Gedirsən kişi məclisinə, oturursan kişilərlə diz-dizə... - Meyxanaçı Samirə
6 Oktyabr 2021 19:07 Musiqi"Gedirsən kişi məclisinə, oturursan kişilərlə diz-dizə, meyxana deyirsən. El qınağıdır. Mən bu qınağa tuş gəlmək istəmirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Samirə həmkarı Mehman Əhmədlinin ittihamlarına münasibət bildirərkən deyib. O, kimlərinsə artıq-əskik sözlərini eşitmək istəmədiyini bildirib:
"Çox danlanıram, mənim artıq o yaşım deyil ki, kimlərinsə artıq-əskik sözlərini eşidim. Bunlar xoşuma gəlmir. Bütün bunları düşənəndə hesab edirəm ki, konservatoriyaya xəyanət edirəm. Xalq artisti Əlibaba Məmmədov mənim müəllimim olub, potensialımı bilir. Görürəm ki, musiqisevərlər get-gedə məni müğənni kimi görmək istəmirlər. Kimsə məni toya dəvət edəndə deyir ki, "bəyəm Samirə müğənnidir ki, onu toya çağırırsınız? Meyxanaçıdır". Mehman Əhmədliyə böyük hörmətim var, biz bir yerdə məclislərdə olmuşuq və olacağıq da. Ünvanıma nə deyibsə, desin, onun dediyinə qarşı da çıxmaram. Amma bütün meyxana deyənlər bilsin ki, Samirə meyxanadan qabaq daha çox pul qazanırdı, nəinki meyxana ilə. Bu faktdır. Samirə meyxanadan sonra maşın almayıb, meyxanaya gələndə artıq onun maşını vardı. Hər şeyim vardı".
Meyxanaçı Samirə bildirib ki, zamanında onun oxuduğu toyların qarşısında heç kim dayan bilməzdi:
"Mənim böyük mahnı repertuarım var. Bilmədiyim mahnı yoxdur, retro mahnılar, muğamlar və s. bir sözlə Azərbaycan incəsənətini çox gözəl bilirəm. Mən özümü meyxanaçı kimi görmürəm, çünki meyxanaçı deyiləm, sadəcə həvəskaram. Sənətkarların yanında özümə meyxanaçı deməyim gülünc görünür. Mehman Əhmədli, Oqtay Kamil, Rəşad Dağlı, Vüqar Əbülov, Ağamirzə, Kərim və s. bunların yanında meyxanaçı deyiləm, həvəskaram və sadəcə meyxana deməyi bacarıram. Qadınlar arasında meyxana deyən olmadığından meyxana deyən sənətkar ola bilərəm və varam da. Ali təhsilli müğənniyəm mən".
Qeyd edək ki, Mehman Əhmədli meyxanaçı Samirənin ünvanına ittihamlar səsləndirib. O, "Samirə xanım deyir ki, meyxanadan uzaqlaşıram, çünki meyxana "Qızıl Fond"da qalmayacaq. Amma unutmasın ki, neçə illər idi müğənnilik edirdi, "toylar kraliçası" adını almışdı, amma heç Samirəni yolda-irizdə, orada-burada tanıyan yox idi. Yəni çox az adam tanıyırdı və məşhur deyildi. "Qızıl Fond"da qalan mahnıları ilə onu heç kim tanımırdı" deyə bildirib.