HÜSEYN RAZİ YARADICILIĞININ DİL-ÜSLUB VƏ SƏNƏTKARLIQ XÜSUSİYYƏTLƏRİ- HÜSEYN RAZİ – 100
8 Mart 2024 10:00 MədəniyyətMüasir Naxçıvan ədəbi mühitinin orta nəslinə mənsub olan Hüseyn Razinin poeziyası, tam məsuliyyətlə demək olar ki, ədəbi hadisədir. Onun ədəbi imkanları xalqın poetik düşüncə sisteminə arxalanır. Ulu Naxçıvan torpağının yetişdirdiyi şairin ədəbi irsi sarsılmaz özülə malik olan milli-mənəvi söz bağçasından bəhrələnib. Özünəməxsus dəsti-xətti olan şair ədəbiyyat aləmində öz yolunu müəyyənləşdirmış və yeni cığır açmışdır. Onun poeziyası ideya-məzmun cəhətdən zəngin, çoxşaxəli, orijinal olduğu kimi, dil-üslub xüsusiyyətləri ilə də seçilir. H.Razinin baza ixtisası Azərbaycan dili və ədəbiyyatı müəllimliyi olduğu üçün o, əsərlərində real faktlar və nümunələrlə Azərbaycan dilinin inkişafına, zənginləşməsinə qiymətli töhfələr vermişdir. Bu istiqamətdə araşdırma apararkən şairin bədii sənətkarlıq məziyyətləri də diqqəti cəlb edir. H.Razi əvvələn vətəndaş ziyalıdır, sonra vətəndaş şairdir. M.Arazın təbirincə desək: "Vətən daşı olmayandan, Olmaz ölkə vətəndaşı". H.Razi, sözün həqiqi mənasında, təpədən-dırnağacan vətən sevgili, yurd məhəbbətli şair olub. "Xoşbəxtdir vətəndən ilham alanlar", - deyən şair onun hər daşına, hər qayasına sığınıb, şeirinin baş obrazına çevirib, misraların mayasına hopdurub. Şairin doğulub, boya-başa çatdığı Dəstə kəndinin vəsfində də biz bu elementləri görürük. Oxucu ruhunu isidən şair "Dəstə kəndi" şeirində bu yurd sevgisinin poetik tablosunu yaradır:
Xan Araz asılıb ətəklərindən,
Arxası söykənib Kəmki dağına.
Heyrətlə baxıram sübh çağında mən,
Bu kəndin yuxudan oyanmağına.
El-obaya sarsılmaz sevgi, xeyirxahlıq, haqq-ədalət duyğusu, vicdan borcu, saf və təmiz məhəbbət, həyat haqqındakı poetik düşüncələr onun şeirlərinin başlıca mövzusu olsa da, Vətənə məhəbbət "şöhrət zirvəsinə" gedən yolun əbədi mövzusudur:
Doğma beşiyimiz, eşqimiz Vətən,
Vətən ən möhtəşəm odlu sevgidir.
Vətən torpağından ayrılıb gedən
Bəlkə də dünyanı tərk edib gedir.
Ana laylasından, ana dilindən,
Ana vüqarından güc almışıq biz.
Bu qüdrət, bu qürur Çənlibelindən
Şöhrət zirvəsinə ucalmışıq biz .
H.Razinin "Həmişəbahar" adlı şeirlər çələngi mövzu və mündəricə baxımından diqqətçəkir. Kitabın "Naxçıvan lövhələri" adlı bölməsinə daxil edilən "Naxçıvandadır", "Əlincə qalası", "Ordubada gəlin", "Duz dağı", "Salvartı", "Batabat", "İlanlının", "Gilan çayı", "Dağlarda dəniz", "Yaylaqda" və s. şeirləri Qoca Şərqin qapısı olan doğma yurdumuzun tərənnümünə həsr olunub:
Ordubad, Ələngəz, İlanlı dağı,
Batabat meşəsi Naxçıvandadır.
Bizim durna gözlü Qızlar bulağı,
Çınqıllı çeşməsi Naxçıvandadır.
Hər misranın sonunda "Naxçıvandadır" rədifindən əvvəl daxili qafiyələnmə yaradan "çeşməsi, nişanəsi, həvəsi, nəfəsi, guşəsi" və s. leksik vahidlər axıcılığı təmin etməklə yanaşı, əsəri daha da oxunaqlı etmişdir. Bu şeirlərdəki söz və ifadələr, deyim və duyum tərzi, yeni fikir və ifadələrin kontekstdən uzaqlaşmadan qafiyələnməsi oxucuya mənəvi zövq verir.
