Muğam bizim milli sərvətimizdir- Xanəndə Abgül Mirzəliyev ilə sənət və milli irs haqqında söhbət
18:10 Mədəniyyət Musiqi bəşər tarixinin ən qədim və ən təsirli sənət növlərindən biridir. O, təkcə səslərin harmoniyası deyil, həm də insanların duyğularını, düşüncələrini, sevincini, kədərini ifadə edən mənəvi bir dildir. Tarixin müxtəlif dövrlərində xalqlar öz mədəniyyətlərini, adət-ənənələrini və dünyagörüşlərini məhz musiqi vasitəsilə yaşatmış, nəsildən-nəslə ötürmüşlər. Bu mənada musiqi yalnız bir sənət sahəsi deyil, həm də xalqın milli yaddaşını qoruyan ən güclü vasitələrdən biridir.
Azərbaycan musiqi mədəniyyəti də zənginliyi və özünəməxsusluğu ilə dünya mədəniyyət xəzinəsində xüsusi yer tutur. Əsrlər boyu formalaşan milli musiqimiz xalqımızın həyat tərzini, mənəvi dəyərlərini və estetik dünyasını özündə əks etdirib. Bu zəngin irsin ən parlaq nümunələrindən biri isə heç şübhəsiz ki, muğam sənətidir. Muğam təkcə musiqi janrı deyil, o, xalqımızın düşüncə tərzinin, hisslərinin və mənəvi aləminin bədii ifadəsidir. Düşünürəm ki, muğamı dinləyərkən insan sadəcə bir ifanı eşitmir, eyni zamanda əsrlərin səsini, keçmişin nəfəsini və xalqın ruhunu hiss edir. Muğamın sehri də məhz bundadır. O, dinləyicini özünəməxsus bir mənəvi aləmə aparır, onu gündəlik qayğılardan uzaqlaşdıraraq daha dərin düşüncələrə sövq edir. Bu sənətin əsrlər boyu yaşayaraq bu günümüzə qədər gəlib çatması da onun nə qədər böyük mənəvi gücə malik olduğunu göstərir. Məncə, hər bir xalqın milli kimliyini müəyyənləşdirən əsas amillərdən biri onun mədəniyyətidir. Mədəniyyətin ən mühüm sütunlarından biri isə musiqidir.
Bu gün qloballaşmanın sürətlə yayıldığı, informasiya axınının insan həyatına güclü təsir göstərdiyi bir dövrdə milli dəyərlərin qorunması daha da aktuallaşır. Müasir texnologiyalar, sosial şəbəkələr və müxtəlif musiqi cərəyanları gənclərin zövqünün formalaşmasına təsir edir. Belə bir şəraitdə milli musiqimizin, xüsusilə də muğam sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, son illər bu istiqamətdə mühüm addımlar atılır, muğam müsabiqələri keçirilir, gənc ifaçılar üçün yeni imkanlar yaradılır.
Muğamın inkişafında və təbliğində bu sənətin daşıyıcıları olan xanəndələrin rolu danılmazdır. Onlar təkcə ifaçı deyil, həm də milli-mənəvi dəyərlərimizin qoruyucularıdır. Hər bir muğam ifaçısı səhnəyə çıxarkən təkcə öz sənətini deyil, bütövlükdə Azərbaycan musiqi mədəniyyətini təmsil edir. Bu səbəbdən muğam sənəti böyük məsuliyyət, zəhmət və fədakarlıq tələb edir. Güclü səs, musiqi biliyi və peşəkarlıq vacib olsa da, muğamın ruhunu yaşatmaq üçün sənətə sonsuz sevgi və bağlılıq da lazımdır. Düşünürəm ki, bu gün muğamın yaşaması və inkişaf etməsi üçün ən vacib amillərdən biri gənclərin bu sənətə marağının artırılmasıdır. Çünki hər bir milli sərvətin gələcəyi onu yaşadan və qoruyan yeni nəslin əlindədir. Muğamın məktəblərdə, mədəniyyət ocaqlarında və müxtəlif layihələr vasitəsilə təbliği milli irsimizin qorunmasına mühüm töhfə verə bilər.
Məhz belə sənət adamlarından biri də xanəndə Abgül Mirzəliyevdir. Uşaq yaşlarından muğama böyük maraq göstərən sənətkar bu sahədə təhsil alaraq öz yaradıcılıq yolunu formalaşdırıb. Muğam Televiziya Müsabiqəsində qazandığı uğur onun sənət həyatında mühüm mərhələyə çevrilib. Onunla söhbətimizdə sənətə gəliş yolu, muğamın bu günü, gənclərin milli musiqiyə marağı, sənətdə uğurun sirri və gələcək yaradıcılıq planları barədə danışdıq.

-Musiqi yolunuz necə başladı və "Muğam" televiziya müsabiqəsində əldə etdiyiniz uğur yaradıcılıq yolunuzda hansı imkanları yaratdı?
