Körpü adam

Kənan Hacı

Unudulmaz tədqiqatçımız Gülhüseyn Kazımlının əziz xatirəsinə

Baxıram, birlikdə nə qədər fotolarımız varmış... Bir kitaba sığmayacaq qədər xatirələr varmış... Vatsap yazışmalarımızda onun qiymətli səsi qalır - bəzən ümidli, bəzən həyat eşqiylə çağlayan, bəzən isə yorğun səsi...

Gülhüseyn müəllim son dərəcə həyatsevər insan idi. Deyirlər insanın məqsədi, məramı tədricən ömrünün şəklinə çevrilir. Şair, tədqiqatçı, alim, ictimai xadim kimi çoxşaxəli fəaliyyəti boyunca məmləkət üçün çox faydalı, qalıcı işlər gördü. Muğam irsimizin toxunulmayan qatlarına gedib çıxdı. Son illərdə dəyərli alimimiz Turan Ibrahimovla birlikdə gördükləri işlər muğam xəzinəmizin zənginləşməsi baxımından ölçüyəgəlməz işlərdir. Xəstə halıyla, canının ağrılarıyla çarpışa-çarpışa daxildən gələn bir əzmlə, şövqlə arxivlərə baş vurdu, Məşədi Məhəmməd Fərzəliyevin izində dəfələrlə Türkiyəyə yollandı, onun itmiş məzarının tapılması üçün bütün mümkün olan, olmayan vasitələrdən istifadə etdi. Gənc tədqiqatçılar Dilqəm Əhməd, Amin Namazlı bu yolda ona çox yardımlar etdilər.

Cüzi bir işıq ucu görəndə, tarixin tozlu dərinliklərindən itməkdə olan səsləri (qrammafon vallarını) tapanda gözləri parlayırdı, belə məqamlarda necə sevindiyini görəydiniz! Həmin səs yazılarını mənə də göndərirdi, birlikdə müzakirələr aparırdıq, saatlarla telefonda bu xüsusda fikir mübadiləsi aparırdıq. O söhbətləri qələmə alası olsaq, Gülhüseyn müəllimin tədqiqatçı intuisiyasının, araşdırıcılıq metodikasının müxtəlif tərəfləri üzə çıxacaq. Bu işlər onun ömrünün mənası, şəkli idi. Konkret suallar verirdı və konkret cavablar tələb edirdi. Son dərəcə punktual insan idi. Yalanı, məsuliyyətsizliyi qəti sevməzdi. Zövqlə geyinərdi, daxilindən gələn aristokratlıq sözünə-söhbətinə də sirayət edirdi. Davranış tərzi, ağayanalığı, küt, nadan adamlara qarşı sərt reaksiyaları, işıqlı adamlara doğru can atması onun nə qədər mənəviyyatca zəngin insan olduğunun ən parlaq göstəricilərindən idi.

Müasir yazıçılarımızın yaradıcılığı ilə maraqlanırdı, kitablarını oxuyurdu və fikrini deyirdi. Gənc və istedadlı yazıçılarla sıx ünsiyyətdə olduğumu bildiyindən hər dəfə məndən onlar haqqında soruşur, maraqlanır, onların mətnlərində istedad işartıları görəndə zəng vurub ürək dolusu sevinc hissiylə məmnunluq hissini bölüşürdü. Və bu imzaları unutmurdu, onları axtarıb tapır, dəstək olmağa çalışırdı.  

Dünya ədəbiyyatına dərindən bələd idi və onun "İnsanın dərki" monoqrafiyası ədəbiyyatşünaslıq üçün son dərəcə qiymətli əsərdir. Bu monoqrafiya ötən il kitab şəklində çap olundu. Gülhüseyn müəllim kitabı mənə hədiyyə edəndə xahiş etdi ki, mütləq oxu və fikrini mənə de. Oxudum və ona zəng vurdum. Bu xüsusda söhbətimiz uzun çəkdi.

