Bir tarixin salnaməsi

“Birləşməsək xalq bizi bağışlamaz!”

Cahangir Hüseynov: "Ədalətdən, demokratiyadan, sülhdən danışan dünya dövlətlərinin Qarabağ probleminə olan münasibətlərindən heyrətlənirsən"

Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi, onun həlli yolları, eləcə də bu münaqişə nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz yurd-yuvalarından didərgin düşərək çətin şərtlər altında yaşaması, bunun çıxış yolları zaman-zaman Milli Məclisdə müzakirə mövzusu olub. Demək olar ki, parlamentin hər bir iclasında diqqət yetirilən bu məsələlərlə bağlı hətta ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə qanunverici orqanda siyasi partiya rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə iclas da keçirilib. İstər Dağlıq Qarabağ problemi, istərsə də qaçqın və məcburi köçkünlərin ağır həyat şəraiti barədə müntəzəm olaraq parlamentdə məsələ qaldıran, bu istiqamətdə təkliflər verən millət vəkillərindən biri də Cahangir Hüseynov olub. Deputat kimi fəaliyyət göstərdiyi illərdə qanunverici orqanda qeyd edilən məsələlər ətrafında parlamentdə aparılan müzakirələr, qaldırılan təkliflər barədə sabiq millət vəkili, beynəlxalq hüquq üzrə mütəxəssis, hüquqşünas alim, Qarabağ müharibəsi veteranı, tədqiqatçı alim Cahangir Hüseynovla söhbətləşdik. Cahangir Hüseynov "OLAYLAR"-a verdiyi müsahibədə beynəlxalq təşkilatların Qarabağ probleminə olan biganəliyindən də danışıb.

-Cahangir müəllim, sizin Milli Məclisdəki siyasi fəaliyyətinizdə hər zaman Dağlıq Qarabağ problemi, qaçqın və məcburi köçkünlərə diqqət və qayğı, onların üzləşdikləri çətinliklərin parlament səviyyəsinə qaldırılması ön planda olub. Bu sizin də qaçqın və ya məcburi köçkün həyatı yaşamanızla bağlıdır, yoxsa bir Azərbaycan vətəndaşı kimi Milli Məclisdə əsas diqqəti bu istiqamətə yönəltməyi özünüzə borc bilirdiniz?

-Əvvəla onu qeyd edim ki, Dağlıq Qarabağ problemi, eləcə də bu problem nəticəsində 1 milyona yaxın soydaşımzın qaçqın və məcburi köçkünə çevrilməsi hər bir Azərbaycan vətəndaşının problemidir və hər birimiz hansı vəzifə, peşənin sahibi olmağımızdan asılı olmayaraq bu məsələləri hər zaman diqqətdə saxlamalıyıq. Ona görə mən də həm hüquq-mühafizə orqanlarında çalışdığım illərdə, həm də parlamentdəki siyasi fəaliyyətim dövründə bu məsələləri bir qayda olaraq diqqətdə saxlayırdım. Onu da qeyd edim ki, bu mənim qaçqın və ya məcburi köçkün həyatı yaşamağımla bağlı deyil. Əksəriyyət bilir ki, mən Gədəbəy rayonundanam. Ancaq orta məktəbi Ağdam şəhərində bitirmişəm. Qarabağda yaşadığım illərdə Dağlıq Qarabağın ərazisini qarış-qarış gəzmişəm. 1988-ci ilin fevral ayında bu hadisələrin başlandığı zamandan 1993-cü ilin sentyabr ayına qədər Dağlıq Qarabağın bütün döyüş bölgələrində olmuşam. Azərbaycanın müxtəlif rayonlarında polis rəisi işlədiyim zamanlarda da həmin rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlərin ağır həyat şəraitinin şahidi olmuşam.

-Ali Sovetin 6 mart 1992 ci ildə fövqəladə sesiyasında "Birləşməsək, xalq bizi bağışlamaz!" adlı məşhur çıxışınızda bu məsələlərə də toxunmusunuz. Bu barədə nə deyə bilərsiniz?

