Yediyimiz zəhərə dönəndə... - ARAŞDIRMA
Keyfiyyətsiz ərzaqla qidalanan vətəndaşlar nə etməlidirlər?
12 Sentyabr 2012 23:51 ProblemMüvafiq dövlət qurumlarından hər gün satışda keyfiyyətsiz ərzaq məhsullarının aşkarlanması ilə bağlı xəbər alırıq. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar zamanı min tonlarla ərzaq satışdan çıxarılaraq məhv edilir. Yaranmış vəziyyət ortaya bir sual çıxarır: həmin istifadəyə yararsız ərzaq məhsulları satışdan çıxarılana qədər ondan istifadə edən vətəndaş, istehlakçı nə etməlidir? Təbii ki, keyfiyyətsiz ərzaq insan orqanizmi üçün təhlükəlidir. Belə olan halda vətəndaş necə rəftar etməlidir?
Qeyd edək ki, dövlət qurumları tərəfindən aparılan monitorinqlərin nəticələri qanun pozuntusu hallarının əsasən əmtəə nişanlarının təqlidi, saxta və vaxtı keçmiş malların satılması və istehlakçıların çaşdırılması formasında baş verdiyini göstərir. Bir çox halda ərzaq və qeyri-ərzaq məhsulları ilə bağlı müvafiq standartların, texniki şərtlərin və digər normativ sənədlərin tələbləri pozulur. Xaricdən ölkəmizə idxal olunan bir çox məhsulun milli dildə markalanmaması da dövlət dilinin tətbiqinə, istehlakçı hüquqlarının qorunmasına ziddir.
Xəstəlik daşıyıcıları
Mövcud qanunlar istehlakçıların öz hüquqlarını sonradan müdafiə etməsinə imkan verir. Lakin reallıqda bu kimi hallara az-az rast gəlinir. Səbəblər isə müxtəlifdir. İstehsalçıların yuxarı dairələrdə havadarlarının olmasından tutmuş, rüşvət amilinə qədər...
Vaxtı keçmiş və yararsız məhsullar arasında süd və süd məhsulları çoxluq təşkil edir ki, bu da son illər əhali arasında bir sıra heyvan mənşəli xəstəliklərin yayılmasına gətirib çıxarıb. Heyvan mənşəli stafilokok, bağırsaq çöpləri, brüsselyoz, yatalaq, dabaq, qara yara kimi xəstəliklərin yayılmasında vaxtı bu tip ərzaqların kifayət qədər rolu var.
Hər şeydən pisi isə odur ki, qanunlardakı bəzi müddəalar özü qanun pozuntularına rəvac verdiyini söyləyir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, müvafiq qanunvericiliyə görə, biznesmenlər, mağaza sahibləri satmadıqları mala görə vergi ödəməlidirlər: "Yəni mağaza sahibi malını sata bilmədiyi üçün ziyana düşməsi bir yana, üstəlik, dövlətə vergi ödəməli olur. Buna görə də bir çox halda sahibkarlar yararsız və istifadə müddəti qurtarmış malı məhv etmək əvəzinə satmaqda davam edirlər. Odur ki, mövcud qanuna dəyişiklik edilməli və sahibkarlar sata bilmədiyi mala görə vergi ödəməkdən azad edilməlidirlər".
Mütəxəssisin sözlərinə görə, digər ciddi bir problem bu günə kimi dövlətin istehlakçı siyasətinin formalaşmamasıdır: "Lakin etiraf etməliyəm ki, dövlət tərəfindən son illər istehlakçıların hüquqlarının qorunmasına diqqət artıb. 2009-cu il mayın 17-də İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə görə, əgər alıcı aldığı malı geri qaytaranda onun bu istəyi rədd edilərsə, satıcı yerindəcə 500 manat məbləğində cərimə edilir. Sevindirici haldır ki, dövlət başçısı bu sahəyə böyük diqqət yetirir. İstehlakçıların hüquqlarının qorunması ilə bağlı iki fərman imzalayıb. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb və s.
Aldanmamaq üçün nələrə fikir verək?
İlk olaraq alınan malın satış şəraitinə baxmalıdır. Məsələn, körpə qidaları 25 dərəcədən aşağı temperaturda satılmalıdır. Əgər dükana girən zaman alıcı görsə ki, orada temperatur normal deyil, etiketsiz kolbasalar, günün qabağında yumurta satılır və yaxud da mağazada "Alınan mallar geri qaytarılmır" yazısı asılıb, həmin mağazadan mal almamalıdır. Mal alarkən onun etiketinə diqqət yetirmək vacibdir. Müvafiq qanunvericiliyə görə, malın etiketində onun buraxılma tarixi, saxlanma müddəti olmalı, istehsalçı firmanın ünvanı, telefonu, rekvizitləri qeyd edilməlidir. Əgər belə etiket yoxdursa, istehsalçı bu malı almaqdan imtina etməlidir. Alıcılar diqqət yetirməlidirlər ki, məhsulun üzərindəki yararlılıq müddətini göstərən yazını əl ilə qopartmaq mümkün olmasın. Əks təqdirdə, satıcılar vaxtı keçmiş məhsulun üzərindəki yazını qopardıb yerinə malın istifadə müddəti uzadılmış yazı yapışdıra bilər.
