Turizm bir yaradıcılıq sahəsidir
Ruslan Quliyev: “Bu sahədə təsadüfi insanlar olmur”
20 Aprel 2016 13:32 Müsahibə"Turizmdə müvəffəqiyyətin ən əsas istiqaməti qonağı təəccübləndirməyi bacarmaqdır"
"Skal İnternational" beynəlxalq turizm peşəkarları təşkilatının Bakı klubunun gənc üzvləri maraqlı bir layihəyə start veriblər. Belə ki, onlar Azərbaycan turizminin inkişafında xidmətləri olan peşəkar mütəxəssislərlə görüşüb söhbətləşirlər. Gənc skalçıların layihə çərçivəsində ilk həmsöhbətləri "Millennium Tourism & Congress DMC"nin direktoru, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Azərbaycanın "Fəxri turizm işçisi" Ruslan Quliyev olub. "OLAYLAR" Ruslan Quliyevlə müsahibəni təqdim edir.
- Ruslan müəllim, necə oldu ki, bir məslək kimi turizm sahəsini seçdiniz?
- Mən 1973-cü ildə Bakı şəhərində doğulmuşam. 1990-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Kommersiya" fakültəsini "Ticarətin və İctimai iaşənin iqtisadiyyatı və idarə olunması" ixtisasları üzrə bitirmişəm. Mənim turizmə gəlişim 1995-ci ilə təsadüf edir. 2 ali təhsilim var. Turizmə bu sektorun ən aşağı pillələrindən başlamışam. Turizm sferasının müxtəlif sahələrində - icitmai iaşə, mehmanxana işi ,turoperator kimi çalışmışam və karyeramın ilk illərində Türkiyə Respublikasının turizm sənayesinin müxtəlif sahələrində təcrübə və təlim proqramlarında iştirak etmişəm. Daha sonra müxtəlif turizm şirkətlərində reklam mütəxəssisi vəziəsindən baş direktor vəzifəsinə qədər yüksəlmişəm. 2006-cı ildən "Millennium Tourism" şirkətinin təsisçi prezidentiyəm. Eyni zamanda Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədriyəm. Bütün bunlarla yanaşı, Azərbaycan Turizm və Menecment Universitetində müəllim kimi fəaliyyət göstərirəm.
- Müvəffəqiyyətli turizmçi olmaq üçün hansı keyfiyyətlər zəruridir?
-Turizmin bir kommersiya sahəsi olduğu qeyd edilsə də, bu sektor daha geniş anlayışdır. Turizmdə ticari maraqlarla yanaşı, ölkə maraqları da var. Turizm vətənsevərlik deməkdir, həmçinin diplomatik bir fəaliyyətdir. Xalq diplomatiyasının bariz nümunəsidir. Turizm bir yaradıcılıq sahəsidir və bu sahədə təsadüfi insanlar olmur. Turizmçilər mütləq yaradıcı insanlar olmalıdır. Turizmdə müvəffəqiyyətin ən əsas istiqaməti qonağı təəccübləndirməyi bacarmaqdır. İlk növbətə öz ölkəmizdə xidmət etdiyimiz qonağın gəldiyi ölkəni tanımaq, onların adət-ənənəsini bilmək lazımdır. Eyni zamanda Azərbaycanı onlara layiqincə tanıtmaq, onları təəccübləndirmək üçün iki ölkə arasındakı ortaq tarixi-mədəni cəhətləri göstərmək, izah etmək lazımdır. Bunun üçün ölkəmiz haqqında daha çox məlumatlı olmaq vacib şərtdir. Vətən sevgisi kommersiya marağından üstün olmalıdır.
- Kadr seçimində nələrə üstünlük verirsiz?
- Əlbəttə, insan əxlaqı ön planda dayanır. Hər bir halda, insanın əxlaqı, cəmiyyətdə davranışı önəmli məsələdir. Hər zaman yaxşı kadrlara ehtiyac var. Sənətə hörmət insanın özünə hörmət, özünü dəyərləndirməsidir. Dəqiqlik, dürüstlük və əzmkarlıq, həmçinin komanda ilə işləmək bacarığı birinci faktordur.
- Xarici səfərlərdə tez-tez olursunuz. Əcnəbilərin gözündə Azərbaycan necə görünür?
