Nəfəs aldığımız hava: görünməyən təhlükə
11 İyul 10:26 MüsahibəMurad Musayev: "Antropogen təsirlərin əksəriyyəti, yəni zavodlar, fabriklər, sənaye məhsulları, sənaye sahələri demək olar ki, hamısı çirkləndiricidir və atmosferlə birbaşa əlaqəsi olan mənbələrdir. Ümumiyyətlə, çirkləndirici mənbələr çoxdur və onların hər biri ətraf mühitə təsir göstərir."
Bəşəriyyətin ən böyük sərvətlərindən biri təmiz hava və təmiz sudur. Müasir dünyamızın ən böyük problemlərindən biri də hava və su çirkliliyidir.
Mövzu ilə bağlı suallarımızı biologiya üzrə fəlsəfə doktoru,ekologiya üzrə mütəxəssis Murad Musayev cavablandırdı:
- Murad müəllim, Azərbaycanda hava çirkliliyinin əsas mənbələri hansılardır?
- Mən belə hesab edirəm ki, antropogen təsirlərin əksəriyyəti, yəni zavodlar, fabriklər, sənaye məhsulları, sənaye sahələri demək olar ki, hamısı çirkləndiricidir və atmosferlə birbaşa əlaqəsi olan mənbələrdir. Məsələn, şəhərdaxili nəqliyyat, ümumiyyətlə, ölkənin avtomobil nəqliyyatı atmosferi ən çox çirkləndirən amillərdən biridir. Düzdür, son zamanlar Azərbaycana daxil olan elektrik avtomobillərinin sayı tədricən artır. Bu çox yaxşı haldır və təqdirəlayiqdir. Bu, havaya atılan çirkləndirici maddələrin miqdarının müəyyən qədər azalmasına səbəb ola bilər.Ümumiyyətlə, çirkləndirici mənbələr çoxdur və onların hər biri ətraf mühitə təsir göstərir.
- Xüsusilə Bakı və Sumqayıt şəhərlərində hava çirkliliyi ilə bağlı son monitorinqin nəticələri nələri göstərir?
- Bu monitorinqlər, təbii ki, həm Bakı şəhərindəki, həm də Sumqayıtdakı müəssisələrdə aparılır. Həmin müəssisələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri - ekoloqlar fəaliyyət göstərir, gündəlik müşahidələr və monitorinqlər həyata keçirilir.
Monitorinqin nəticələri əsasən həmin təşkilatların özlərində toplanır. Onlar gündəlik olaraq tullantıların miqdarını müşahidə edir, dəyişiklikləri müəyyənləşdirir və lazım gəldikdə müvafiq tədbirlər görürlər.Bu monitorinqlər həmin təşkilatların funksiyası və səlahiyyəti çərçivəsində aparılır və mütləq şəkildə yerinə yetirilir. Hər bir müəssisədə bu işlər daimi olaraq mütəxəssislər tərəfindən icra olunur. Onlar tullantıların səviyyəsini müəyyənləşdirir və qiymətləndirirlər.Xüsusilə sənaye müəssisələrində tətbiq olunan yeni texnologiyaların tullantıları əvvəlki sistemlərlə müqayisədə xeyli fərqlənir. Məsələn, istilik stansiyalarının fəaliyyəti zamanı həm atmosfer, həm də su ehtiyatları çirklənə bilər. Yəni vəziyyət belədir - bu çirklənmə mənbələri monitorinq vasitəsilə mütəmadi izlənilir və qiymətləndirilir. Nəqliyyat vasitələri atmosferi çirkləndirən əsas antropogen mənbələrdən biridir. Bu, insan fəaliyyətinin ətraf mühitə olan ən böyük təsirlərindəndir. Bu təsirlərin minimuma endirilməsi yolları mövcuddur. Müxtəlif metodikalar hazırlanıb və alimlər tərəfindən təklif olunan yanaşmalar var ki, bu təsirləri necə azaltmaq mümkündür.Sadə şəkildə desək, elektrik avtomobillərinin ənənəvi avtomobilləri əvəz etməsi və ölkəyə daxil olan elektrik nəqliyyat vasitələrinin sayının artması bu təsirləri minimuma endirmək gücünə malikdir. Yəni, az da olsa, bu avtomobillər tullantıların azalmasına və atmosferin çirklənməsinin qarşısının alınmasına müəyyən qədər təsir edə bilir.Əsas tədbirlərdən biri gündəlik monitorinqlərin aparılmasıdır. Respublikada avtomobil yollarında, xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturlarının nəzarətində olan ərazilərdə bu məqsədlə xüsusi cihazlar yerləşdirilib. Bu cihazlar vasitəsilə atmosferə atılan tullantıların miqdarı müəyyən edilir və nəzarət altında saxlanılır.