"Bütün tariximiz şanlı bir sınaq" - deyən, şairin qələmində ya bir başa, ya da müxtəlif kontekst daxilində yurdun qədim tarixi dilə gəlir. Sanki bu şeirlər silsiləsi nəzmlə yazılmış milli tarixin poeziyasıdır. "Əlincə qalası" şeirində elə bil ki, məğrur qayalar, başı şiş qarlı dağlar, hətta daş parçaları da dil açır, şair təbini coşdurur, Əlincə qalasının tarixi səhifə-səhifə vərəqlənir:
Qövsi-qüzeh əsrarəngiz çələngini
Zirvələrə qoyan zaman
Nəzərimdə qoca tarix varaqlanır,
Daşa dönmüş xatirələr varaqlanır.
Ahəngdarlığı təmin edən "varaqlanır" feili şeirin lirik ovqatını bədii boyalarla bəzəyir.
Bu şeirlərin belə axıcı olmasının səbəbi bizim kamil və getdikcə cilalanan, mirvari kimi söz düzümünə malik olan doğma və şirin ana dilimizdir. Milli varlığımızı mədəni təməllərə bağlayan dilimiz millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan, şanlı tariximizdən bəhs olunanda, ilk növbədə, ana dilimiz yada düşür. H.Razi də bu reallığa biganə qalmamış, "Ana dilim" şeirində ruhu oxşayan, ana laylası kimi səslənən misralarda bu ülvi sevgini tərənnüm etmişdir:
Damarları durna gözlü bulaqların
Axarından gilələnib.
Bir saz üstə pərdələrin, barmaqların
Nizamında vəcdə gəlib.
Ahənglərin, vurğuların qəlbimizin
Döyüntüsü, titrəyişi.
Kövrəkləşib çağlaması həzin-həzin,
Zərifliyi, nəvazişi...
Gözəl əsər yaratmaq şairin səriştəsi və mövzuya dərindən bələd olmasının təzahürüdürsə, digər tərəfdən də dilimizin zənginliyinin bəhrəsidir. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi vəsf etmək, onu qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir şair və yazıçının vətəndaşlıq borcu olmaqla yanaşı, həm də minnətdarlıq və dilə təzim ruhunun ifadəsidir.
H.Razinin poeziyası hər zaman milli və mənəvi ruhun təbliğinə, həmçinin milli özünüdərkə xidmət etmişdir. Unutmamaq lazımdır ki, müstəqilik dövrü milli düşüncə maneəsiz şəkildə hər bir əsərdə özünü göstərir, amma sovet ideologiyasının yaratdığı sərt senzura dövründə milliliyi təbliğ etmək, haqsızlığa üsyan etmək, "Təpədən dırnağa bir etirazam" demək hər şairin qüdrəti deyildi:
Həyata baxdıqca yanıb tutuşdum,
Hissimi, duyğumu dara çəkdilər.
Duyğuları, daha dəqiq desək, əsəbi gərginliyi tarıma çəkilmiş şair "Gah keçmiş oluram, gah da gələcək, Hər halda indiki zaman deyiləm" - desə də, onun yaradıcılığı ilə yaxından tanış olanda görürsən ki, o, sözünü zamanında deyən, etirazını vaxtında bildirən, heç bir ictimai-siyası quruluşa boyun əyməyən şair olmuşdur. Onu narahat edən hadisə və ya məqam varsa, həmin andaca qələminə hədəf seçir, tənqiddən və təhdiddən qorxmur. "Qəbul otaqları" şeiri buna bariz nümunədir. Burda sovet rejiminin süründürməçilik, biveclik, laqeydlik və s. kimi mənfi xislətini qələmə alır:
Həftə bazarıtək həftədə bir gün,
Qəbul otaqları dolub-boşalar.
Qəbula könülsüz gələn böyüyün
Üzündə soyuq bir təbəssüm olar.
Şair "qəbul xırmanının tərəzisində" ölçüyə gəlməyən insan problemlərinin həlli yollarını "axtaran" məmurların "canfəşanlığını" "adi bir rəsmiyyət əyləncəsi" kimi xarakterizə edir.