- Bu bizim üçün aktuallıq kəsb edən bir məsələdir. Azərbaycanın hər zaman böyük uğurlar qazanmış Nizami, Füzuli kimi dahi şairləri, Rəşid Behbudov, Müslüm Maqomayev kimi dünyaya səs salmış sənətçiləri, həmçinin milliyyətindən asılı olmayaraq Azərbaycan cəmiyyətinin yetişdirdiyi Landau, Rastropoviç, Rixard Zorge kimi şəxsiyyətləri olub. Bundan əlavə, Ulu öndərin Azərbaycana qayıdışı və daha öncə də SSR-nin ən önəmli şəxslərindən biri olması çox önəmli hadisədir. Azərbaycanı şəxslərə görə tanıyırlar, eyni zamanda şəxsləri Azərbaycana görə tanıyırlar. Həmçinin Şərqdə ilk demokratik respublika olmasını, dünyada möcüzə sayılan Neft Daşları, analoqu olmayan Naftalanı da qeyd etmək lazımdır. Müstəqillik dövründən sonra beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi - "Eurovision-2012", Bakı Avropa Oyunları və s.- bütün bunları turizm məhsulu halına gətirib təqdim etməliyik. Təbii ki, müstəqillik dövründən sonra "Turizm haqqında" Qanunun qəbulu və turizmə dövlət tərəfindən göstərilən diqqət və qayğı ölkəmizin tanınmasında çox böyük rol oynadı. 90-cı illərdə xarici ölkələrdə keçirilən sərgilərdə demək olar ki ölkəmizin stendləri boş qalırdı. Hazırda isə ölkəmizə maraq həddindən çoxdur. Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Fondunun gördüyü işlər əvəzsizdir. Düşünürəm ki, bütün bunlar böyük bir strategiyanın tərkib hissəsidir.
- Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək ictimai birliyi necə yarandı? Hazırda Azərbaycanda sağlamlıq turizmi necə inkişaf edir?
- Azərbaycan son illərdə sağlamlıq turizmi üzrə müsbət nəticələr əldə etmiş ölkələr sırasındadır. Bunu kurort və sanatoriyalara üz tutan və getdikcə artan qonaq sayından da görmək olar. Öz sahəsində yüksək hazırlığa və praktiki fəaliyyətə malik olan tibbi mütəxəssislər, ən son texnologiya ilə təchiz edilən sağlamlıq və turizm müəssisələri, iqtisadi baxımdan əlverişli olan bərpa və müalicə imkanları Azərbaycanın bu sahədəki yerini hər gün daha yüksək sıralara aparır. Təbii ki, bütün bunlarla yanaşı, ölkəmizin iştirak etdiyi bir sıra beynəlxalq tədbirlər, sərgilər də Azərbaycan sağlamlıq turizminin dünyada tanıdılmasında öz rolunu oynayır. Asssosiasiya yaranmağa başladığı dövrdə mən "Skal Baku"nun qurucu rəhbəri və prezidenti idim. Fəaliyyətimin daha əlverişli olması üçün mən "SKAL Baku" rəhbərliyindən ayrıldım. Çox qürurvericidir ki, yaratdığımız bu təşkilatın estafetini Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərova verdim. Hazırda da bu qurum fəaliyyətini davam etdirir və inkişaf etməkdədir. Hər zaman sağamlıq turizm növünün inkişafının zərurəti haqqında düşünürdüm. İlk olaraq 12 ay bu turizm növünün aktuallığı, daha sonra digər turizm növlərindən fərqli olaraq burada minimal gecələmə sayının 14 gün olması onun effektliliyinin sübutudur. Bu da iqtisadi baxımdan böyük inkişaf gətirər və ən nəhayət, Naftalanın keçmiş sovet ölkələrində tanınması və ənənəsi olmasıdır və çox da böyük bir reklama ehtiyacı yoxdur. Sonrakı mərhələdə Mədəniyyət və Turizm Nazirliyinin də böyük dəstəyi ilə biz fəaliyyətimizə başladıq. Fəaliyyətimizdə də ilk olaraq 10 sağlamlıq müəssisəsi ilə yola çıxdıq. Hər il qəbul etdiyimiz fəaliyyət planına əsasən müxtəlif ölkələrdə tanıtım fəaliyyəti, innovativ sistemlərdən istifadə edərək daha geniş auditoriyada tanıtım, dünya təcrübəsinin ölkəmizdə öyrənilməsi, müxtəlif mütəxəssislərin rəhbərliyi ilə təlimlərin keçirilməsi ilə məşğuluq.
- Bütün bu fəaliyyətlərin hdəsindən gəlmək çətin deyilmi?
- Bəlkə də başqa sahədə çalışsaydım bunu edə bilməzdim. Amma turizmdə həm ictimai fəaliyyət, həm kommersiya fəaliyyəti, eyni zamanda yeni kadrların hazırlanması bir-biri ilə sıx bağlıdır. Təbii ki, müxtəlif çətinliklər də var. Bu mənim həyat tərzimdir. Mən buna vərdiş etmişəm və hər zaman da Nizami Gəncəvinin əsərindəki "Fitnəni" xatırlayıram. Bu bir vərdişdir.
- Bəs "Millennium Tourism"i digər turizm şirkətlərindən fərqləndirən cəhət nədir?
- Biz hər zaman gənclərə yatırım etməyə çalışmışıq. Şirkəti çox zaman məktəb adlandırıblar. Novator olmağa çalışmışıq hər zaman.
- Skalçılara tövsiyələriniz nədir?
- "Skal Baku"nun qurucularından biri olaraq ən birinci istəyim odur ki, bu təşkilatı yaşadın, onu yaşatmaqla ölkənin turizmini yaşadacaqsız, ölkənin turizminə xidmət edəcəksiniz. Bunu yaşatmanızla qurucularının da sevinməsinə, dünyasını dəyişmiş skalçıların ruhunun şad olmasına səbəb olacaqsınız.
Süleyman İsmayılbəyli