Budda. Müdriklik, mərhəmət və azadlıq carçısı

Firuz Mustafa

Loqos       

Buddizm Buddadan başlayır. "Budda" sözü "oyanmış" və ya "həqiqətə tapınmış" mənasını verən bir titul kimi istifadə olunur. Budda Sidhartha Qautama adı ilə dünyaya  gəlib. O, özünü nə  tanrı, nə də peyğəmbər elan edib. Budda yaşarı bir insan olub və həyatın ən dərin mənasını öyrənərək maariflənmiş bir şəxsə çevrilib. Budda, əslində mənəvi müəllim, ilhamverici şəxsiyyət, filosof, nəhayət üç mühüm dünya dinindən birinin qurucusu kimi tanınır.

Budda Siddhartha Qautama təxminən  iki min beş yüz il əvvəl şah ailəsində doğulub. (Çox vaxt onun kral ailəsində dünyaya gəldiyi göstərilir. Əslində kral titulu 13-cü əsrdən yaranıb.-F.M.) Çoxları onu asiyalı kimi təsvir etsə də, əslində Budda, Avropalıya daha çox bənzəyib. Ehtimal var ki, onun nəsli bir neçə əsr əvvəl, böyük köç dövründə, indiki Ukrayna ərazisindən Şimali Hindistana köç etmişdir. Budda döyüşçülər kastasına aid idi. Mətnlərdə onun uzun boylu, güclü və mavi gözlü olduğu qeyd olunur.

Onun valideynlərinin ölkəsi indiki Nepalın cənub sərhədlərində, Kapilavastu şəhəri ətrafında yerləşirdi. Bu, Hindistanın çox zəngin,  əhalisi seyrək olan   bir bölgəsi idi. Arxeoloji qazıntılara görə, burada həmin dövrdə kanalizasiya sistemi və mərkəzi istilik sistemi mövcud idi ki, bu da müasir Nepalda belə nadir haldır. Budda, məsələn İsa peyğəmbər kimi, bakirə doğumla dünyaya gəlməmişdi.  Buddanın anası hamiləlik ərəfəsində çox parlaq və qeyri-adi bir yuxu görmüşdü. Rəvayətə görə gələcək Buddanın anası o doğulduqdan bir həftə sonra dünyasını dəyişib. Uşaq anasının bətninə düşən gecə Maha Mayya yuxusunda altı dişli bir ağ filin onun bətninə girdiyini görür. Yuxunu yozan brahmanlar bildirirlər ki, şahın arvadı ya dünyanı fəth edəcək bir qəhrəman, ya da böyük kahin dünyaya gətirəcək.

Nəhayət, yuxu çin çıxdı və sağlam, gözəl bir körpə dünyaya gəldi. Amma zamanla valideynlərin narahatlığı artmağa başladı. Çünki oğullarının ətrafında izaholunmaz olaylar baş verirdi. Məsələn, deyilənlərə görə, bu uşaq ilk addımlarını atanda ayağının dəydiyi yerlərdə çiçəklər açırdı. Bu, bəlkə də şairlərə və filosoflara uyğun bir əlamət idi, lakin döyüşçü və ya sərkərdələr üçün tamamilə qeyri-adi bir hadisə idi.

Vəziyyətdən baş açmayan ata üç müdrik şəxsi dəvət edib, oğlunun gələcək taleyi haqqında öyrənmək istədi. Onlar bir ağızdan belə dedilər: "Bu oğlan doğrudan da fərqlidir. Əgər o, dünyanın əzab-əziyyətlərindən uzaq qalarsa, gözləntilərinizi doğruldacaq. Döyüşçü və qəhrəman kimi qonşu krallıqları fəth edəcək və siz onunla fəxr edəcəksiniz. Amma əgər dünyanın əzab-əziyyətlərlə dolu olduğunu başa düşsə, hər şeydən imtina edəcək və maariflənmiş bir şəxs kimi zəngin biliklərə sahib olacaq".

