Qarabağ problemi heç də “dondurulmuş münaqişə” hesab edilməməlidir
Vüqar Zifəroğlu: “Münaqişə hər an ciddi şəkildə alovlana bilər və bu zaman öz təsirini yalnız Cənubi Qafqaza deyil, bütün postsovet məkanına da göstərə bilər”
15 Aprel 2016 12:20 MüsahibəAprelin ilk günlərində təmas xəttində baş verən erməni təxribatından sonra Qarabağda hərbi əməliyyatların yeni bir fazaya qədəm qoyması problemin həllinin vacibliyini yenidən aktuallaşdırdı. Ötən müddət ərzində həm Qərb, həm də Rusiyadan münaqişənin həlli ilə əlaqədar müəyyən təşəbbüslərin irəli sürülməsi beynəlxalq birliyin problemin həllinə marağının artmasından xəbər verir. Bu ərəfədə Rusiyanın təkidi ilə Ermənistanın ilkin mərhələdə işğal altında olan 5, daha sonra 2 rayondan geri çəkiləcəyi barədə fikirlərin yayılması da müəyyən ümidlər yaradır. Bəs görəsən Rusiya doğurdan da Dağlıq Qarabağ probleminin həllinə maraqlıdırmı? Bu və ya digər suallarla "Oğuz" Müstəqil Araşdırmalar Qrupunun sədri, müstəqil ekspert Vüqar Zifəroğlu ilə söhbətləşdik.
-Vüqar bəy, hazırda Qarabağ problemi ətrafında gedən prosesləri necə qiymətləndirirsiniz?
- Aprelin əvvəlində erməni təxribatına cavab olaraq cəbhədə baş verən hərbi əməliyyatlar bir daha onu sübut etdi ki, Qarabağ problemi həlli qeyri-müəyyən gələcəyə saxlanılacaq məsələ deyil və heç də "dondurulmuş münaqişə" hesab edilməməlidir. Münaqişə hər an ciddi şəkildə alovlana bilər və bu zaman öz təsirini yalnız Cənubi Qafqaza deyil, eləcə də bütün postsovet məkanına, həmçinin regionda marağı olan aparıcı ölkələrə də göstərə bilər. Əməliyyatların dayandırılması ilə başlanılan diplomatik danışıqlar isə hər halda münaqişənin həli istiqamətində atılan addımlar kimi qiymətləndirilə bilər. Hər halda 3 günlük müharibənin od-alovu fəaliyyətsiz Minsk qrupunun öz "donu"nu əritməsi üçün əslində kifayət etməlidir.
- Bu ərəfədə işğal altında olan 5, yaxud 7 rayonun geri qaytarılacağı barədə xəbərlər yayılır. Sizcə ermənilər buna hazırdırmı?
- Beş və ya yeddi rayonla bağlı müzakirələrin açılması və qarşı tərəflərin müxtəlif səviyyələrdə açıqlamalar vermələri "Kazan formulu" ilə əlaqədardır ki, bunun özü ilə də bağlı müxtəlif manipulyativ yanaşmaların şahidi oluruq. Bildiyimiz kimi, həmin formula əsasən İrəvan Dağlıq Qarabağ ətrafındakı rayonlardan - Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndindən işğalçı qoşunlarını çıxarır və bizim oradan məcburi köçkün düşmüş vətəndaşlarımız həmin ərazilərdə yerləşdirilir. Həmin ərazilərdə təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə oluna bilər. Laçın rayonunda isə Ermənistanla Qarabağı birləşdirilən dəhliz yaradılır. Daha sonra isə Dağlıq Qarabağın statusu məsələsinə baxılır. Rusiya tərəfi isə hazırda bu formulun üzərində manevr edərək ilk əvvəl 5 rayonun məsələsini qoyurlar. Ümumiyyətlə, problem ermənilərin buna hazır olmasında deyil. Son proseslər də bunu sübut etdi ki, ermənilər tam şəkildə Moskvadan asılıdırlar və əslində onlara arxayın olmasalardı, bu problem çoxdan həllini tapardı. Ermənistan de-yuri müstəqil dövlətdir, lakin faktiki olaraq Rusiyanin bir subyekti, mən deyərdim ki, quberniyası funksiyasını icra etməkdədirlər. Ermənistan üçün Rusiyanı təhlükəsizlik qarantı baxımından əvəzləyəcək alternativ güc yoxdur, bunu hər iki tərəf yaxşı anlayır. Və bu səbəbdən də son günlər İrəvandakı anti-rus aksiyalar da əslində müvəqqəti xarakter daşıyır və "nökərin öz ağasından incikliyi"ndən başqa bir şey deyil.