Ədəbiyyatımızda insan obrazının dərin psixoloji qatları bu monoqrafiyada incəliklə çözümlənir. Sovet dönəmindəki direktiv ədəbiyyatın süquta uğradığı, 60-cı illərdən sonrakı yumşalma dövrünün ("Xruşşovskiy ottopel) ədəbi təsərrüfatında başlıca obraz İnsan idi. İnsanın daxili aləmi, mənəvi iztirabları, özünüdərk prosesi bu əsərlərin ana xətti idi. Postsovet məkanında 60-cılar nəsli azad ruhlu ədəbiyyatın yaranmasına öz töhfələrini verdilər.

Gülhüseyn müəllimin tədqiqat obyekti məhz bu nəslin yaratdığı ədəbi mətnlərdir. Onun "İnsanın dərki" monoqrafiyası XX əsrin ikinci yarısında yaranan ədəbiyyatı, yeni insan obrazını metafizik, psixoloji platformada təhlilə cəlb edən bəlkə də yeganə elmi əsərdir. Müəllif psixoloji təhlilin hələ modernizm yaranmamışdan əvvəl rus ədəbiyyatının Dostoyevski, Tolstoy, Turgenev kimi dühalarının yaradıcılığında aparıcı xəttə çevrildiyini konkret nümunələrlə isbatlayır. Bu monoqrafiya ədəbiyyatşünaslığımızda yeni istiqamətləri nişan verir, yeni paradiqmanın formalaşmasına rəvac verir. Bu istiqamətdə araşdırmalar aparmaq üçün hərəkətverici mərhələdir bu əsər.

İnsanın mənəvi dünyasının dərki fərqli aspektlərdən araşdırılır. Bu obrazları əhatə edən yeni tarixi duyğu onlara yeni məna qazandırır, lakin onların ənənəvi, arxetipik məzmununu dəyişmir. Bu və bu kimi mürəkkəb, ziddiyətli məqamlar "İnsanın dərki" monoqrafiyasında alimin təfəkkür süzgəcindən keçirilir və fərqli baxış bucaqlarını birləşdirərək müəyyən nəticələrə gəlinir.

Bu baxımdan, Gülhüseyn müəllim təkcə muğam irsimizin araşdırıcısı deyil, şairliyi ilə yanaşı ədəbiyyatşünaslığımızın fundamental problemlərini araşdıran dəyərli elm adamı idi. Kitab haqqında düşüncələrim onu xeyli sevindirmişdi. Ümumiyyətlə, Gülhüseyn müəllim son 3-4 il ərzində bir neçə kitab ərsəyə gətirdi. Unikal səsiylə "Şüştər" muğamına möhürünü vurmuş Məşədi Məhəmməd Fərzəliyev haqqında "Salam, Məşədi" kitabını yazdı. O kitab mənim gözlərim qarşısında yazıldı. Bir gün zəng vurdu ki, Məşədi Məhəmməd haqqında kitab yazmağa başlayıram, adı belə olacaq: "Salam, Məşədi". Bu kitabın araya-ərsəyə gəlməsinin tarixçəsi çox uzundur, bir yazıya sığası deyil. Gülhüseyn müəllim feyzbuk səhifəsində Məşədi Məhəmmədlə bağlı əməlli-başlı müzakirə açmışdı, muğam ifaçılarının, musiqiçilərin, mütəxəssislərin, sadə insanların fikir və mülahizələrini öyrənirdi. Paralel olaraq Məşədi Məhəmmədin Türkiyədəki məzarının tapılması istiqamətində axtarışlara başladı. Dostumuz Dilqəm Əhmədi də bu prosesə cəlb etdi və Məşədi Məmmədlə bağlı heç birimizə məlum olmayan son dərəcə qiymətli sənədlər üzə çıxdı. Bir neçə dəfə Beynəlxalq Muğam Mərkəzində toplaşıb bu sənədlərlə bağlı fikir mübadiləsi apardıq. Xalq yazıçısı Əzizə Cəfərzadənin yadigarı, Gülhüseyn müəllimin sadiq dostu və dayağı Turan İbrahimovun bu işdə və sonrakı tədqiqatlarda mühüm xidmətləri oldu. Bu barədə ayrıca yazı yazdığımdan təfərrüatlara varmaq istəmirəm. Amin Namazlı İspartada təhsil alırdı və dərslərini hazırlaya-hazırlaya bu kitabların yığılmasına, korrektə və redaktəsinə köməklik göstərdi. Yeri gəlmişkən, Gülhüseyn müəllim Aminin işgüzarlığına, elmi biliyinə, erudisiyasına heyran olmuşdu və ona öz dogma övladı kimi hər zaman mənəvi dəstək göstərirdi. "Unudulmayanlar" və "Dəyirmi masa" layihələrinə onu da cəlb etmişdi. Amin də bu işləri böyük sevgiylə görürdü.