Ata təbii ki, oğlunun bir hökmdar olmasını istəyirdi, ona görə də onu, sağlam gəncə gərək olan hər şeylə təmin etdi. Şahzadəni ən gözəl qadınlar əhatə edirdi. İdman, döyüş sənəti, əyləncə və təhsil üçün ən yaxşı şərait yaradılmışdı. Ata onu ətraf cəmiyyətdən gizlətməyə qərar verir. Şahzadə üçün üç saray tikilir. Ona ən yaxşı döyüş ustaları dərs keçir. Onun ürəyi istədiyi hər şeylə istədiyi qədər təmin olunur. Heç bir şeydən ehtiyacı olmayan şahzadə onaltı yaşında evləndirilir. Şahzadəyə dörd min qulluqçu xidmət edir. Bəzi mətnlərə görə, Gautamanın üç arvadı, qızları və tək oğlu Rahula olub.  29 yaşına qədər şahzadə ancaq xoşbəxtlik içində yaşayıb. Buna baxmayaraq saray həyatı Siddhartanı bezdirir. O, mükəmməl döyüşçü olsa da, döyüş sənətinə həvəs göstərmir. Şahzadə özünü dərk etməyə cəhd edir.

Bir gün ona saraydan çıxmaq nəsib olur. İlk dəfə sarayı tərk edən Siddhartha Qautama birdən-birə  həyatın acı reallıqları ilə qarşılaşdı. O, əvvəlcə ağır xəstə bir insan, sonra qoca və zəif bir kişi, daha sonra isə ölü bir insan cəsədi gördü. Bu mənzərələr sanki onun həyatını dəyişdi. Gördüklərindən təsirlənən, həyatın amansızlığını dərk edən şahzadə dərin fikirlərə qərq oldu. Nəhayət, Siddharta bir zahidlə (kahinlə)  rastlaşdı. Və Siddharta başa düşdü ki, atasının hakimiyyəti, var-dövləti onu həyatın ehtiyaclarından, dəhşətli əzablarından, xəstəliklərdən və nəhayət ölümdən qoruya bilməz.

Onu heyrətə gətirən isə bu qədər dəhşətli bir həyatın içində öz yoluyla sakitcə gedən kahin olur. Zahidin arxasınca yola düzələn şahzadə Siddharta dəbdəbəli sarayları, arvad- uşaqlarını birdəfəlik buraxır. Artıq onun tək hədəfi həyatın sirrini öyrənmək və özünü dərk etməkdi.

Bir neçə gün ərzində  anladı ki, həyatda mövcud olan hər şey, məsələn, şöhrət, dostlar, sərvət, bir gün yoxa çıxacaq. Sabahısı gün o, sanki yuxudan başqa bir adam kimi oyandı.  Onun dünyaya baxışı tamamilə dəyişmişdi. Qautamanın gəldiyi qənaət belə idi: ağıl hər şeydən yüksəkdədir. İnsanlar dərin ağıl sahibi olmalıdırlar. Beləliklə, o, özünü reallığın dərin qatlarına enməyə vadar etdi.

İndi şahzadənin əlində bir ipucu vardı: o, artıq anlamağa başlamışdı ki, yalnız qəbul edənə etibar etmək lazımdır, qəbul edilənə yox. Yəni dəyişkən obyektlərə, aynaya, şəkillərə yox, daimi olanlara arxalanmaq gərəkdir. Meditasiyada oturmuş bir insanın görünüşü ona çox şeyi anlamağa imkan verdi. O, bildi ki, qəbul edən ağıl məhv olunmazdır, zira hər şeyi mümkün edir, hər şeyi bilir və onun parlaq gücü sərbəst oyunla hər şeyin baş verməsinə şərait yaradır, onun hüdudsuz sevgisi isə hər şeyi bir-birinə bağlayır. 

Sanki bir an içində Siddhartha başa düşdü ki, axtardığı sonsuz həqiqət onun öz ağlından başqa bir şey deyil. Lakin bunu sadəcə bilmək hələ kifayət deyildi. Qautama məqsədi görürdü - lakin həmin məqsədə çatmaq yolunu tapmaq lazım idi. O dövrdə həyatın şərtlərini, məsələn, məhəbbəti, yuxunu, təhsili və digər nəsnələri  mənəvi yola daxil edən "ötmə zolaqları" mövcud deyildi. Belə güclü vasitələri dünyaya yalnız Budda öz maariflənməsindən sonra gətirmişdi.    