-Uşaq yaşlarımdan milli musiqimizi, xüsusilə muğam və aşıq sənətini çox sevmişəm. Bu sevgini mənə valideynlərim aşılayıblar. Onların musiqiyə olan münasibəti və milli dəyərlərimizə bağlılığı mənim də bu sənətə marağımın formalaşmasında mühüm rol oynayıb.
2005-ci ildə Şamaxı Mədəni-Maarif Kollecinə daxil oldum. Orada müəllimim Camal Dadaşov oldu və muğam sənətinin sirlərini ilk dəfə ondan öyrənməyə başladım. İki ildən sonra, 2007-ci ildə təhsilimi Asəf Zeynallı adına Musiqi Kollecində davam etdirdim. Burada isə müəllimim Xalq artisti Zabit Nəbizadə oldu. Hər iki müəllimimin mənim sənət yolumda böyük əməyi var.
Elə həmin il Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində iştirak etdim və ikinci yerə layiq görüldüm. Bu uğur mənim sənət yolumda ilk ciddi addımlarımdan biri oldu. Müsabiqə mənim tanınmağıma, sənət çevrəsində diqqət qazanmağıma və yaradıcılıq imkanlarımın genişlənməsinə kömək etdi. Təbii ki, sonrakı dövrlərdə müəyyən çətinliklərlə və maneələrlə də üzləşdim. Buna baxmayaraq, əldə etdiyim uğurlar mənə daha böyük həvəslə çalışmağa stimul verdi. Bu münasibətlə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna və Azərbaycan Televiziyasına minnətdarlığımı bildirirəm.
-Muğam Azərbaycan mədəniyyətinin ən qiymətli incilərindən biridir. Sizcə, bu sənətin gənc nəsil arasında daha geniş təbliği üçün hansı addımlar atılmalıdır?
-Bu gün ölkəmizdə muğam müsabiqələrinin keçirilməsi çox sevindiricihaldır. Hesab edirəm ki, bu müsabiqələr muğam sənətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Sevindirici məqam odur ki, gənclərimiz bu müsabiqələrə böyük maraq göstərir və fəal şəkildə iştirak edirlər. Bu maraq onu göstərir ki, muğam sənəti xalqımız tərəfindən hər zaman sevilir və yaşadılır. Muğam bizim milli sərvətimizdir. Ona görə də bu sənəti qorumaq, gələcək nəsillərə ötürmək və gənclərin muğama marağını daha da artırmaq hər birimizin borcudur.
-Muğam ifaçısı olmaq yalnız güclü səs deyil, həm də böyük məsuliyyət tələb edir. Siz bu sənətdə uğurun əsas sirrini nədə görürsünüz?
-Tamamilə doğrudur. Muğam ifaçısı üçün təkcə güclü səs kifayət etmir. İlk növbədə səsdə şirinlik, məlahət və dinləyiciyə xoş ovqat bəxş edən xüsusiyyətlər olmalıdır. İfaçı oxuduğu əsəri ürəkdən hiss etməli, onun məzmununu və ruhunu dərk etməlidir. Muğamları və xalq mahnılarını ifa edərkən sənətkar həmin əsərlərin duyğusunu yaşamalı və bunu dinləyiciyə düzgün şəkildə çatdırmalıdır. Məncə, uğurun əsas sirri də məhz səmimiyyətdə, sənətə sevgi ilə yanaşmaqda və ifa olunan əsəri hiss edərək təqdim etməkdədir.
-Müasir dövrdə muğam sənətinin qarşılaşdığı əsas çətinliklər hansılardır? Bu problemlərin həlli üçün nələrin edilməsinə ehtiyac var?
-Muğam sənəti əsrlər boyu yaşayıb və bu günümüzə qədər gəlib çatıb. Bu faktın özü onun nə qədər möhkəm köklərə malik olduğunu göstərir. İnanıram ki, bundan sonra da muğam xalqımızın ən sevimli musiqi janrlarından biri olaraq qalacaq. Bu gün müxtəlif musiqilər meydana çıxır. Bəzən məzmun baxımından zəif olan mahnılar da yaranır. Lakin belə əsərlər uzunömürlü olmur və zamanın sınağından keçə bilmir. Muğam isə dərin mənəvi dəyərlərə söykəndiyi üçün hər dövrdə öz aktuallığını qoruyub saxlayır. Ona görə də muğamın yaşaması və inkişaf etməsi üçün onun təbliği daim davam etdirilməlidir.
-Qarşıdakı dövr üçün yaradıcılıq planlarınız nələrdir? Dinləyicilərinizi hansı yeni layihələr, konsertlər və ya musiqi işləri ilə sevindirməyi düşünürsünüz?
-Təşəkkür edirəm. Qarşıda həyata keçirməyi planlaşdırdığım bir çox yaradıcılıq layihələri var. Hazırda bu istiqamətdə müəyyən düşüncələr və hazırlıq işləri aparılır. Allah qismət eləsin, planlaşdırdığım layihələri uğurla həyata keçirə bilim və dinləyicilərimə yeni musiqi işləri təqdim edim.
Zeynəb Mustafazadə