Azərbaycan radikal müxalifəti niyə həmişə uduzur?
Elçin Bayramlı: “Bəli, boykot “mən zəifəm, ona görə də cığallıq edirəm” deməkdir”
21 Sentyabr 2015 15:33 MüsahibəAXCP, KXCP, ADP başda olmaqla bir neçə radikal müxalifət partiyası noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərini boykot edəcəkləri haqqında məlumat yayıblar. Partiyalar buna əsas olaraq Avropa Parlamenti və ATƏT kimi beynəlxalq qurumların seçkilərə müşahidə heyəti göndərməkdən imtina etmələrini göstəriblər.
Elçibəyin vəfatından sonra...
İlk baxışda bu qərarı radikal müxalifətin "müstəqil seçimi" kimi qiymətləndirmək olar. Lakin, məsələnin kökündə başqa problem var. Həmin problem ki, uzun illərdir müxalifətə məğlubiyyət acısı yaşadır. Həmin illər ərzində də cəmiyyəti düşündürən əsas məsələ məhz, radikal müxalifətin niyə özünə yer tapa bilməməsi və bütün növ seçkilərdə məğlub olması ilə bağlıdır. Bəllidir ki, müxalifət heç bir seçkiyə vahid güc formasında gedə bilmir. Yaradılan blok və birliklərdə sonradan baş qaldıran hərcmərclik, partiyaların xidmət mərkəzlərindəki müxtəliflik, Əli Kərimli, İsa Qəmbər kimi ənənəvi müxalifət liderlərinin şəxsi ambisiyaları və s. kimi amillər radikal müxalifətin seçkilərə vahid birlik formasında getməsinə mane olur. Ümumiyyətlə, dünya praktikasında müxalifətin seçkilərə birlik formasında getməsi anlayışı olmamalıdır. Ona görə ki, müxalifəti təşkil edən partiyalar ayrı-ayrılıqda güc olmalıdırlar. Lakin, Əbülfəz Elçibəy Azərbaycan siyasətindən getdikdən (vəfat etməsinə görə) sonra bu anlayış tamamilə aradan qaldırıldı. Bundan sonra "müxalifətin yeganə lideri postu" uğrunda Əli Kərimli və İsa Qəmbər arasında "soyuq savaş" başladı. Elçibəyin vəfatından bu yana məhz radikal müxalifəti təşkil edən Müsavat, AXCP və KXCP kimi partiyaların liderləri hakimiyyətə gəlmək uğrunda yox, müxalifətdəki mövqelərini aydınlaşdırmaq üçün mübarizəyə başladlar. Beləliklə, müxalifəti daxilindən parçalayan radikallar öz tərəfdarlarını da sürətlə itirdilər. Bu gün etibarilə "bir həsir, bir də Məmməd" qalan radikal müxalifətin seçkilərdə qalib gəlməsi üçün heç bir real şansı yoxdur.
"Bunlar 90-cı illərdə çox oyunlardan çıxdılar"
Siyasi analitik Elçin Bayramlı müxalifətin hər seçki ilində öz real gücünü ortaya qoya bilməməsinin səbəblərinin aydın olduğuna diqqət çəkib: "Bunlar 90-cı illərdə çox oyunlardan çıxdılar, ölkəni xarabaya döndərdilər, xaos, anarxiya mühiti yaratdılar. Nəticə də məlumdur - müharibəni uduzduq, bir çox güclü dövlətlərlə münasibətlərimiz korlandı, iqtisadi və sosial fəlakət baş verdi. Ümummilli lider xalqın dəstəyi ilə hakimiyyətə gələndən sonra vəziyyət düzəlməyə başladı. Lakin hələ də bəzi aldanmışlar bunların yanında qalmaqda davam edirdi. Getdikcə onlar da gördü ki, bunların dərdi-səri xalq, vətən deyil, Qərbdəki ağaların planlarına xidmət etmək və əvəzində fayda götürməkdir. Ona görə də, adamlar tədricən müxalifət partiyalarını və ictimai təşkilatlarını tərk etməyə başladı. Müxalifət axırıncı dayaqlarını da 2003-cü il seçkilərində itirdi. Xalq növbəti dəfə Heydər Əliyev siyasətini dəstəklədi".
"Minimum səs yığa bilməyən bir qüvvəni necə ciddi müxalifət saymaq olar?"
Elçin Bayramlı qeyd edib ki, bundan sonra radikal müxalifət başqa taktikaya keçdi, aşkar zəif olduğunu və heç minimum səs də yığa bilməyəcəyini görüb bir çox hallarda seçkilərdə iştirakdan imtina etməyə başladı. E. Bayramlının sözlərinə görə, bununla gözləyirdilər ki, xarici dövlətlər bunlara dəstəyi artıracaq, beynəlxalq təşkilatlar ölkəmizə təzyiq edəcək: "Hətta blok şəklində belə minimum səs yığa bilməyən bir qüvvəni necə ciddi müxalifət saymaq olar? Hətta ümumi qələbə naminə belə bu adamlar sözü bir yerə qoya bilmədilər, başçı kim olacaq məsələsini həll edə bilmədilər. Çünki yalnız marginal maraqlarını güdən adamlar müxalifət düşərgədə rəhbərlik monopoliyası yaradıblar. Başqa vaxt deyirlər ki, bəs hakimiyyətə gəlmənin demokratik yolu seçkilərdir, absurddur- bəs onda seçkilərdə niyə iştirak etmirlər? Bəli, boykot "mən zəifəm, ona görə də cığallıq edirəm" deməkdir. Hesab edirəm ki, müxalifətin güc yığa bilməməsində əsas səbəb xarici dairələr, hətta ermənipərəst mərkəzlərlə əməkdaşlıqlarının ifşa olması, ancaq şəxsi maraqlarını güdmələri, heç bir aydın siyasi və sosial-iqtisadi proqramlarının olmaması kimi səbəblərdən dolayı konkret olaraq xalqın inamını tam itirmələri ilə bağlıdır".
Ömər Zamin