100 ilin paradı
Züleyxa NADİR Bəzən elə məqam olur ki, insanın sinəsi həyəcanla dolur, ürəyi coşqunluqla çırpınır. Həmin məqamda gözəl sevinc duyğusu, böyük qürur hissi xoş bir qəhər gətirib səssiz axan göz yaşlarına səbəb olur.
28 İyun 2018 14:15 OrduZüleyxa NADİR
Bəzən elə məqam olur ki, insanın sinəsi həyəcanla dolur, ürəyi coşqunluqla çırpınır. Həmin məqamda gözəl sevinc duyğusu, böyük qürur hissi xoş bir qəhər gətirib səssiz axan göz yaşlarına səbəb olur. O məqamda ürək sürətlə çırpındığından həmin göz yaşlarını silməyə insanın əli qalxmır. Bir də o zaman ayılır ki, hönkürtü səsi qulağını deşir. Bu səs özünün səsi olur!
Əminəm ki, bu, tanıdığım və tanımadığım insanların hər birinin həyatında olub. Bu hissi mən də yaşadım - iki gün əvvəl, iyunun 26-da, Silahlı Qüvvələrin 100 illik bayram paradının keçirildiyi saatlarda. Parada getməmişdim, Azadlıq Meydanında deyildim, evdə televiziyadan izləyirdim. Amma o təntənənin möhtəşəmliyinə, mənzərənin gözəlliyinə o qədər aludə olmuşdum ki, özümü meydana toplaşan tamaşaçıların arasında hiss edirdim.
Mən sovetlər zamanında doğulub böyümüş, oxumuş adamam. O dövrün pisinə də, yaxşısına da bələdəm. SSRİ-də keçirilən paradlarla bağlı yaddaşıma hopan xeyli nüanslar var. Özüm də bir neçə paradın iştirakçısı olmuşam. Universitetdə oxuyanda bir ay əvvəldən bizi parada hazırlayırdılar, günlərlə, həftələrlə indiki Azadlıq Meydanında məşq proseslərinə cəlb olunurduq. O zamanlar bu hazırlığa "marşirovka" deyirdilər, bizi zorla aparırdılar, könülsüz iştirak edirdik. Bəzən də qaçıb rayona gedirdik ki, Bakıda olmayaq. Eləö vaxtlarda şəhərli tələbələr bizim də yerimizə əzab çəkib "yükümüzü" daşımalı olurdular.
Ona görə də həmin paradların təntənəsini qəlbimizə hopdura bilmədik. Lenin meydanında payızın soyuğunda, qışın şaxtasında, yayın qızmarında atdığımız addımların, səsləndirdiyimiz standart şüarların fərəhini yaşamadıq. "Ura" səsləri bizi üşütdü, yandırdı, ən yaxşı halda qıcıqlandırdı. Sovet əsgərlərinin meydandakı nizamlı yerişi, döyüş maşınlarının səsi, nəhəng tankların gurultusu, təyyarələrin uğultusu, silahların görüntüsü ürəyimizi dağa döndərmədi. Amma həmin uğultu, gurultu, görüntü 1990-ci ilin yanvarında ürəyimizi parçaladı. Nə yaxşı ki, paramparça olmuş ürəyimizin bərpasına nail olduq, hər tərəfə səpələnmiş tikələrini tapıb yerinə qoya bildik, qısa müddədtə sağaldıq, ayağa durduq. Və bu gün dünyaya meydan oxumaq gücünü topladıq.
Həmin güc 26 iyunda Azadlıq Meydanında nümayiş olundu. Bu, ədalətsiz dünyanın güc sahiblərinə bir mesaj idi! Bu, kar - kor olmuş dünyaya çağırış idi! Bu, müstəqil Azərbaycan dövlətinin səsi idi! Bu, Azərbaycan adlı məmləkətin var olduğunun təntənəsi idi! Bu, hər bir Azərbaycan vətəndaşının qəlbinin fərəhlə döyünməsinə, ürəyinin dağa dönməsinə səbəb olan yaşantılar idi! Bu, Vətən müqəddəsliyininin toxunulmaz olduğuna işarə idi! Bu, Azərbaycanın Silahlı Qüvvələrinin qələbəyə gedən yolu idi!
Bu, AZƏRBAYCAN idi!
Bu, 100 ilin PARADı idi!
100 ilin paradı 100 ildi yol gəlirdi. 100 il əvvəl əsası qoyulan Silahlı Qüvvələrimiz 100 il sonra özünün möhtəşəmliyi ilə bir təntənə yaratdı. Həmin gün Azadlıq Meydanındakı tribunanın önündən nizami yerişlə keçən minlərlə əsgər və zabiti, 240-dan çox hərbi texnikanı, 70-dən artıq uşuç vasitəsini, eləcə də ən müasir zirehli texnika, raket və artilleriya qurğularını, hava hücumundan müdafiə sistemlərini, helikopterlər, pilotsuz uçuş aparatlarını təkcə Azərbaycan xalqı deyil, həm də Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə izlədi.
