Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemindəki rolu günbəgün artmaqdadır

Elşad Mirbəşiroğlu: “Azərbaycan dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur və ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayı artır”

Son aylar Azərbaycanın xarici siyasətində bir hərəkətlilik müşahidə edilməkdədir. İstər Azərbaycan dövlət başçısının müxtəlif ölkələrə səfərləri, istərsə də Avropa və ərəb ölkələrindən Azərbaycana olan marağın artması fonunda bu hərəkətlilik özünü göstərir. Ortada olan real mənzərə ondan ibarətdir ki, həyata keçirilən qarşılıqlı səfərlər Azərbaycan üçün bütün sahələrdə yeni imkanlar açır. Hər halda son bir həftə ərzində Macarıstan baş naziri və Qətər dövlətinin əmirinin Azərbaycana baş tutan səfərləri və səfər çərçivəsində müxtəlif sahələri əhatə edən əməkdaşlıq sazişlərinin imzalanması belə deməyə əsas verir. Politoloq Elşad Mirbəşiroğlu ilə də söhbətimizdə məhz yuxarıda qeyd edilən məsələlərə toxunduq. "OLAYLAR"-a verdiyi müsahibədə Elşad Mirbəşiroğlu rəsmi Bakının Budapeşt və Doha ilə əlaqələrinin inkişaf etdirilməsinin perspektivlərindən danışıb.

-Elşad müəllim, son vaxtlar Azərbaycana olan beynəlxalq maraq artmaqdadır. Sizcə ölkəmizə olan beynəlxalq marağın artmasını şərtləndirən başlıca amillərdən nədən ibarətdir?

-Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası sabitliyi, davamlı iqtisadi inkişafı, etibarlı tərəfdaş olması ilə həmişə diqqəti cəlb edir. Bu baxımdan Azərbaycana yüksək marağın olması yeni bir hadisə deyildir. Azərbaycanda əlverişli investisiya mühitinin olması artıq dünya dövlətləri tərəfindən etiraf olunur. Müasir dövrdə ən vacib resurslardan sayılan təhlükəsizlik ölkəmizdə yüksək səviyyədə təmin olunmuşdur. Təsadüfi deyildir ki, məhz bu səbəbdən Azərbaycan "təhlükəsizlik adası" adlandırılır.

-Azərbaycana olan marağın artmasında enerji amili nə dərəcədə rol oynayır?

-Azərbaycan artıq uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynamaqdadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş unikal enerji strategiyası həm ölkəmizin siyasi və iqtisadi maraqlarının təmin olunmasında, həm də maraqlı ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strategiyanı sürətlə dəyişən zamanın tələblərinə uyğunlaşdıraraq onu daha da unikallaşdırmışdır və Azərbaycanın Avropanın və region ölkələrinin enerji təhlükəsizliyi sistemindəki rolu günbəgün artmaqdadır. Cənub Qaz Dəhlizinin reallaşdırılması isə ölkəmizi Avropa enerji təhlükəsizliyinin ən vacib bəndinə çevirəcəkdir.

-Bu günlərdə Macarıstan baş naziri və Qətər əmirinin ölkəmizə səfəri reallaşdı. Ölkəmizə olan marağın artmasını nə ilə əlaqələndirərdiniz? Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində keçirilən ikinci iclasdan sonra Azərbaycana olan maraq sizcə təsadüfdür, yoxsa sözügedən layihənin də bu səfərlərə təsiri var?

-Macarıstanın baş nazirinin Azərbaycana səfəri və aparılan müzakirələr, əldə olunan razılaşmalar da sübut edir ki, dünya dövlətləri ölkəmizin real iqtisadi potensiala malik olduğunu qəbul edirlər. "Cənub Qaz Dəhlizi" həm də Avropaya təbii qazın çatdırılmasında Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaqdır.

-Qətərlə əməkdaşlıq, imzalanan sənədlər indiki halda Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?

-Qətər əmirinin də ölkəmizə səfər etməsi iqtisadiyyatın digər sahələri ilə yanaşı enerji sahəsində perspektivli əməkdaşlığın qurulmasına hesablanmışdır. Ümumiyyətlə qeyd edim ki, istər Macarıstanla, istərsə də Qətərlə imzalanan əməkdaşlıq razılaşmaları Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Belə ki, Azərbaycan dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur və ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayı artır.

-Bundan sonra qətərli iş adamlarının Azərbaycana investisiya yatırmasında bir canlanma müşahidə edilə bilərmi?

-Hesab edirəm ki, belə razılaşmalar Azərbaycan iqtisadiyyatına ciddi sərmayyələrin cəlb olunmasını şərtləndirəcək və ölkəmizin müasir beynəlxalq siyasi və iqtisadi əlaqələr sistemindəki mövqelərini daha da möhkəmləndirəcəkdir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31