Beləliklə, o dövrdə maraqlı həyat yaşayıb birbaşa təcrübənin pələnginə minərək maarifə doğru çapmaq mümkün olmadığı üçün şahzadə, daha yavaş və asketik yola üstünlük vermək məcburiyyətində qaldı. Belə hallarda ağla daxil olan təsir miqdarını azaltmaq məntiqli idi.

Zəngin şah oğlu gecələrin birində dəbdəbəli cəmiyyət həyatını tərk edərək saraydan qaçıb Şimali Hindistanın meşələrinə və təpələrinə üz tutdu. İndi onun böyük bir məqsədi var idi - ağılın zamansız təbiətini dərk etmək.

Gələcək Budda bütün canlıların xeyri naminə insanı olduğu kimi dərk etmək istəyirdi və heç bir şeydən qorxmurdu, hər şeyi təmənnasız öyrənirdi. Növbəti altı il çox çətin keçdi, lakin bu illər ona böyük bir yetkinlik qazandırdı. Məsələn, bir dəfə Siddhartha ifrat dərəcəyə çataraq bədəni gərəksiz bir orqanizm hesab etdi və o qədər oruc tutdu ki, yalnız bir skelet kimi qaldı. O, düşünürdü ki, hissiyyat təsirlərinin azaldılması ağılın aydınlığını artırmalıdır. Lakin gözlənilən nəticə əvəzinə şahzadə başa düşdü ki, bu vəziyyətdə nə özünə, nə də başqalarına faydalı ola bilməz - bu zaman o yenidən normal qidalanmağa başladı və bədəni əvvəlki gücünü bərpa etdi.

Bəs Budda necə Budda oldu? O, öz intuisiyasına güvənməyi və birbaşa təcrübə əsasında öyrənmək yolunu seçdi. Bodhi ağacı altında oturaraq, maariflənməyə nail olana qədər oradan qalxmayacağına and içdi. Qırx gün sonra, may ayının dolunay gecəsində Siddhartha ali azadlığa nail oldu. Buddistlər inanırlar ki, o, bu dövrdə dünyanın qalan hər şeyini üstələyən bir varlıq halına gəldi. Adi təcrübə tərbiyə, psixologiya, inam və qavrayış xüsusiyyətləri ilə şərtlənmiş olsa da, maarifləndirmə əsas vasitədir. Budda asılılıq, qəzəb və nadanlıqdan uzaqdır. Onun xüsusiyyətləri müdriklik, mərhəmət və azadlıqdır.

O, artıq Budda idi.

Budda 45 il şagirdlərinə təlim keçdi.

Maariflənmədən sonra Buddanın bir sıra fövqəltəbii qabiliyyətlərə malik olduğu hesab olunur. Bunlara meditasiya vasitəsilə əldə edilən suyun üstü ilə gəzə bilmək, divarlardan keçmək, görünməz olmaq, havada uçmaq və öz surətlərini yaratmaq daxildir.

Ölümünə az qalmış onun minlərlə şagirdi vardı. Ölümünü özü elan etdiyi gün o, səksən  yaşını tamamlamışdı. Lakin buna  baxmayaraq, heç də qocalmayıbmış. Bütün sifət cizgiləri və fiziki görünüşü otuzbeş yaşındakı formasını qoruyub saxlayıbmış. Buddanın heç bir zaman xəstələnmədiyi və "oyandıqdan" sonra heç bir halda fiziki ağrı yaşamadığı da iddia olunur.

Günorta Budda, şagirdlərini ətrafına toplayıb tezliklə öləcəyini elan etmiş və yemək istəmişdi. Deyilənə görə, sevimli şagirdlərindən olan dəmirçi Kunda ona meşədən topladığı göbələkləri gətirib bişirir.Ustad, göbələkdən zəhərlənir. Bu zaman Kundanın hıçqıra-hıçqıra ağladığını görən Budda deyir: "Sən mənə son xidmətini göstərdin. Baş verənlər səninlə əlaqəli deyil".

