Azərbaycan Ordusu paradla özünün malik olduğu gücü nümayiş etdirir
25 İyun 2018 13:13 OrduDeputat: "Biz bir daha hərbi gücümüzü düşmənə və dünyaya təqdim edəcəyik"
Azərbaycan Respublikası Silahlı Qüvvələri günü - Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram. İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıb. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siya- sətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi. Lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi. Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş əraziləri düşməndən azad etməli, ölkənin ərazi bütövlüyünü qorumalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Yeri gəlmişkən xatırladaq ki, iyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar Bakıda hərbi parad keçiriləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Azərbaycanda əvvəllər keçirilmiş hərbi paradları xatırladıb: "Həmin paradlar çox yüksək səviyyədə təqdim edilib. Mən tamamilə əminəm ki, Ordumuzun 100 illiyi ilə bağlı keçiriləcək parad da özünün bütün tərəflərinə, parametrlərinə görə yüksək səviyyədə baş tutacaq. Azərbaycanın ildən-ilə hərbi sahədə qüvvətlənir, Ordumuzun döyüş qabiliyyəti artmaqla bərabər, həm də onun texniki təchizatında uğurlara imza atılır. Azərbaycanın istehsal etmiş olduğu müdafiə xarakterli silahlar, beynəlxalq səviyyədə tanınmış şirkətlərdən almış olduğumuz hərbi texnikalar ölkəmizin güclü bir dövlət olduğuna diqqət çəkir. Təsadüfi deyil ki, hərbi ekspertlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu içərisində qiymətləndirirlər. Hesab edirəm ki, Müdafiə Nazirliyinin bu istiqamətdəki fəaliyyəti çox yüksək səviyyədədir. İyunun 26-da baş tutacaq hərbi parad Azərbaycanın qürur mənbəyi kimi hər birimizdə sevinc doğuracaq. Heç şübhəsiz ki, işğalçı Ermənistana çox ciddi siqnal olacaq. Əminəm ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı qısa zaman kəsiyində azad edəcək. Bununla da Azərtbaycanın dövlətçilik tarixinə şanlı səhifə yazılacaq". Deputat bildirib ki, hərbi paradlar bir qayda olaraq dövlətin gücünün nümayişi kimi izah olunur: "Bu paradın həm də ən böyük əhəmiyyəti işğal olunmuş torpaqlarımızla əlaqədar həm dünyaya, həm də işğalçı dövlətə Azərbaycan Ordusunun gücünün bir daha nümayiş etdirilməsidir. Bizim üçün bu paradın ikiqat böyük əhəmiyyəti var. Çünki bu paradla biz işğalçı ölkəyə və onun arxasında duran qüvvələrə öz gücümüzü nümayiş etdiririk və ciddi mesaj veririk ki, əgər işğal olunmuş torpaqlarımız sülh yolu ilə azad olunmazsa, Ordumuzun gücündən istifadə etmək bizim müstəsna hüququmuzdur". Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas qeyd edib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyilə əlaqədar Bakıda möhtəşəm parad keçiriləcək: "Bu paradın keçirilməsinin bir vacib cəhəti odur ki, insanlarda ruh yüksəkliyi yaranır. Ordumuzun hansı səviyyədən hansı səviyyəyə gəlib çatdığı hamı tərəfindən görüləcək. 1990-cı illərdə Ordumuz könüllülərdən ibarət idi. Hətta könüllülər silah-sutsatı ciblərinin puluna alırdılar. Amma indi Ordumuzun balansında ən müasir və yüksək səviyyədə silah-sursat var. Azərbaycan Ordusu regionun ən güclüsüdür. Həmçinin, dünyanın ən güclü orduları sırasındadır". Deputat bildirib ki, təyyarələrin paradla bağlı məşqinə baxanda fəxr hissi duyur: "Mən bundan ləzzət alıram. Hələ buna parad zamanı baxanlar görün necə ləzzət alacaqlar". Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib ki, paradla Azərbaycan Ordusu özünün malik olduğu gücü nümayiş etdirir: "Təbii ki, bizim hərbi gücümüzü görüb ağlı yerində olan, ayıq başla fikirləşməyi bacaran düşmənlər və onların havadarları bundan nəticə çıxartmalıdırlar. Ağlı olmayanlar da bu yaxın vaxtlarda hərbi gücümüzün zərbəsini dadacaqlar. Necə ki, 2016-cı ildə Aprel döyüşləri və bu yaxınlarda Naxçıvan istiqamətində başa salındılar. Ancaq onlar başa dümürlər və qanmırlar. Hesab edirəm ki, onlar daha güclü zərbələr almalıdırlar. Biz bir daha bu paradla hərbi gücümüzü düşmənə və dünyaya nümayiş etdirəcəyik".
Alim