Yer kürəsi nəfəs ala bilmir:Təbiət siqnal verir?
18 İyul 12:33 MüsahibəAmin Məmmədov: "İqlim dəyişikliyi qlobal problem olaraq təkcə insan fəaliyyəti ilə yox, həm də təbii proseslərlə bağlıdır. Anomal istilər, quraqlıq, daşqınlar, ərzaq və su qıtlığı - bunlar artıq gələcəyin yox, bu günün reallıqlarıdır.Əgər ciddi tədbirlər görülməzsə, yaxın onilliklər ərzində iqlim dəyişikliyinin sosial və iqtisadi fəsadları daha da kəskinləşə bilər."
Artıq heç kim inkar etmir: iqlim dəyişir - həm də sürətlə. Hər il yeni istilik rekordları qeydə alınır, buzlaqlar əriyir, su ehtiyatları azalır, quraqlıq və daşqınlar daha geniş əraziləri əhatə edir. Əgər vaxtında tədbir görülməzsə, bu prosesin nəticələri təkcə təbiət üçün yox, bəşəriyyət üçün də faciəvi ola bilər.
Mövzu ilə bağlı suallarımızı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov cavablandırdı:
- Amin müəllim, Sizcə iqlim dəyişikliyi normal təbii prosesin nəticəsidir, yoxsa daha çox insan fəaliyyəti ilə bağlıdır?
- İqlim dəyişikliyi həm təbii proseslərlə, həm də antropogen - yəni insan fəaliyyəti ilə bağlıdır. Əslində, bu prosesin yalnız bir səbəbə bağlanması düzgün olmazdı. Mütəxəssislərin fikrincə, təbii amillərin rolu daha böyükdür - məsələn, bəzi hesablamalara əsasən, iqlim dəyişikliyinin 70-90%-i təbii faktorlarla, 10-30%-i isə insan fəaliyyəti ilə bağlıdır. Bununla belə, bəzən beynəlxalq siyasi dairələr iqlim dəyişikliyini yalnız insan faktoruna bağlamağa çalışır. Bu yanaşmanın arxasında müəyyən siyasi və iqtisadi maraqlar, eləcə də bəzi dövlətlərə təzyiq göstərmək məqsədləri ola bilər. Lakin insan faktorunun da rolu inkar edilə bilməz. Karbon emissiyalarının artması, sənayeləşmə, meşələrin qırılması və digər antropogen təsirlər iqlimə mənfi təsir göstərir və bu təsir illər keçdikcə daha da artır.
- Hazırda iqlim dəyişikliyi hansı mərhələdədir və bunun qlobal və regional təsirləri necə müşahidə olunur?
- Hazırda proses davam edir, lakin hələ ki, qlobal miqyasda fəlakətli nəticələr baş verməyib. Ancaq əgər ciddi tədbirlər görülməsə, vəziyyətin kəskinləşəcəyi gözlənilir. Karbon emissiyalarının artması ilə insan faktorunun təsiri də artır. Artıq bəzi bölgələrdə bu təsirlər hiss olunur:
-
Təbii fəlakətlərin (daşqınlar, su basmaları, anomal istilər) sayı artır
-
Quraqlıq, buxarlanmanın çoxalması və su ehtiyatlarının azalması
Bu cür əlamətlər iqlim dəyişikliyinin getdikcə dərinləşdiyini göstərir.
- İqlim dəyişikliyi ilə mübarizədə fərdi vətəndaşın və dövlətin rolu nədən ibarət ola bilər?
- İqlim dəyişikliyinə qarşı mübarizədə həm dövlətlərin, həm də fərdi vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Fərdi səviyyədə insanların bu sahədə maarifləndirilməsi, ekoloji savadlılığın artırılması vacibdir. Çox ölkələrdə insanlar hələ də bu məsələnin nə qədər ciddi olduğunun fərqində deyil. Maarifləndirmə işi daha çox dövlətin və qeyri-hökumət təşkilatlarının üzərinə düşür.
Dövlətlər isə bu məsələdə həm beynəlxalq səviyyədə - müxtəlif konvensiyalar və sazişlər çərçivəsində - aktiv iştirak etməli, həm də daxildə əhalini maarifləndirməli, institusional mexanizmlər yaratmalıdır. Bu, həm təhsil sistemində, həm də kütləvi informasiya vasitələrində effektiv maarifləndirmə mexanizmlərinin yaradılmasını tələb edir.
- İqlim dəyişikliyi ilə bağlı insanlar arasında maarifləndirmə səviyyəsini necə qiymətləndirirsiniz?
- Bəzi ölkələrdə bu tədbirlər uğurla həyata keçirilir, bəzilərində isə zəifdir, hətta ümumiyyətlə yoxdur. Bu vəziyyət ölkənin maliyyə imkanlarından, əhalinin təhsil və savad səviyyəsindən, tarixi inkişafından və dövlətin siyasi iradəsindən asılıdır.
- Əgər iqlim dəyişikliyinə qarşı ciddi addımlar atılmasa, 20-30 il sonra bizi hansı ekoloji fəlakətlər və sosial problemlər gözləyir?
- Əgər yaxın 20-30 il ərzində ciddi tədbirlər görülməzsə, həm psixoloji, həm də sosial fəlakətlər baş verə bilər. Sosial iğtişaşlar, iqtisadi böhranlar, ərzaq təhlükəsizliyi, su qıtlığı kimi problemlər bir çox ölkədə reallığa çevrilə bilər.Bunun qarşısını almaq üçün addımlar beynəlxalq və milli səviyyədə atılmalıdır. Bəzi ölkələr bu məsələyə ciddi yanaşmır, digərləri isə iqlim dəyişikliyindən daha çox əziyyət çəkdiklərinə görə mübarizəyə daha aktiv qoşulurlar.Birləşmiş Millətlər Təşkilatının (BMT) bu prosesdə rolu mühümdür. BMT effektiv işləməli və öz idarəetmə mexanizmlərini təkmilləşdirməlidir. Hazırda iqlim sammitləri - COP-lar bu istiqamətdə mühüm tədbirlərdən biridir. Məsələn, COP29-un Bakıda keçirilməsi zamanı iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan maliyyə vəsaitinin əvvəlki 100 milyard dollardan 300 milyarda qaldırılması mühüm nailiyyət sayıla bilər. Lakin bu məbləğ də kifayət deyil. Əslində, ən azı 1 trilyon dollar vəsait tələb olunur.Braziliyada keçiriləcək növbəti COP30 sammitində bu məbləğin artırılması istiqamətində səylər davam etdiriləcək. Lakin bunun uğurla nəticələnəcəyi dəqiq deyil. Növbəti illərdə beynəlxalq təşkilatlar daha səmərəli işləməli, ölkələr isə daxildə konkret tədbirlər həyata keçirməlidir. Əks halda, bir çox ölkəni su qıtlığı, ərzaq çatışmazlığı və sosial-iqtisadi geriləmə kimi ciddi problemlər gözləyir.Hazırkı şəraitdə optimist olmaq çətindir. Əgər heç bir tədbir görülməzsə, gələcək nəsilləri çox çətin bir dünya gözləyir.
İbrahim Məmmədli