E.Hüseynov deyir ki, narahatedici məsələlərdən biri də qanunların işləmə mexanizminin olmamasıdır. Onun sözlərinə görə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, istehlakçının almaq istədiyi malın istənilən sənədini tələb etmək hüququ var. Lakin bu gün malların 80 faizinin qiymət sənədləri yoxdur. Qiymət formalaşmasında istehlakçılar ciddi şəkildə aldadılırlar. İstehlakçının malın məişət, gigiyenik sertifikatını tələb etmək hüququ var. Lakin satılan malların əksəriyyətinin sertifikatı yoxdur. İstehlakçının malı ekspertizaya göndərmək hüququ var. Satıcılar üç gün müddətinə öz hesablarına malı ekspertiza edib istehlakçıya yazılı şəkildə cavab verməlidirlər. Lakin bu gün belə təşəbbüslə çıxış edən istehlakçının üzərinə hücumlar olunur, təhqir edilir".
Mütəxəssisin fikrincə, istehlakçıların hüquqlarının qorunmasını təmin etmək üçün dövlət ilk əvvəl ölkənin istehlakçı siyasətini formalaşdırmalı, istehlakçının səsinin eşidilməsini təmin etməli, bütün ticarət şəbəkələrində şikayət və təkliflər kitabları qoyulmalıdır. Eyni zamanda əhali arasında geniş maarifçilik işləri aparılmalı, həm istehsalçılara, həm də istehlakçılara hüquqları və vəzifələri ilə bağlı məlumatlar verilməlidir.
İstehlakçı hüquqları, istehsalçı vəzifələri
Qeyd edək ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna görə, hər bir istehlakçı aldığı malları, işləri, xidmətləri və onların istehsalçısını, icraçısını, eləcə də satıcısını sərbəst seçə bilər. Onlar istehlak olunan mal, iş, xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq, onların miqdarı, çəkisi, çeşidi, mənşəyi, keyfiyyəti və qiyməti haqqında dolğun və düzgün informasiya əldə etmək, aldıqları saxta məhsula görə düşdüyü ziyanın ödənilməsini tələb etmək, öz hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər.
İstehsalçıların öhdəliklərinə gəlincə, müvafiq qanunvericiliyə görə, hazırlanan ictimai iaşə məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin vaxtaşırı müvafiq səlahiyyətli orqanların laboratoriyalarında analizlərdən keçirilməsi təmin edilməli, nəticələrdən asılı olaraq müvafiq tədbirlər həyata keçirilməlidir. Ərzaq xammalını, köməkçi materialları, hazır məhsulları obyektə mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, gigiyenik, uyğunluq, fitosanitar, baytarlıq sertifikatları və s.) əsasında qəbul etməlidir. İctimai iaşə obyektlərində məhsulun hazırlanması və digər məqsədlər üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə və gigiyena normalarına cavab verən isti və soyuq suyun olmasını təmin etməli, alıcının müstəqil və ya obyektin işçisinin köməkliyi ilə aldığı ictimai iaşə məhsulunu həcmini (çəkisini) yoxlamaq üçün görünən yerdə nəzarət ölçmə vasitələrinin yerləşdirilməsini təmin etməlidir. Ölçü vasitələrinin isə vaxtaşırı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən metroloji yoxlamadan keçirilməsi təmin olunmalıdır. Sahibkar ictimai iaşə məhsullarını lazımi şəraitdə saxlamaq üçün obyekti soyuducu və digər zəruri avadanlıqlarla təchiz etməli, xidmət zalında temperaturun və nəmliyin tənzimlənməsi üçün optimal havalandırma sisteminin qurulmasını təmin etməlidir. Lazımi keyfiyyətdə olmayan məhsul eyni növdə (çeşiddə) keyfiyyətli məhsulla əvəz edilərkən və ya yenidən hazırlanarkən qiymətlər dəyişdikdə, məhsulun dəyərini göstərilən məhsulun alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablayaraq əvəz edilməsini və ya yenidən sifarişin alınmasını təmin etməli, məhsulların əvəz olunması ilə əlaqədar istehlakçıya dəyən zərərin tam ödənilməsini təmin etməlidirlər. azadinform.az