25 illik inqilabi addım...

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Heydər Əliyev.

Azərbaycan Respublikası müstəqilliyimizin əldə olunması, qorunması və möhkəmlənməsi yolunda ağır sınaqlardan keçməli olmuş, bu tarixi proses dövlət quruculuğu, siyasi, sosial-iqtisadi, mədəni həyat sahələrində ölkəmizə böyük təcrübə və uğurlar qazandırmışdır.

Yazının əvvəlində  mərhum ümummilli liderimizin sitatını qeyd etməyim heç də təsadüfi deyil, çünki indi günümüzdə ölkəmizin inkişafı, strategiyası və bu strategiyanın digər vacib sahələrlə aspekt qurması məhz onun adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycana 1969-cu ildə birinci dəfə rəhbərlik etməyə başlayanda respublika iqtisadiyyatının bütün sahələrində, o cümlədən neft və qaz sənayesində vəziyyət ürəkaçan deyildi. Respublika irəliləmək, inkişaf etmək əvəzinə geri gedirdi. Bu gerilik özünü neft və qaz sənayesində qabarıq şəkildə göstərirdi. İşi belə qoymaq olmazdı. Çünki respublikanın iqtisadi və sosial inkişafı neft sənayesindəki vəziyyətlə bağlı idi və ulu öndərimiz bunu gözəl bilirdi.

1994-cü ildə "Əsrin müqaviləsi" imzalanarkən bəziləri bu uğurun gerçəkləşməsinə inanmırdı və hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Əslində bir çox dövlətlərə bu nəhəng layihənin reallaşması sərf etmirdi, çünki onlar çox gözəl anlayırdılar ki, talançılar tərəfindən iqtisadi cəhətdən çökdürülmüş, sərvəti həyasızcasına dağıdılmış bir ölkənin  yenidən dirçəlməsi, sabah onlara meydan oxumaq demək idi. Digər tərəfdən isə layihənin həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda da, siyasi və coğrafi-siyasi məsələlər öz həllini tapmalı idi. Təsəvvür edin ki, Qarabağ müharibəsindən yenicə çıxmış və hələ də müharibə şəraitində yaşayan bir ölkə üçün bu inqilabi addımı həyata keçirmək necə çətin idi...

Bu imkanı reallığa çevirən isə ulu öndər Heydər Əliyevin ideya məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasıdır. (Azərbaycan neftinin şöhrətinin özünə qayıtması məhz ulu öndərin adı ilə bağlıdır. O özgələrinin caynağında olan Milli Sərvətimizi Azərbaycana qaytardı və "Azərbaycan torpaqlarında yatan sərvət Azərbaycanındı" dedi).

Digər tərəfdən, "Əsrin müqaviləsi" sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə, Azərbaycan dövlətinin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. "Əsrin müqaviləsi" Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı.Biz dünyaya sübut etdik ki, talançılar nə etsə belə biz millət olaraq lazım gələrsə, küldən də bir daha dirçəlməyə qadirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarından birində Azərbaycanın neft strategiyası ilə bağlı maraqlı fikir bildirib: "Azərbaycan qədim neft dövlətidir. Dünyada ilk dəfə sənaye üsulu ilə neft XIX əsrdə Azərbaycanda hasil edilmişdir. XX əsrdə isə, ilk dəfə olaraq, dünyada dəniz yataqlarından neft yenə də Xəzər dənizində, Azərbaycanda hasil edilmişdir. Ancaq 1990-cı illərin əvvəllərində yaranmış vəziyyət, əlbəttə, o qədər də ümidverici deyildi. Ölkə çox böyük çətinliklərlə üzləşmişdi və Azərbaycanın, ümumiyyətlə, uzunmüddətli inkişaf perspektivləri çox qaranlıq idi... 1994-cü ildən bu günə qədər Azərbaycan, bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də çox uğurlu və şərəfli yol keçmişdir. Qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilmişdir. Planlaşdırdığımız bir dənə də layihə yarımçıq qalmamışdır. Biz bütün layihələri icra etdik...

"Əsrin müqaviləsi" demişkən, adıçəkilən nəhəng layihənin reallaşmasından sonra bir müstəqil ölkə kimi suveren fondların yaranmasında ehtiyac duyuldu. Əsas missiyası neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı  Azərbaycanın əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin etmək əsas şərt kimi tutularaq, Heydər Əliyevin  29 dekabr 1999-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edilir.

Artıq 25  ilə yaxındlr ki, Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasına və bərpasına istifadə olunur.

2001-2008-ci illərdə Neft Fondunun ümumilikdə 7 milyard 12,7 milyon manat məbləğində vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və yenidən qurulması üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilmiş və dövlət büdcəsinə transfert edilmişdir.

2001-2008-ci illərdə Neft Fondunun ən ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin sosialməskunlaşma məsələlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 522,9 milyon manat məbləğində vəsaiti istifadə olunmuşdur. Bu vəsaitlər hesabına qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin tikintisi işləri həyata keçirilmişdir. Azərbaycanın müxtəlif ərazilərində 32 qəsəbə, o cümlədən 1595 yaşayış evi, sosial-məişət və digər obyektlər tikilərək, qaçqın və məcburi köçkünlərin istifadəsinə verilmişdir.

2002-2006-cı illərdə 297,8 milyon manat və ya 312,6 milyon ABŞ dolları məbləğində vəsait Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) layihəsində Azərbaycanın iştirak payının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. Kəmər istifadəyə veriləndən sonra Azərbaycan dövləti üçün çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi imkanı yaranmış və eyni zamanda ölkənin tranzit potensialı bir neçə dəfə artmışdır.