Sonra Ustad üzünü şagirdlərinə tutub son sözünü deyir: "Mənim sizə söylədiklərimə inanmayın, amma söylədiyim hər şeyi özünüz təcrübədən keçirin. Özünüz öz yolunuza işıq saçın. Bütün gücünüzlə özünüzü azad etməyə cəhd edin". Budda şagirdlərinə liderin arxasınca deyil, təlimin arxasınca getməyi vəsiyyət edir.

Bir versiyaya görə, Budda öləndən sonra onun cəsədi yandırılaraq, çahlara xas olan yüksək qaydada,ehtiramla dəfn olunduğu deyilir. Digər versiyaya görə, ölümündən sonra şagirdləri onun bədənini səkkiz hissəyə ayırırlar. Həmin hissələri müxtəlif yerlərə aparır və xüsusi tikilmiş məbədlərdə qoruyurlar. Bəzi iddialara görə Buddanın bəzi bədən hissələrinin qorunduğu yerlər günümüzə qədər çatıb. Misal üçün iddia olunur ki, Şri-Lankada bir məbəddə Buddanın çənəsi saxlanılır.

Buddistlər inanırlar ki, Budda ölməyib.

Buddanın dörd vacib və  möhtərəm Həqiqəti buddizmin əsas təlimini təşkil edir. Onlara daxildir:

1.Bütün mövcudluq - dukxadır (san.) Bu söz müxtəlif cür tərcümə olunur: "əziyyət", "iztirab", "ağrı", "narazılıq". Budda bu nəticəyə gəlmişdir ki, bütün həyatımız mübarizədir və biz ətrafımızdakı şeylərdə sonsuz xoşbəxtlik və ya məmnunluq tapa bilmirik. Bu problem varlığımızın ayrılmaz bir hissəsidir.

2.Dukxanın səbəbi - ehtiraslı arzular. İnsan üçün problemlərinin səbəbini xarici amillərdə görmək təbiidir. Lakin Budda deyir ki, problemlərin əsl kökü insanın öz düşüncəsindədir. Xüsusən də, bizim şeylərə yapışmaq (və ya onlardan uzaqlaşmaq) vərdişimiz həyat reallığı ilə ziddiyyət təşkil edir.

3.Dukxanın sona çatması ehtiraslı arzuların aradan qaldırılması ilə baş verir. Çünki əzablarımızın əsas səbəbi biz özümüzük və onun həlli də elə bizdədir. Biz baş verənləri dəyişdirə bilməsək də, reaksiyalarımızı dəyişə bilərik.

4.Dukxadan azadlığa aparan bir yol mövcuddur. Budda məsuliyyəti insanın öz üzərinə qoysa da, dəyişməyə kömək edəcək üsulları da öyrədir. Bu üsullardan biri "Əzəmətli səkkizqat yol" kimi tanınır. Buraya daxildir: nöqteyi-nəzərlər, duyğular, hərəkətlər, danışıq, güzəran, səylər, diqqət və düşüncə.

Buddizmdə insan öldürməyin qadağan olunması, ənənəyə görə ölüm cəzasına, evtanaziyaya, özünü öldürmə hallarına və abortlara qəti şəkildə qarşı çıxmağı nəzərdə tutur. İkinci əhd isə könüllü verilməmiş bir şeyi götürməməyi, oğurluqdan imtina etməyi əhatə edir.

Budda, buddizmin əsas anlayışlarına görə tanrı, "insanlar və ali qüvvələr arasında vasitəçi" və ya xilaskar deyil, ağıllı varlıqları sansaradan (sansara-ruhani doğuluş və ölüm dairəsi-F.M.) çıxara biləcək müəllimdir.