-Ali Sovetin 1992-ci ilin mart fövqəladə sessiyasında Xocalı soyqırımı müzakirə olunurdu. Həmin vaxt parlamentin ətrafına da on minlərlə insan yığılmışdı. Parlament öz işini fasiləsiz olaraq davam etdirirdi. Hətta səhərə qədər parlament binasından çıxmaq imkanlarımız da məhdudlaşdırılmışdı. O zaman Ali Sovetin sədri olan Yaqub Məmmədov istefa verib, kürsüdən aşağı endi. Etibar Məmmədov bir sıra deputatlar da çıxış edib, istefa vermələrini səsləndirdilər. Mən həmin vaxt tribunaya qalxıb, Dağlı Qarabağ probleminin həlli yolları barəsində öz çıxışımı etdim və Azərbaycan xalqını birliyə dəvət etdim. Qeyd etdim ki, biz birləşməsək, bu problemin həllini tapa bilmərik. Bildirdim ki, ermənilər sadə düşmənlər deyil. Onların arxasında da on illərlə formalaşmış diaspor təşkilatları dayanır. Qonşu rus dövləti də onları hər zaman dəstəkləyib. Çıxışımda vurğuladım ki, Heydər Əliyevi parlamentə dəvət etməli, onun təcrübəsindən, rəhbər zəkasından, dünya görüşündən yararlanmalıyıq. Həmçinin Heydər Əliyevin Azərbaycanda ən böyük dövlət xadimi olduğunu söylədim. Mənim bu çıxışım o zamanlarda stenaqramadan çıxarılıb, Ali Sovetin orqanı olan Həyat qazetində (17 mart 1992 ci il), Ədalət qazetində (21 mart 1992 ci il) və bir sıra başqa qazetlərdə çap olundu. Ertəsi gün Azərbaycan televiziyasında da bu çıxışımı canlı efirdə etdim. Xalqı bir olmağa çağırdım və dedim ki, əgər biz birləşməsək, Dağlıq Qarabağ problemini həll edə bilməyəcəyik. Çox təəssüflər olsun ki, o zamankı respublika rəhbərliyi bundan nəticə çıxartmadı. Ayaz Mütəllibov istefa verib, hakimiyyətdən getsə də, həm cəbhədə, həm də Bakıda siyasi qüvvələr arasında mübarizə yenidən qızışdı. Bunların ardınca isə, tezliklə Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon da ermənilər tərəfindən zəbt olundu. Bir milyondan artıq insanımız məcburi köçkün həyatında qaldılar. Otuz minə yaxın insanımız bu müharibə zamanında həlak oldu. On minlərlə insan ağır xəsarət aldı. Yüzlərlə insan itkin düşdü. Respublikamızın iqtisadiyyatına milyardlarla manat ziyan vuruldu. Əgər vaxtında biz bu hadisələrə soyuq qanlı yanaşıb, xalqımızın birliyini təmin edə bilsəydik, o dövrdə Ulu Öndəri hakimiyyətə gətirsəydik, yəqin ki, itkilərimiz bu qədər böyük olmazdı.

-2000-ci ildə isə polis rəisi işləməklə bərabər İkinci Çağırış Milli Məclisin üzvü seçildiniz. Yenidən siyasətə qayıtmağınızın səbəbləri nə ilə bağlı idi?

