyyəti tənqidə açıqdır və haqlı olaraq, ictimai qınağa tuş gəlir. Onların fəaliyyəti ilə bağlı monitorinqlər aparılmalıdır və onlara öz fəaliyyətlərindəki məsuliyyət adekvat şəkildə dərk etdirilməlidir. İkinci növbədə, yol mühəndisliyi, yol infrastrukturu ilə bağlı məsələdə də yeni yanaşmaya ehtiyac var. Qar, yağış yağarkən yaranan çətinliklərlə bağlı müvafiq qurumlar sosial şəbəkələrdə, sosial mediada, kütləvi informasiya vasitələrində onların fəaliyyətinə edilən qınaqlara, yazılara, göstərilən münasibətə həssas yanaşmalı və bundan nəticə çıxarmalıdır. Əgər onların fəaliyyəti sosial şəbəkələrdə tənqid olunursa, demək ki, burada bir həqiqət payı var. Müvafiq qurumların fəaliyyətinə nəzarət gücləndirməli, onlardan hesabatlar tələb etməlidir. Faktiki durumu qiymətləndirərək müvafiq qurumu məsuliyyətə cəlb etməlidirlər.

Zeynəb Rzayeva