Bəzən isllam ilə buddizm arasında oxşarlıq axtarırlar. Əslində isə onlar arasında xeyli fərqlər vardır.  Bir tərəfdən İslam tək Allaha inanan monoteist bir dindir, digər tərəfdən buddizm əsasən qeyri-teist bir din olub maariflənməyə önəm verir. Bu səbəbdən, hər iki dinin öhdəlikləri də əsaslı şəkildə fərqlidir. Quranda Buddanın adı birbaşa qeyd edilmir, bəzi peyğəmbərlər kimi tarixi qeydlərdə adları çəkilməyənlər arasındadır. Lakin inklüziv bir müsəlman digər dinlərdə, o cümlədən buddizmdə müəyyən həqiqət elementlərini qəbul edir və tanıyır.

Bir neçə kəlmə də Buddanın bizə məlum olan təsvirləri haqqında. Əgər fikir vermisinizsə,   bütün şəkillərdə Buddanın həmişə belində daşıdığı parça torbadan başqa, başqa bir  "torba" - böyük qarnı da var. Buna görə Buddaya tez-tez "Kök Budda" deyirlər. Qədim inanca görə, insanın həyat enerjisinin (çi) ehtiyatı  qarında yerləşir!

Bəs niyə təsvirlərdə Buddanın dörd üzü var? Şərq müdrikliyi deyir: "Özünü kədərdən azad etsən təbəssümü anlaya bilərsən, özünü qəzəbdən azad etsən həqiqətən xoşbəxt insan olarsan".  Dördyüzlü Buddanın başı dörd əsas insan emosiyasını simvollaşdırır: xoşbəxtlik, qəzəb, sevinc və kədər.

Bəs Buddanın sinəsindəki naxış nəyə işarədir? Svastika - ezoterik buddizmin simvolu, həm də kamilliyin nişanıdır. Buddanın bir çox təsvirində svastika mövcuddur, çünki buddistlər svastikanı Budda qanununun simvolu kimi görürlər.

Portret və heykəllərdə Buddanın iri qulaqları da diqqəti çəkir. Bir versiyaya görə, böyük qulaqlar ona dünyanın səslərini (əzabları) eşitməyə və bu əzabları yüngülləşdirmək üçün cavab verməyə imkan verir. Təkcə Budda deyil, müəyyən səviyyədə maariflənmə əldə etmiş buddaçılar da belə qulaqlarla təsvir olunur.

Bir neçə kəlmə də buddistlərin məişəti və mətbəxi haqqında. Buddistlərin  "daxili təqdimatda" beş növ əti yemək qadağandır: insan, it, at, fil və camış əti.  Ənənəvi olaraq inanclılar heyvanat məhsullarından - ət, balıq və yumurta yeməkdən imtina edirlər. Çinin, Tayvanın, Vyetnamın və Koreyanın fərqli  buddist ənənələrində ət yemək qadağandır.

Buddizmin tənqidi bəzən çox kəskin və barışmaz olur. Buddizmin sülhpərvər din olmadığına dair əsas sübutlar arasında Cənub-Şərqi Asiyanın orta əsrlərdəki buddist dövlətlərinin çoxsaylı münaqişələri göstərilir.

Buddanın yeni təlimi uzun əsrlər boyu Hindistanda formalaşmış və hind insanının ruhuna hopmuş brahmanizmin təməl prinsiplərinə zidd idi. Brahmanizm hər şeydən əvvəl insanları siniflərə ayırır, onları kastalara bölərək idarə edirdi. Hətta bu gün belə əminliklə söyləmək olar ki, hind dininə tapınan hindlilər üçün kasta anlayışı özünüdərk anlayışı idi. Lakin bu şəxsiyyəti və insanı alçaldan və onu sosial zümrələrə ayıran bir özünüdərk anlayışı idi ki, bu anlayış ancaq qul psixologiyası yaradırdı.

Bu anlayışa görə hind cəmiyyətində ən yüksək kastaya məhz ruhani sinif, brahmanlar aiddir. Brahmanllar fiziki işlərlə məşğul ola bilməzdilər. Ancaq onların qadınları ev işləri görə bilərdilər. Onların bütün ehtiyaclarını isə digər kastaların üzvləri yerinə yetirməliydilər. Brahmanlar ancaq öz zümrələrindən evlənə bilərdilər.