Həmin gün paytaxtın Baş Meydanı başlardan ucada dayandı. Səmada ucan üçrəngli Bayrağımız başımızın üstündə qanad gərdi, cövlan etdi. Nə gözəl görütü idi! Heç bir zaman unuda bilməyəcəyim daha bir görüntü isə indi bu sətirləri yazanda da gözlərimin önünə gəldi: səmada göstərilən aviaşou Azərbaycan pilotlarının məharətinin, ustalığının bir parçası idi. Hərbu hava qüvvələrimizin şahinləri yaşıl, qırmızı, göy rənglə BAYRAQ görüntüsü yaratdılar. Təyyarələr uzaqlaşandan sonra Azərbaycan səmasında, Xəzər dənizinin üzərində bir-birinə qarışmış rənglər sanki, bir simfoniya yaratdılar. Al-əlvan boyalı həmin ahəng insanın gözünün işığını artırırdı.
İşığın sönməsin, Azərbaycan!
Bütün bu sadaladıqlarımı və bu məqamda yaza bilmədiyim, amma hələ də yaşadığım hissləri 26 iyunda canıma-qanıma hopdurdum, göz yaddaşıma köçürdüm. Göz yaddaşıma köçürdüyüm daha bir məqamı isə yazmadan keçə bilmirəm. Ki... o an, o baxış, o görünüş paradın möhtəşəmliyi qədər riqqətli idi. O, bir ANAnın, bir qadının üzündəki təşviş, gözündəki həyəcan idi. O ana, o qadın Mehriban Əliyeva idi - Azərbaycan prezidentinin həyat yoldaşı, ölkənin birinci ledisi, dövlətin birinci vitse-prezidenti. Şahinlərimizin havada göstərdiyi riskli tryukları tribunadan izləyən prezident İlham Əliyevin gözlərində nə qədər xoş bir gülüş, üzündə bir təbəssüm, simasında qürur var idisə, Mehriban xanımın eyni hisslərlə yanaşı, həm də səmaya zillənmiş gözlərində o qədər təşviş, həyəcan var idi. Həmin anda o bütün vəzifələrdən ucada dayanan bir ANA idi. Azərbaycan əsgərlərinin, Vətən oğullarının məsuliyyətini çiyinlərində daşıyan QADIN idi. Nə xoş Azərbaycan anasına, nə xoş Azərbaycan qadınına!
Əslində yazıya elə bu gözəl notlarla, xoş duyğularla da nöqtə qoya bilərdim. Amma iki gündü demək olar ki, içimi didən bir məsələni yazmamaqdan özümü saxlaya bilmirəm. Bu, paradı şərh edən Abdulla Qurbaninin səsi, diksiyası, nitqidi. Polkovnik Abdulla Qurbani uzun illərdi Müdafiə Nazirliyinin vətənpərvərliklə bağlı tədbirlərinin aparıcısı, bəlkə də təşkilatçısıdı.Təşkilatçı kimi sözüm yoxdu, nə qədərini edib, ortaya nələrisə qoya bilib, nəticə ürəkaçan olub... bunu nazirliyin rəhbərliyi daha yaxşı bilir. Amma 100 illik bir təntənənin möhtəşəmliyini çiyinlərinə götürmək 60 yaşlı Qurbaninin gücündə deyildi.
Doğrudanmı bu paradın təşkilatçıları bilimirlər ki, bir il əvvəl Müdafiə Nazirliyindən yaşla bağlı istefaya göndərilən polkovnik Abdulla Qurbanidən də savadlı, mükəmməl biliyə malik, gözəl səsi, diksiyası, nitqi olanlar bu ölkədə çoxdu? Sadalaya bilərəm, onları hər kəs tanıyır. Doğrudanmı təşkilatçılar həmin levitansayağı səs sahiblərini tapa bilməyiblər? Doğrudanmı anlamayıblar ki, hərbi paradın görüntüsünü səsləndirən şərhçinin nitqindəki kamillik, möhtəşəmlik tədbirin təntənəsini ikiqat artırır? Məncə, bilirlər. Ən azından, keçmiş SSRİ-nin Levitan təcrübəsi var, bunu xatırlamalı idilər.
100 ilin paradının, 100 illiyin bayramının təntənəsi, möhtəşəmliyi hələ daha 100 il danışılacaq, şərh ediləcək, araşdırılacaq, yazılacaq. Amma əminəm ki, bütün bu xoş auranın içində xoş olmayan "Abdulla Qurbani məqamından" kimsə razı qalacağını dilə gətirməyəcək, yazmayacaq...
Bayramın mübarək, AZƏRBAYCAN!
100 illik doğuşun mübarək, Vətən!