- Rusiya hazırkı vəziyyətdə Qarabağ probleminin həllinə nə dərəcədə maraqlıdır?
- Rusiya heç bir zaman Qarabağ probleminin ədalətli həllindən yana olmayıb və həmişə bu münaqişədən öz çıxarları və hədəfləri naminə istifadə etməyə çalışıb. Bu əvvəldə belə olub, indi də belədir və hər zaman da belə olacaq. Rusiya, ümumiyyətlə post-sovet məkanında oxşar etnik münaqişə ocaqlarından manevr imkanlarını genişləndirmək və təsir aləti kimi istifadə etməkdədir. Qarabağ münaqişəsi də bu qəbildəndir. Bu problem Cənubi Qafqaza lider ölkə olması və müstəqil xarici siyasəti ilə seçilən Azərbaycana təzyiq etmək imkanı verməklə yanaşı, faktiki olaraq Rusiyanın quberniyası funksiyasını icra edə Ermənistanı da hər zaman, el dili ilə desək, "dizinin dibində oturmağa" məcbur etmək deməkdir. Belə olan halda sizcə Rusiya, bu münaqişənin həllində maraqlı ola bilərmi? Hansı iri, aparıcı ölkə belə bir problemi həll etməklə öz təsir rıçaqlarını əldən verərək kifayət qədər ciddi strateji əhəmiyyətə malik bölgədə - yəni Cənubi Qafqazda - manevr imkanlarını öz xoşu ilə məhdudlaşdırar? Diqqət edin: istər Putinin, istərsə də Medvedyevin son genlərdə verikləri açılamalarda əsas vurğu nəyin üzərindədir? Münaqişənin uzunmüddətli həlli və hətta mümkündürsə daha iri müddət üçün dondurulması, bu mümkün olmadıqda isə, təsir imkanlarını itirməmək, hətta daha da genişləndirmək üçün sülhməramlı qoşunlar adı altında Qarabağa rəsmi şəkildə daxil olmaq!
- Qarabağ probleminin Rusiyanın vasitəçiliyi ilə həlli mümkünlüyü Kremlin regiondakı mövqelərini nə dərəcədə gücləndirəcək?
- Münaqişə zonasına bu formada daxil olmaq birmənalı şəkildə Rusiyanın regionda möhkəmlənməsi deməkdir. Belə perspektiv isə təbii ki, bizi razı salmır. Burada başqa bir maraqlı məqam Rusiyanın təkidlə Azərbaycanı Avrasiya İttifaqına və KTMT-yə üzv etməyə çalışmasıdır. Bu səbəbdən də Rusiyanın "5+2" formulu ilə müxtəlif şəkildə manevrlər etməsinin şahidi olmaqdayıq. Rusiya maksimum dərəcədə aktivlik edərək, problemin yalnız onun vasitəçiliyi ilə həllinin mümkünlüyünü Qərbə nümayiş etdirməyə çalışır. Lakin bizim üçün dəyişməz qırmızı cizgi - münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllidir. Cənab Prezidentin də dediyi kimi Azərbaycan heç bir halda ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Rəsmi Bakı danışıqlar prosesində o səbəbdən iştirak edir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həll edilsin. Referendum məsələsinə isə bizim münasibət belədir ki, bu Azərbaycan qanunları əsasında keçirilməlidir, yəni, bu referendum təkcə Dağlıq Qarabağ yox, bütün Azərbaycan ərazisində keçirilməlidir. Biz yalnız bu halda referendumla razılaşa bilərik.
Füzuli