İkinci sırada kşatrilər dayanırlar. Bu zümrəyə ancaq şahlar, dövlət qulluqçuları və döyüşçülər aid olunurlar. Onların vəzifəsi dövlətdə və orduda vəzifə almaq və torpaqları qorumaqdır. Bu kastada kişilər aşağı kastanın qadınları ilə evlənə bilsələr də, qadınlar heç bir vəchlə digər kastaların kişilərinə ərə gedə bilməzdilər.

Üçüncü zümrəyə vayşilər deyilir. Bu kastaya ticarətlə və maliyyə işləri ilə məşğul olanlar aiddilər.

Dördüncü kasta isə şudra adlanır və bu zümrədə kəndlilər toplanıb. Həmçinin bu kastaya bir çox fiziki əməklə məşğul olan insanlar - dəmirçilər, sənətçilər, bərbərlər və s. sənət sahibləri məxsusdur.

Və nəhayət, hind cəmiyyətinin tamamilə özündən kənarlaşdırdığı "toxunulmazlar" kastası. Bu zümrəyə dilənçilər, fahişələr, qəssablar, küçə süpürənlər və s. qara işləri görən insanlar daxildi. Digər kastaların üzvlərinin sonuncu kastanın nümayəndələri ilə təması günah hesab olunur. Onlara ümumi su quyularından istifadə etmək və digər zümrələrin nümayəndələrinin evlərinə daxil olmaq yasaqdı. Çünki "toxunulmazlar" haram və murdar insanlar hesab olunurdu.

Budda məhz brahmanizmin bu dəhşətli sosial bərabərsizliyini ortadan qaldırmaq üçün altı il boyunca sərgərdan dolaşmış və özünü hər cür məhrumiyyətlərə düçar etmişdi. Sonunda o, doğru yolu tapmışdı. Buddanın təlimində sosial zümrələr və siniflər yoxdu. Buddanın özünüdərk təlimində xeyirxahlıq birinci və əsas mahiyyətdi. Bu mahiyyətə görə insan İsa Məsihin dediyi kimi öz yaxınına deyil, hər kəsə qarşı xeyirxah olmalıydı. Heç kimə pislik arzulamaq olmazdı. Heç kimin bədbəxtliyinə sevinmək olmazdı.

Budda hər kəsi bərabər görürdü. Ancaq insanlar azad deyildilər. Azad olmaq üçünsə, özünüdərkə yetməli və qəflətdən ayılmalıydılar. Buddanın təliminin əsas mahiyyəti də əslində elə beləydi: "Hər kəs xeyirxah olacaq və özünüdərk yolu ilə özünü xilas edəcək".

Budda mülkiyyəti rədd edirdi. Lakin o bunun əvəzinə heç bir alternativ irəli sürmürdü. Çünki özünü dərk edən insan üçün heç bir həyat nemətinin anlamı yox idi. Buddanın təliminə görə hər şey ancaq özünüdərklə gələcək və hər bir şəxs özünü xilas etdikdən sonra insan və həyat iztirablardan qurtaracaqdı.

Buddanın irəli sürdüyü bu ideyalar özlüyündə brahmanizmin təməlini dağıdır və sosial bərabərsizliyə, həmçinin insan iztirablarına son verəcək yolu göstərirdi. Brahman olsa belə, özünü dərk etdikdən, "nirvanaya" yetişdikdən sonra, hətta brahmanlar belə kastaların varlığını rədd edəcəkdi.

Əslində Buddanın ideyalarının qalib gəlməsi hələ onun zamanında brahmanizmin ciddi böhran keçirməsi ilə əlaqədardı. Heç bir vahid təmələ malik olmayan köhnə Riqveda himnləri insanlar üçün heç bir mahiyyət kəsb etmirdi. Kahinlərin sonsuz hakimiyyəti fiziki işlə məşğul olan insanların həyat şəraitini dözülməz vəziyyətə gətirmişdi.

Budda cəmiyyətə heç bir inqilab vəd etmirdi. O, heç kimin hüquqlarını belə müdafiəyə qalxmırdı. O yalnız bir şeyi- insanın kamillik yoluna qədəm qoyaraq qəflətdən ayılmasını istəyirdi. Onun təliminə görə, hər kəs özünü xilas etməlidir.