Gülhüseyn müəllim haqqında xatirələrim o qədər çoxdur ki, onları bir yazıya necə sığışdıracağımı bilmirəm. Şamaxı səfərimizi heç unuda bilmirəm. Ustad xanəndə Ağakərim Nafiz, Turan İbrahimov, Gülhüseyn müəllim və mən gözəl bir yay günündə Şamaxıya yola çıxdıq. Sabirin ev muzeyinə baş çəkdik. Gülhüseyn müəllim Sabirin vaxtilə sabun bişirdiyi tiyana baxıb dedi ki, müəllimliyini əlindən alanda Sabiri bu tiyan xilas eləmişdi... Əslində elə bu işiylə də millətin paklanmağına xidmət etmişdi böyük Sabir.

Nağaraxanaya baş çəkdik, çəmənlikdə uzanıb otların, çiçəklərin qoxusunu ciyərinə çəkməsini xatırlayıram. Məlhəmdə məşhur balaban ifaçısı Rasim Ələsgərovla son dərəcə maraqlı, uzun çəkən söhbətlərimiz hafizəmdə canlanır. Tarzən Mehman Mikayılovun qonağı olduq və o, bizi mehmannəvazlıqla qarşıladı, samovar çayına qonaq etdi və balaca həyətdə sözün əsl mənasında musiqili ədəbi gecə yaşandı. O söhbətlər muğamın qədim tarixindən bəhs edirdi, fikirlər toqquşurdu, mübahisə yaranırdı və o anlarda Gülhüseyn müəllimin necə şövqlə fikir mübadiləsinə qoşulduğunu müşahidə edirdim. Əslndə moderatorluğu edən özü idi, hansısa bir fikri, mülahizəni ortaya atırdı, Ağakərim Nafiz və Mehman Mikayılov öz arqumentlərini ortaya qoyurdular. Turan müəllim bu söhbətləri lentə alıb, çox güman ki, arxivndə saxlayır.

Ara-sıra ustad tarzənimiz Vamiq Məmmədəliyevin Kürdəxanıdakı bağına da yolumuz düşürdü. Gülhüseyn müəllimin yas mərasimində Vasim müəllimi son dərəcə pərişan gördüm. Dedi ki, dünən bu ağır xəbəri alan kimi çox kədərləndim. Yaşayıb yaratmaq eşqi ilə yaşayan zəhmətkeş insan köçdü dünyadan. Neçə-neçə layihələri qaldı... Bir də görürsən ki şəkildi insan... Amma bağımız yerindədir, istədiyiniz vaxt gəlin, Gülhüseyn müəllimi xatırlayaq.