Əsas məqsəd ölkəyə daxil olan avtomobillərin ətraf mühitə təsirini minimuma endirməkdir. Bu istiqamətdə həm monitorinqlər, həm də texniki və inzibati tədbirlər həyata keçirilir.
- Kimyəvi tullantıların havaya təsirini azaltmaq üçün hansı texnoloji və hüquqi mexanizmlər mövcuddur?
- Kimyəvi tullantıların ətraf mühitə olan mənfi təsirini azaltmağın əsas yolu, Respublikaya daxil olan yeni texnologiyaların tətbiqidir. Yeni inşa edilən zavod və istehsal qurğuları mütləq şəkildə müasir texnologiyalar əsasında qurulmalı və bu parametrlərə uyğun fəaliyyət göstərməlidir.Sənaye müəssisələrinin fəaliyyəti nəticəsində yaranan tullantıların böyük əksəriyyəti kimyəvi tullantılardır. Ümumiyyətlə, istehsalat proseslərinin hamısı, müxtəlif sahələrdə baş verən texnoloji fəaliyyətlər atmosferə kimyəvi tullantıların atılmasına səbəb olur. Hətta insan nəfəs aldıqda belə müəyyən miqdarda karbon qazı atmosferə ötürülür ki, bu da kimyəvi tullantı hesab olunur.Ətraf mühitə təsiri azaltmaq üçün müxtəlif texnoloji mexanizmlər mövcuddur və zaman keçdikcə daha təkmil və ekoloji baxımdan zərərsiz texnologiyalar ölkəyə daxil olur. Məhz bu yenilənmiş texnologiyalar ətraf mühitə olan təsirləri minimuma endirmək gücünə malikdir.
- Bu sahədə ictimai maarifləndirmə və ya təhsil proqramları varmı?
-Təhsil sahəsində ekoloji maarifləndirməyə dair proqramlar mövcuddur. Bu istiqamətdə müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir. Qeyri-hökumət təşkilatları da bu sahədə daim aktivdir və ekologiya ilə bağlı müxtəlif maarifləndirici fəaliyyətlər təşkil edirlər. Bu tədbirlər məktəblərdə, müəssisələrdə, o cümlədən sənaye müəssisələrində keçirilir. Məqsəd hər bir insanın ekoloji şüurunu artırmaq, onu ətraf mühitin qorunmasına cəlb etməkdir. Bu, hər bir vətəndaşın gündəlik həyatının bir hissəsi olmalıdır.
Yaşıllaşdırma işləri genişləndirilməlidir. Atmosferin oksigenlə zənginləşməsində yaşıllıqlar əsas rol oynayır. Ona görə də yaşıllıqların sahəsini artırmaq zəruridir. Bununla yanaşı, alternativ enerji mənbələrindən istifadə də vacibdir. Məsələn, külək enerjisi, günəş enerjisi və çayların axarı istiqamətində qurulan hidroelektrik stansiyalar atmosferə atılan çirkləndirici maddələrin miqdarını minimuma endirməyə kömək edir.
Maarifləndirmə tədbirləri davamlı olaraq həyata keçirilir. Bəs bu, təhsil proqramlarında əhatə olunubmu? Bəli, təhsil proqramlarında da ekoloji mövzulara yer verilir. Ali təhsil müəssisələrində ekologiya sahəsində kafedralar, fakültələr fəaliyyət göstərir. Bu sahədə tələbələrə su ekosistemləri, torpaq ekosistemləri, meşə ekosistemləri, göllər və çaylar haqqında geniş mühazirələr təqdim olunur.
Məsələn,Bakı Dövlət Universitetində ekologiya və torpaqşünaslıq ixtisasları üzrə mütəxəssislər hazırlanır. Bu istiqamətdə tədris və kadr hazırlığı sistemi mövcuddur və inkişaf etdirilir.
İbrahim Məmmədli