Buddanın bütün heykəllərinin cizgilərindəki sakitlik və hüzur adamı heyrətə gətirir. Onun çağırışlarınında da azacıq belə üsyan notları eşidilmir.

Bir dəfə şagirdlərindən biri soruşur:

- Əgər biri bizi vurarsa nə edək?

Budda cavab verir:

- Əgər sənin başına ağacın qurumuş budağı düşsə nə edərsən?

- Heç nə. Bu adi təsadüfdü.

- O zaman biri səni vuracaqsa, eyni cür qəbul elə. Kimsə əsəbiləşib səni vuracaqsa, buna görə narahat olmağa dəyməz. Sən sadəcə öz yolunla get. Elə bil ki, heç bir şey olmayıb.

Budda heç bir halda insanlar arasında qeyri-bərabərliyi qəbul etmirdi. Buddaya görə, bütün insanlar bərabərdilər və eyni sosial mahiyyət daşıyırlar. Cəmiyyətin tək problemi insanların qəflət içində olmasıdır.

Buddanın təlimində Tanrının anlayışı yoxdur. O heç bir moizəsində Tanrıdan bəhs etmirdi.  Amma əslində, Budda Tanrıya inanırdı. Tanrının var olduğunu da hər kəsdən yaxşı bilirdi. Amma o, heç kimə Tanrını nişan vermirdi. Heç kimə də Tanrının adından nəsə vəd etmirdi. O hansısa möcüzə ilə də özünü isbatlamağa cəhd göstərmirdi. O, sadəcə Tanrıya gedən yolu göstərmək istəyirdi. Kimin bu yolu gedib-getməməsi isə hər şəxsin özündən asılıdı. Başqa sözlə, hər kəs Tanrını özü tapmalı və ona qovuşmalıdır. Özü kamil bir insan olan Budda kamilliyi məhz bu cür anlayırdı.

Budda qeyd edirdi ki, əzablar birbaşa xəstəliklərdən və ya ölümdən qaynaqlanmır, əksinə, bizim baş verənlərə münasibətimizdən yaranır. Bu, Buddanın belə bir fikrə gəlməsinə səbəb oldu ki, bütün dünya yalnız bizim zehnimizdə mövcuddur.

Buddistlər inanırlar ki, insan həyatı əzab və yenidən doğulma dövrüdür, lakin bir insan maariflənmə, bilgilənmə, kamilləşmə (nirvana) vəziyyətinə çatarsa, bu dövrdən sonsuza qədər xilas ola bilər. Siddhartha Qautama bu maariflənmə vəziyyətinə çatan ilk insan olub və buna görə  də ona Budda deyilir.

Buddanın bir çox fikirləri bu gün də öz əhəmiyyətini saxlayır. Məsələn, Budda xoşbəxtliyi belə izah edirdi:  "Sənə aid olmayanı burax. Azad olduqda uzunmüddətli xoşbəxtlik və rifah əldə edəcəksən". "Başqasının səni xoşbəxt və ya bədbəxt edə biləcəyini düşünmək ağılsızlıqdır". "Əgər daha kiçik xoşbəxtlikdən imtina etməklə daha böyük birinə çatmaq mümkündürsə, qoy müdrik insan daha böyüyünü əldə etmək ümidi ilə kiçikdən vaz keçsin".

Budda həyat və güzəran haqqında deyirdi: "Bugünkü halımız dünənki düşüncələrimizin nəticəsidir, bu gün düşündüklərimiz isə sabahkı həyatımızı yaradır". "Həyatı asan olan insan, qarğa kimi həyasız, sərt, təkəbbürlü, düşüncəsiz və xarab bir varlıqdır". "Gənclərə qarşı yumşaq, yaşlılara qarşı şəfqətli, zəiflərə və yanlış yolda olanlara qarşı səbirli olun".

Sevgi  haqqında Budda söyləyirdi: "Həqiqi sevgi anlayışdan doğur.""Nifrət yalnız sevgi ilə məğlub edilir". "Sən özün, bu kainatda heç kimdən az olmamaq şərtilə, sevgi və bağlılığına layiqsən".