-Mən 1997-ci ildə Sabirabad rayonunda polis rəisi vəzifəsində işləyirdim. Həmin rayonda əlli minə yaxın qaçqın və köçkünlər məskunlaşmışdı. Xüsusilə, Sabirabad rayonunda polis rəisi işləyən zaman oradakı Qalaqayın çadır şəhərciyində məskunlaşmış qaçqın və məcburi köçkünlərin ağır həyat şəraitini hər gün öz gözlərimlə görürdüm. Çünki həmin illərdə Azərbaycan dövlətinin iqtisadi qüdrəti indiki kimi o qədər də yaxşı deyildi ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülsün, onların mənzil, məişət şəraiti yaxşılaşdırılsın. Hələ Sabirabad rayonunda polis rəisi vəzifəsində çalışarkən Prezident Aparatı və Nazirlər Kabinetinə müraciət etdim ki, qaçqın və məcburi köçkünlərin tələbatını öyrənmək məqsədilə nazirliklər və komitələr rayonlara təhkim olunsun. Çünki yerli İcra Hakimiyyəti, eləcə də digər qurumların göstədiyi humanitar yardım bütün problemləri həll etmirdi. Mənim müraciətimdən bir qədər sonra Prezident Heydər Əliyevin göstərişi ilə Sabirabad rayonuna Daxili İşlər Nazirliyi, digər nazirlik və komitələr isə başqa rayonlara təhkim olundu. Əlbəttə, bunun çox böyük bir əhəmiyyəti vardı. Belə ki, bir qayda olaraq bayram günlərdə Daxili İşlər Nazirliyinin, başda nazir Ramil Usubov olmaqla bir sıra kollegiya üzvləri rayona gəlir və Sabirabadda məskunlaşmış qaçqın və məcburi köçkünlərə yardım göstərirdilər. Bu yardımlar əsasında qaçqın və məcburi köçkünlər ərzaqla, çadır şəhərciyində mövcud olan tibbi məntəqələr dərmanlarla, məktəblər isə zəruri dərs vəsaiti, eyni zamanda tikinti materialları ilə təmin olunurdu. Təkcə Sabirabadda məskunlaşan qaçqın və məcburi köçkünlər deyil, eləcə də rayonun yerli əhalisi də mənim bu təşəbbüsümü yüksək qiymətləndirirdi. Çünki nazirlik və komitələrin rayonlara təhkim olunması qaçqın və məcburi köçkünlərlə yanaşı, həmin rayonlara da diqqət və qayğının artmasına yol açırdı. Bu da öz növbəsində yerli əhali tərəfindən təqdir edilirdi. 2000-ci ilin avqust ayında məzuniyyətdə idim. Qərara almışdım ki, Almaniyaya gedib orada müayinə olunum. Bu ərəfədə Sabirabad rayonunun yeni təyin olunmuş icra başçısı Bəylər Xancanov mənə zəng edib bildirdi ki, ikinci çağırış Milli Məclisə seçkilərdə Sabirabad cammatı mənim deputat olmağımı istəyir. Məzuniyyətimi bitirmədən rayona qayıtdım və tezliklə 83 saylı Sabirabad-Saatlı seçki dairəsindən mənim namizədliyim irəli sürüldü. Seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində seçki dairəsinə daxil olan bütün kəndləri bir daha gəzdim, əhali ilə təmasda oldum. Seçki dairəsinin bir hissəsi Saatlı rayonuna düşürdü. Həmin dairədə, 1990-1995-ci illərdə Ali Sovetin deputatı olmuş, kolxoz sədri Bayraqdarov da namizədliyini irəli sürmüşdü. Lakin səsvermə günü Saatlı rayonunun seçicilərinin böyük əksəriyyəti mənin namizədliyimin lehinə səs verdi. Bu mənim üçün çox böyük məsuliyyət idi. İkinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi 2000-ci il, dekabr ayından fəaliyyətə başladı. Milli Məclisin sədri Murtuz Ələsgərov, sədrin birinci müavini Arif Rəhimzadə, sədr müavinləri isə Zakir Zeynalov və Ziyafət Əsgərov seçildilər. Milli Məclisdəki fəaliyyətim dövründə hər zaman qaçqın və məcburi köçkünlərin maddi təminatlarının artırılması, onlara dəymiş maddi ziyanların ödənilməsi, hər bir qaçqın, məcburi köçkün ailəsinə dövlətin daimi dəstəyinin olmasını vurğulamışam. Həmin dövrdə çadır şəhərciklərində məskunlaşan insanların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün Nazirlər Kabinetinin hesabatlarında çıxışlar edib müəyyən təkliflər irəli sürmüşəm. Ümumiyyətlə, beş illik deputat fəaliyyətim səmərəli və faydalı keçdi. Dövlət quruculuğu və hüquq siyasəti komissiyasının sədrinin müavini kimi demək olar ki, komissiyanın bütün işini mən məruzə edirdim. Yüzlərlə insan mənə müraciət edir, qəbulumda olurdu. Nəinki 83 saylı Sabirabad-Saatlı seçki dairəsinin ərazisində yaşayan insanlardan, demək olar ki, respublikanın hər bir bölgəsindən çoxsaylı şikayətlər qəbul edirdik. Qəbul olunan məktublara müvafiq cavablar verilir, əlimdən gələn köməkliyi əsirgəmirdim.

-Cahangir müəllim, siz Milli Məclisdə beynəlxalq təşkilat və qurumların Dağlıq Qarabağ problemi ilə bağlı mövqelərini ən sərt şəkildə tənqid edən deputat kimi də yadda qalmısınız.

Ardı növbəti sayımızda

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31