“Ailə modelimizi qlobal güclər dağıdır”
Elçin Bayramlı: “Boşanmalarda təhsilli adamların rolu böyükdür”
2 İyun 2016 14:01 Müsahibə"Özəl televiziyalara nəzarət günləndirilməlidir"
Son illər cəmiyyətdə mənəvi deqradasiya güclənib. Bu, özünü ailədaxili konfliktlərin boşanma ilə nəticələnməsində göstərir. Qloballaşma dövründə sağlam ailə modelini qorumaq əsas problem olaraq qarşıda durur. Bəs toplum və dövlət olaraq bu istiqamətdə hansı addımlar atılmalıdır? Azərbaycan xalqının minillər ərzində formalaşmış sağlam ailə modelini qoruyub saxlamaq mümkündürmü? Suallarımızı "Altay" Strateji Araşdırma Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı cavablandırır.
- Elçin bəy, son illər cəmiyyətdə ailədaxili konflitklər, boşanmalar artıb. Sizcə bunun səbəbi nədir?
- Boşanmaların səbəbi çoxdur, lakin son vaxtlar bu faktların ildırım sürəti ilə artmasına internetin, mobil messencer proqramlarının, sosial şəbəkələrin də təsiri böyükdür. Ən əsas təsirlərdən biri də subliminal mesajlarla dolu olan serialların təbliğatıdır.
-Sağlam ailə modelini qoruyub saxlamaq üçün dövlət, toplum olaraq hansı addımlar atılmalıdır?
- Bu uzun söhbətdir. Bu problemi həll etmək üçün başqa sahələrdə 50-yə yaxın problem həll edilməlidir. Hamısını saymağa vaxt yoxdur. Bu modelin tamamilə dağıdılması üçün qlobal qüvvələr böyük planlar həyata keçirir və təzyiq ağlagəlməz dərəcədə güclüdür. Onların qarşısını almaq çətindir.
Sağlam ailə modelinin qorunub saxlanmasında ailənin, cəmiyyətin böyük rolu var. Çünki indi məktəblərdə tərbiyə verilmir, ancaq təhsil verilir. Boşanmalarda da təhsilli adamların payı böyükdür. Həyata keçirilməsi çox vacib olan tədbirlərin sayı hesabı yoxdur. İlk növbədə özəl televiziyaların fəalliyyətinə məhdudiyyətlər qoyulmalıdır. Mətbuata və internetə nəzarət qoyulmalı, istənilən şəxsin tələb etdikdə öz həyat yoldaşının messencerlər, sosial şəbəkə, mobil telefon və sairlə başqaları ilə danışıq və yazışmalarına baxmağa imkan yaradılmalıdır. Rəsmi nikahsız evlənənlərə qarşı tədbirlər sərtləşdirilməlidir. Boşanma şərtləri son dərəcə ağırlaşdırılmalıdır. Gənc ailələr valideynlərdən ayrı yox, onlarla birlikdə yaşamalıdırlar. Qısası hər şeyi bu sahədə vəziyyətin yaxşı olduğu əvvəlki vaxtlardakı kimi olmalıdır əks halda bu problemin həll mümkün olmayacaq.
-Sosial şəbəkələrin uşaq psixologiyasına mənfi təsirini aradan qaldırmaq üçün hansı işlər görülməlidir?
- Uşaqlar birmənalı olaraq kompüterdən, mobil cihazlardan aralı tutulmalıdır. 10 yaşdan sonra valideynin və ya müəllimin müşayiəti altında kompüterdə qısa müddətə faydalı işlə məşğul ola bilər.
-Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə tədbirlərinə ehtiyac varmı və bu işlər hansı çərçivədə həyata keçirilməlidir?
- Maarifləndirmə hər zaman lazımdır və vacibdir. Ancaq ciddi tədbirlər də görülməlidir. Konkret ağır cəzalar qoyulmalı və bunun təmin edilməsinə ciddi nəzarət olmalıdır. Cəzalar valideynə verilməlidir.
* Türkiyədə orta məktəblərdə "İnternetdən necə isitifadə etməli" mövzusunda maarifləndirici dərclər keçirilir. Sizcə, bu cür dərslər Azərbaycanda da keçirilməlidirmi?
- Normaldır, buna ehtiyac var. Yalnız 5-ci sinifdən başlayaraq bu cür dərslər keçirilməlidir.
Aydın
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə" layihəsi çərçivəsində dərc olunur.