Vətənə, xalqa sədaqət ruhuna köklənən H.Razi poeziyası əqidəsiz qələm sahiblərinin, mövcud quruluşun diktəsinə boyun əyənlərin, yaltaq və nadürüst axının önünə çəpər, qələminə buxovdur:
İlhama çağırır məni xoş anlar,
Xoşbəxtdir vətəndən ilham alanlar.
Fəqət, bərk ayaqda xalqı dananlar
Min əsər yazsa da, elə yetişməz...
"Yekələr" önündə əyilən bəzi vəzifə sahiblərinin zehninin gücü, əlinin əməyi, alnının təri ilə hələ də yerində sayan insanlara yuxarıdan aşağı baxmasını tənqid atəşinə tutur:
Bu alçaq nadürüst bizi saydı qul,
Yekələr önündə özü oldu qul.
H.Razinin "Şübhələr çoxalır", "Böhtan", "Dedilər", "Bəli", "Əsrimiz", "Yox", "Məhəbbət istəyir" və bir çox şeirlərində də üsyankar ruh hakimdir:
Arvad-uşağını söydülər hərdən,
Yenə "bəli" dedi üzündə gülüş.
Rəisin çox acı təhqirlərindən,
Yenə ayılmadı yerə gömülmüş.
Keçmişi şəffaf olmayan nadürüstün ömrünün sonunda "doğru yola" gəlməsi, vəzifədən atılıb əli hər şeydən üzülən çarəsizin "yazıqlaşması" da şairin emosional təbini coşdurur və qələminin hədəfinə tuş gəlir:
Yazıq deyil, bu kəlməni ləkələmə!
Hər əzazil, hər goreşən yazıq deyil.
Ömrün axır civarında batıb qəmə.
Yetim kimi miskinləşən yazıq deyil.
H.Razinin "Gözün aydın" şeirlər toplusu mövzu və mündəricə baxımından nə qədər zəngindirsə, deyim və duyum tərzi, həyat həqiqətlərinin, üstü pərdələnməyə səy göstərilən reallıqların aşkarlanması baxımından daha çox diqqəti cəlb edir. Ölkədəki müstəqilliyin əldə olunması şeir-sənət adamlarının qələminə zorla vurulan zəncirləri də qırmağa nail olmuşdu. Söz və fikir azadlığı ilk olaraq 70 illik senzuradan sonra ürəyində qubara dönən fikirlərin, duyğu və düşüncələrin ifadəsinə zəmin olmuşdur. Amma Hüseyn Razi öz zamanında müasirləri arasında dissident şair olmasa da, müstəqillikdən qabaq da mərdi-mərdanə sözünü deyən şair olmuşdur.
"Neçə ildir, haqqı dənlikdən unluğa üyüdürəm" - deyən şairin bəzi şeirlərində ekspressivliklə yanaşı, analitik bədii təhlil də hakimdir:
Tülkü həccə gedə bilər, dişi yoxsa,
Qatil saxta təbəssümlə baxa bilər.
Üzümüzdən mərhəmətin nuru axsa,
Çox namərdlər sudan quru çıxa bilər
H.Razi çox az şairlərdəndir ki, onun yaradıcılığı bənzərsizdir. O, heç kimi təkrar etmir, onun özünəməxsus poetik texnologiyası diqqəti cəlb edir. H.Razinin şeirlərinin dilində bənzərsiz cümlələr, çalarlar var. Biz bu tipli cümlələri digər şairlərin şeirlərində az müşahidə etdik. Bu da təbiidir, yəni hər bir şairin öz üslubu, öz yolu, öz ifadə tərzi, söz "oynatmaq", sözə tapınmaq qabiliyyəti vardır.
Azərbaycan dilində və ya riyazi hesablamalarda müəyyən ölçü vahidləri mövcuddur. Amma şairin bədii yaradıcılığında elə müqayisəli ölçülər müşahidə olunur ki, bunlar yalnız həyat təcrübəsinin nizam-tərəzisidir:
Sən arşın boydasan, mənsə bir çərək,
Sən rütbə təşnəsi, mən halal çörək - burdakı ifadələr üslubi çalarlar yaradır və şairi lirikasının özünəxas xüsusiyyətlərini üzə çıxarır.