2008-ci ildə BTC kəmərinin fəaliyyəti üzrə Neft Fonduna 119,6 milyon ABŞ dolları və yaxud 97,3 milyon manat məbləğində divident ödənilmişdir.

2006-cı ildən başlayaraq neft gəlirlərinin bir hissəsi, eyni zamanda, su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilir və Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərinin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından paytaxta su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur. Bu layihələrin reallaşması neft strategiyasının məntiqi davamı kimi qəbul edilir. 2006-2008-ci illərdə Dövlət Neft Fondunun büdcəsi çərçivəsində bu layihəyə 427,5 milyon manat vəsait yönəldilmişdir. Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrinin işlədilməsi nəticəsində Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması və beləliklə də əhalinin fasiləsiz olaraq yüksək keyfiyyətli su ilə təmin edilməsidir.

Dövlətimiz təhsilə böyük önəm verdiyi və hər zaman diqqətdə saxladığı üçün fond tərəfindən 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 9,6 milyon manat yönəldilib.

Bundan başqa, 2013-cü ildən etibarən Neft Fondu tərəfindən Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiberoptik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsində, habelə Neft-qaz və Neft-kimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi, Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi, TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsində əvəzsiz rolu olub.

2003-2020-ci illərdə ARDNF tərəfindən dövlət büdcəsinə ümumilikdə 112,14 milyard manat vəsait transfer edilmişdir. 2020-ci ildə ARDNF tərəfindən məcburi köçkünlərin sosial-məişət və məskunlaşdırılması ilə bağlı tədbirlər, 2019-2023-cü illərdə Azərbaycan Respublikası ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılması üzrə Dövlət Proqramı maliyyələşdirilmiş, dövlət büdcəsinə transfer edilmişdir, eyni zamanda ARDNF-in idarə edilməsi ilə bağlı xərclər təmin edilmişdir. ARDNF-in büdcəsindən bu istiqamətlər üzrə ümumilikdə 12 425,3 milyon manat (7 308,8 milyon ABŞ dolları) məbləğində vəsait ayrılmışdır. 2020-ci ildə ARDNF-in büdcəsindən dövlət büdcəsinə köçürülmüş transfer məbləği 12 200,0 milyon manat və eyni zamanda ümumi büdcə xərclərinin 98,2 %-ni təşkil etmişdir. 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 681,7 milyon manat təşkil etmiş və bunun 12 200,0 milyon manatı və yaxud 49,4 %-i ARDNF tərəfindən transfer edilmişdir. Transfer dövlət büdcəsi xərclərinin (26 416,3 milyon manat) 46,2%-ni təşkil etmişdir. 2003-2020-ci illərdə dövlət büdcəsinə, ümumilikdə ARDNF tərəfindən 112,1 milyard manat və yaxud 106,9 milyard ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Bu dövr ərzində ARDNF-in cəmi büdcə xərcləri 126,0 milyard manat olmuş və transfertlər bu xərclərin 89,0%-ni təşkil etmişdir. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" layihəsi ARDNF tərəfindən 2001-ci ildən başlayaraq maliyyələşdirilməkdədir. 2001-2020-ci illər ərzində ARDNF-in büdcəsindən ümumilikdə bu tədbirlərin maliyyələşdirilməsi məqsədilə 2 702,7 milyon manat vəsait xərclənmişdir. O cümlədən hesabat ilində ARDNF tərəfindən qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 200 milyon manat vəsait ayrılmışdır. ARDNF-dən ayrılmış ümumi vəsait hesabına 40 392 ailə üçün fərdi evlərdən ibarət 76 qəsəbə, habelə hündürmərtəbəli binalardan ibarət 25 məhəllə və bir çox sosial-infrastruktur obyektləri tikilmişdir. 2020-ci ildə qeyd edilən tədbirlər çərçivəsində 3 məhəllə və 4 qəsəbədə 3 640 məcburi köçkün ailəsi üçün mənzillər və fərdi evlər tikilmiş və ailələr həmin mənzillərə köçürülmüşdür. Bundan əlavə, 7 məktəb, 3 uşaq bağçası, 2 tibb məntəqəsi, 2 icma mərkəzi, 3 inzibati bina, 2 artezian quyusu, 19 su anbarı, 13 nasos stansiyası, 27 yüksəkgərginlikli iri və kiçik transformatorlar, 2 elektrik yarımstansiyası, 33,5 km avtomobil yolları, 106,6 km içməli su xətti, 114,5 km elektrik xətləri, 57,6 km qaz xətti və 14,7 km kanalizasiya sistemi olan sosial-mədəni infrastruktur obyektlərin tikintisi tamamlanmışdır. Bu maddə üzrə xərclər ARDNF-in 2020-ci il üzrə ümumi büdcə xərclərinin 1,6%-ni təşkil etmiş və 2019-cu il səviyyəsində olmuşdur.

Habelə, 44 günlük müharibənin nəticəsi olan tarixi Zəfər çaldıqdan sonra ölkənin bütün diqqəti və gündəmi Qarabağa Qayıdış proqramını sürətlə həyata keçirməkdir. Şübhəsiz ki, bu layihələrinin reallaşmasında da ARDNF-nin əvəzsiz rolu var.

 Yarandığı gündən Azərbaycanın inkişafına və tərəqqisinə xidmət edən Dövlət Neft Fondunun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qazandığı uğurlar bu qurumun hələ uzun illər xalqımıza sədaqətlə xidmət edəcəyini deməyə əsas verir.

Aysel Oğuz

Yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31