Buddizm heç də bütpərəst bir din deyil. Sağlığında Budda öz təlimini, heç din olaraq da təqdim etməyirdi. O, sadəcə olaraq insanlara azad olmağın yolunu göstərirdi və deyirdi ki, "axtaran insan Tanrını özü tapmalıdı"- deyə, bildirib. Tanrının necəliyi isə yalnız "oyanmıqla", yəni kamilləşməklə bəlli ola bilər. Sonradan onun bütlərinin, heykəllərinin yüksəldilməsi və onun Tanrı elan edilməsi təbii ki, Buddanın təlimi ilə yaxından-uzaqdan əlaqəli belə deyildi.

Budda özü özünü xilas etmişdi. Qəflət yuxusunda olanlar isə zənn etdilər ki, Buddanın heykəlinə tapınmaqla özlərini xilas edə bilərlər. Əslində bu xüsusiyyət bütün dinlərdə və inanclarda özünü əks etdirir. Ağlama divarından kömək uman yəhudi ilə, ikonalardan və Məsihin obrazından xilas uman xristianlarla, pirlərdən kömək diləyən müsəlmanlarla, Buddanın heykəlinə təzim edən buddistlər arasında faktiki olaraq heç bir fərq yoxdur.

Budda tarixdə ilk dəfə insanlar arasında sosial bərabərlik anlayışını diqqət mərkəzinə  gətirdi. Onun təqdim etdiyi sosial bərabərlik və azadlıq hər nə qədər mistik idisə də, bir o qədər idealdı. Mülkiyyət hüquqnu rədd edən Buddanın təlimində inqilab anlayışı yoxdu. O sülh və hüzur təlim edirdi. Bu hüzurun içində özünü dərk etmiş insan Böyük Harmoniyaya qovuşurdu. Bütün məsələ bundan ibarətdir.

Budda həmçinin özündən sonra gələn səmavi dinlərin mənəvi və ideoloji əcdadıdır. İsa Məsihin və Məhəmməd peyğəmbərin insanlara gətirdikləri xilas yolu, Buddanın gətirdiyi xilas yolunun təkmilləşdirilmiş forması idi. Yəni İsa Məsih, Buddanın mistik xilas yolunu daha realist inqilabi ideyalarla zənginləşdirdi və Məhəmməd peyğəmbər bu inqilabı gerçəkləşdirən şəxs olmuşdu.

Qərb fəlsəfəsi özünüdərki və kamilliyi (nirvananı) həmişə bir boşluq, "yoxluq" kimi təsəvvür edib. Qərblinin təsəvvüründə özünüdərk, olmayan bir şeyi axtarmaqdır. Ona görə də qərbli hər zaman iliyinə qədər realist və materialist olaraq qaldı. Xristian dini bu günə qədər, hələ ki, İsa Məsihin asketik və mistik təlimini tam olaraq həzm edə və qəbul edə bilmir. Bütün hallarda xristianlıq materializm üzərində inkişaf etdirilib və bu xüsusiyyət Qərb dünyasının hegemoniyasının əsasını təşkil edir. Qərb üçün təsəvvüf və ürfan bir elm deyil, sonu görünməyən bir boşluqdur ki, hər zaman mistik ideyalara tapınan Şərq məhz bu boşluqda çabalamaqdadır.

Budda mərhəməti bütün canlılara vacib bir prinsip kimi vurğulayıb.

Budda ideallaşdırmadan qaçmağı və qəbul etməyi təşviq edir.

"Keçmişlə yaşamayın, gələcək haqqında xəyallara dalmayın, zehninizi indiki ana cəmləşdirin".

Budda təliminin əsas prinsiplərindən biri budur: "Bütün dünyada sənin sevgini və qayğını səndən daha çox haqq edən birisini axtara bilərsən, amma onu tapa bilməzsən. Sən özün, bu dünyada heç kimdən az olmamaq şərtilə, sevgi və qayğıya layiqsən".

Belə bir qənaətə gəlmək olar ki, buddizm məhz insana sevgi, diqqət və qaygı üzərində köklənmiş bir təlimdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31