Poetik nəfəsi oxucu ruhunu isidən H.Razi poeziyasının əsas qida mənbələri milli dəyərlər, xüsusilə xalq yaradıcılığı ənənələridir. Xalq müdrikliyinə enmək və ondan lazımınca bəhrələnmək şeirinin dilinə ümumxalq ruhu verir, oxucunu öz müdrik aləminə qərq edir. Onun bəzi şeirlərinin fəlsəfi-estetik mahiyyəti bəzən insan əqlinin sərhədlərinə sığmır. Dərin məna yükü qafiyə sistemini pozmadan oxucuya təqdim olunur. Bu baxımdan şairin əsərlərində paremioloji vahidlərdən ustalıqla istifadə etməsi diqqəti daha çox cəlb edir.:
Babalar necə də gözəl demişdir,
Hər bir sabahın da sabahları var.
***
Naqqal kürsüsüdür boş iclasların,
Köhnə hamamların, köhnə tasların.
H.Razinin şeir dilinin başlıca xüsusiyyəti onun canlı xalq dili elementləri ilə zənginliyindədir.
Şairin yaradıcılığından topladığımız "gülən arzular", "qırovlu köks", "çiçəyin vüqarı", "sahil üstə yanan bulud", "dilimdə qabar", "gəncliyimi salıb itirdim", "kölgəli ruhum", "dəniz kimi təmənnasız", "yağlı vədələr", "bəzəkli yalan", "sükunət buzu", "beşik məhbəsi", "harınlıq süfrəsi", "arzumu səbrimin saçına hördüm", "hikkəli bir kin odu", "məzarlıq əbədi sükut şəhəri", "nə vaxtdır çəkilib qına dünyamız", "gəlib bu yadlıqdan cana dünyamız" və s. kimi ifadələr onun öz qələminə xas olan maraqlı və orijinal dil faktları kimi diqqəti çəkir. Şairin şeirlərindəki bu səpkili bədii dil elementlərindəki forma və məzmun vəhdəti ilə bahəm, obrazlı düşüncə tərzi bədii sənətkarlıq baxımından oxucunu heyrətləndirir. O, bəzi məqamlarda sanki riqqətə gəlir. Yeni fikir, yeni ifadə axtarışına çıxır. Bəzən onu narahat edən məqamı poetikləşdirmək üçün məqama uyğun Naxçıvanın dialekt və şivələrinə xas olan "əriş-dərğac", "girəvə", "qarsalanmaq", "kəhildəmək", "büzülmək", "suluxlamaq", "xıncım-xıncım", "əfəl", "kösöv", "təbərrik", "güvə" və s. dialektizmlərdən istifadə edir. Bunlar H.Razinin ədəbi dilinə xələl gətirmir, əksinə, yerli və milli kolorit yaradır.
H.Razi poeziyasında istifadə olunan təkrarlar da maraqlı xüsusiyyətləri ilə diqqəti cəlb edir. Məsələn, bəzi təkrarlar var ki, Azərbaycan poeziyasında sıx-sıx istifadə olunan, artıq qəlibləşmiş təkrarlardır: "düzüm-düzüm", "həzin-həzin", "yavaş-yavaş" və s. Amma "daraq-daraq", "kələf-kələf", "ulduz-ulduz", "çürük-çürük", "düyün-düyün", "rəng-rəng" və s. kimi təkrarlar şairin öz bədii tapıntıları, öz qələminin, duyğu və düşüncələrinin məhsuludur.
H.Razini həm də təbiət şairi adlandırmaq olar. Şairin lirizmi sanki ana təbiətin başına nəvazişilə sığal çəkir, oxucunun hissinin, duyğusunun sarı siminə toxunur. Onun təbiət mövzulu şeirləri natürmort təsiri bağışlayır:
Qar yağır quşbaşı ətrafı tutub tozlu püsək,
Sərilib Arpaçaya nurlu şəfəqlər rəng-rəng.
Keçə yorğan sərilib üstünə dağlar uyuyur,
Sanki bir xonçada çöllər də plovdur, soyuyur.
Bu bənd "Arpaçay vadisində" şeirindən götürülüb. Onun bütün yaradıcılığında olduğu kimi, burda da söz çeşməsi aşıb-daşır, bəzi misralar əsərə ideya-estetik cəhətdən bədii ruh verməklə yanaşı, həmçinin poetik təsir gücünü də artırır.
Şairin "Həmişəbahar" şeiri "ilk baharın təcəssümü" kimi vəsf etdiyi qış fəslinə həsr olunub. Ağ örpəkli bu fəsli rəngarəng boyalarla, şair fırçası ilə bəzəmək və oxucuya gözoxşayan tablo bəxş etmək, təbii ki, şair fitrətinin məhsulu olmaqla yanaşı, onun rəngli dünyasının, bənzərsiz duyum tərzinin təzahürüdür:
Həyətdə qış
Cəngavərlə süpürləşən,
Qırılmaz tilsimə düşən
Ağ div kimi kəhildəyir.
Qar ələyir
Xortumunun xəlbirindən ulduz-ulduz,
Kələf-kələf sırsıra buz
Salxımlaşıb dodağında.
Bu şeirdə təbiətlə insan duyğularının harmoniyası, real insani refleksləri və ya hərəkətlərinin təbiət hadisələrinə köçürülməsində metaforun uğurlu nümünələrini "payız fəsli oğrun baxan bir gözəlin təbəssümü" misrasında yaradır.
H.Razi təbiətə həsr etdiyi şeirlərində sözlə rənglərin palitrasını yaradır. Həmin poetik fikir naxışları öz bədii-estetik enerjisi ilə oxucunun ruhunu ovsunlayır, ovqatını bir andaca dəyişir, duyğu və düşüncəsinin ifadəsinə çevrilir. "Bahar" şeirinə nəzər salaq:
Səmanı parçalayan şimşəyin parıltıları,
Alov qasırğasıdır zirvələrdə çağlamada.
Vəfalı sevgilitək nur selində ilk baharı
Qucaqlayıb fərəhindən buludlar ağlamada.
Bu dünyanın qəmiylə dost, dərdiylə dərddaş, sirrilə sirdaş, acısıyla yoldaş olan şair misraların birində bu duyğuları belə dilə gətirir:
Məni danışdırın qəmli çağımda,
Şad vaxtı dünyadan uzaq düşürəm.
Dərdimi dağa söylədim,
Dağ mehini yanar gördüm
Təbii ki, şairlər də bəşər övladıdır. Onlar bir köynək Allaha yaxın olsalar da, onların da şəxsi həyatları, öz həyat hekayələri var. Bütün qələm əhli insanla, ətraf aləmlə və dünya münasibətlərində qarşıya çıxan problemləri qələmə almaqla yanaşı, öz şəxsi taleyinin saysız-hesabsız məşəqqətlərini, kəşməkəşli məziyyətlərini də bəzən sistem halında bədii portretə çevirir: "Gülmədim ürəkdən, yandım ürəkdən"- deyən şairin "ürəkdə qalan" arzuları nisgilin sədasına çevrilir. Ömrünün ortalarında, təxminən 40 yaşında qələmə aldığı "Atamın dərdi" şeirindən aydın olur ki, atasını körpə vaxtı itirib:
Atamın üzünü görə bilmədim,
Yetimlik haqladı məni bələkdə.
Ömrün çox qəhrinə dözdüm, ölmədim,
Fəqət çox nisgilim qaldı ürəkdə.
Elə şair ömrünün enişli-yoxuşlu, daşlı-kəsəkli yolları da yetimliyin acı həqiqətlərindən başlayır. Anası Surə xanım övladlarına həm ata, həm də ana olur. "Hər sözün başında sənsən mübtədam", - deyən şair "məhəbbət odunu" da anasından aldığını və "Dili sən vermisən, şair olam mən" fikrini poeziyasinin əsas gücü, qüvvəsi, ana mayası hesab edir. Onun "Anamla söhbət" şeiri bu mənada daha təsirlidir:
Hər eşqin əvvəli, sonu sənindir,
Məhəbbət ondursa, onu sənindir.
Şeirim gözəl olsa, donu sənindir.
Dili sən vermisən, şair olam mən .
Anadan öyrəndiyi dil onu şair etdi, amma hər şeyə ana nəvazişi ilə yanaşmadı, çünki analar bəzən çox şeyi görməzdən gələr... O, gördüyü gözəllikləri şirin dillə vəsf etdi, çirkinlikləri acı, kəskin, sivri dillə məhşər ayağına çəkdi:
Şeir düşüncələr təlatümünün,
Dalğa gürşadında çırpınan qayıq.
Qaşıq kimi deyil, qələmdən bu gün,
Misri qılınc kimi yapışmalıyıq.
H.Razinin qələmi elə Misri qılınc kimi kəskin, sözü ötkəm, üsyankar, barışmaz, əqidəli, sözünü qorxmadan, zamanın kəskin ideologiyasına boyun əymədən məqamında deyən şair olmuşdur: "İnsafa söykənib durduğum üçün" "Yolumu kəsdilər addım başında". Onun fikirlərinin bədii tutumu nə qədər ağır və sanballı idisə, hədəfə hesablanması da bir o qədər sərrast idi.
Nəticə olaraq qeyd edək ki, H.Razinin yaradıcılığı mövzu və mündəricə baxımından çox zəngindir. Həmçinin onun poeziya nümunələri bədii genişliklə yanaşı, rəngarəngliyilə, deyim və duyum tərzi ilə də oxucunu valeh edir. Sözün siqlətini, məna gözəlliyini dərindən dərk edən şair onun bütün üslubi çalarlarından, məcazilik effektindən, obrazlılığından yerli-yerində istifadə etmişdir. Şairin şeir dilinin çox aydın, səlis və axıcı olması oxunaqlılığı asanlaşdırırsa, fikrin lakonik ifadəsi isə yaddaşa asan hopmasını təmin edir. Bəzən H.Razi yaradıcılığında qrammatik normadan kənara çıxan məqamlara rast gəlsək də, bunlar ədəbi dili korlamır, əksinə obrazlılığın müxtəlif səviyyələrdə təzahürü kimi şairin dilinə məftunluq yaradır. Onun lirizmi bədii təsvir vasitələri ilə, ümumxalq deyimləri və aforizm səviyyəsinə qalxan fikirlərlə zəngindir.
"Axı bu dünyada neçə yüz ildir, Şeirlə deyilir ürək sözləri" - deyən şairin "Ürəkdən kağıza yaza" bilmədiyi bir çox duyğu və düşüncələri "Yarımçıq qalmış şeir dəftərləri"nin vərəqlərində son nöqtəsi qoyulmadan yetimləşdi...
Özü cəmi 74 il ömür sürdü... İndi bir əsr yaşı olan şair sağlığında "Hər sözümüz dilə düşdü ağız-ağız" - deyirdi. Onun şeirlərinin əksəriyyətinin bu günlə səsləşməsi, həmişəyaşar poeziyasına sıx-sıx müraciət olunması şairin 100 illik yubileyinin ən ali ictimai mükafatdır. Amma özü nigaran idi:"Bu möhtəşəm sənət dünyasından bir neçə misranı adıma, ünvanıma yaza bilsəm, kitablarımda bu gülüstanın bir qönçəsi görünərsə, zəhmətimin bəhrəsiz olmadığına şübhəm qalmayacaq"...Ustad, heç şübhən olmasın, nigaran ruhun vəcdə gəlsin, çünki Azərbaycan ədəbiyyatında, söz-sənət mülkündə əbədilik qazanan dağ əzəmətli Hüseyn Razi irsinin yanından çox küləklər əsdi, başından çox dumanlar ötdü, amma zəhməti bəhrəsiz qalmadı, oxucu qəlbinə yol tapan poeziyanın mükafatı da oxucu pərəstişidir.
P.S. Mən hələ kiçik yaşlarımda Hüseyn Razini "Tələsirik" şeiri ilə tanımışdım. Məqamı gəldikcə həsrətlə əzbərdəndediyim həmin şeirin misraları bu yaşımda da uşaq yaddaşımın səhifələrindən vərəqlərə süzülür:
Biz gəlirik bu dünyaya,
Ayaq tutub yeriməyə tələsirik,
Kəkələyib söz deməyə tələsirik,
Dayazlıqdan dərinliyə tələsirik,
Ömür azdır deyə-deyə tələsirik.
Onun lirizmi söz dünyasının, özünün təbirincə desək, hərdən gəlib-gedən dumanı deyil, dağ vüqarıdır:
Yüz il hakim olsan, öz zəhmətimə
Mən səndən mükafat uman deyiləm.
İmzan ləkə olar ləyaqətimə,
Dağam mən, dağdakı duman deyiləm.
Zülfiyyə İSMAYIL
dosent
AMEA Naxçıvan Bölməsi