Bir dəfə söhbət əsnasında Ağakərim Nafizdən söz düşdü, dedim ki, mən onun ifasının vurğunuyam. Bu sözü yadında saxlayıbmış. Bir axşam zəng vurdu ki, Ağakərim Nafizlə tanış olmaq istəyirsən? Belə bir fürsəti kim əldən qaçırardı? Əlbəttə, dedim. Turan müəllimin evində yığışdıq və mən gözəl muğam söhbətlərinin canlı şahidi oldum. O məclisdə musiqi tariximizin qatı açılma­yan səhifələrini üzə çıxarmış sənətşü­naslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə də iştirak edirdi. Turan müəllim bizi Əzizə xanımın ev arxivi ilə tanış elədi. O zamandan bizim sıx və mütəmadi ünsiyyətimiz, əməkdaşlığımız başlandı. Bu dostluğun təməlini Gülhüseyn müəllim qoydu. Az sonra bu qrupa gənc tələbə Amin Namazlı da qoşulacaqdı.

Gülhüseyn müəllim istedadlı insanları bir yerə yığmağı xoşlayırdı. Bu əməlindən inanılmaz dərəcədə zövq alırdı, xoşbəxt olurdu. Maraqlı insanlara tanış olurdu, ünsiyyət qururdu, bizi də həmin insanlarla tanış edirdi. O, sanki insanlar arasında körpülər qurmaq üçün dünyaya gəlmişdi. Həmin insanlar da Gülhüseyn müəllimlə dost olmağa can atırdı. O, daxilindəki zənginliyi səxavətlə başqalarına da ötürürdü və bu mənada həm də böyük müəllim idi.

Turan müəllimin maşını ilə uzaq yola çıxanda bəzən Ağakərim Nafiz ön oturacaqda, Gülhüseyn müəllim isə arxa oturacaqda əyləşərdilər. Onda Gülhüseyn müəllim Ağanı dilə gətirmək üçün zümzümə etməyə başlayırdı, hansısa muğamdan bir parça, yaxud təsnif oxuyurdu və ara verirdi. Gözləyirdik ki, indi Ağa bu zümzüməyə öz ovxarlı səsi ilə cavab verəcək. Çox vaxt belə də olurdu. Ağanın sanki ötən əsrlərdən gələn qədim-qayım səsi bizi sehrləyirdi. Onda baxırdım ki, Gülhüseyn müəllim şirin-şirin qımışır. Onun belə fəndləri vardı.  

O, uzun illər Azərbaycan Dövlət televiziyasında çalışmışdı və  mədəniyyətimizin böyük dühaları ilə canlı ünsiyyətdə olmuşdu. Yaddaşı o insanların xatirələriylə zəngin idi. Mənə çox şeylər danışmışdı ki, o əhvalatlar heç vəchlə unudulmağa, yaddaşlardan silinməyə layiq deyil. Bir də ona təəssüflənirəm ki, Gülhüseyn müəllim memuar yazmadı. Yazsaydı, əminəm ki, o kitab əldən-ələ gəzərdi. Sonralar məmləkətimizin tanınmış, seçgin simalarına çevrilmiş insanların teleradioda ilk addımlarının şahidi olmuşdu. Şair kimi də ədəbi mühitin diqqətini cəlb etmişdi. Poeziyaya gəlişinə Məmməd Araz "Uğurlu yol" yazmışdı. Sonralar məmurluq fəaliyyəti onun poetik yaradıcılığını bir qədər kölgədə qoydu. Amma müxtəlif illərdə ardıcıl olaraq şeirlər kitabları nəşr olundu. Ötən il çapdan çıxmış "Şuşaya o qədər yağış yağmışdı..." kitabındakı şeirləri oxuyanda onun tamamilə fərqli poetik stixiyaya malik bir şair olduğunu görürsən. Onun şeirlərindən yağış ətri gəlir.

Qəfil günəş doğdu, gözüm qamaşdı,

Yolları yoxuşdu, enişdi Şuşa.

Şuşaya o qədər yağış yağmışdı,

Yuyulub şüşəyə dönmüşdü Şuşa.

Həyatımın ən xoşbəxt günlərindən birində, Şuşaya qədəm qoyanda ilk ağlıma gələn Gülhüseyn müəllimin bu şeiri olmuşdu. Avtobusumuz dolama yollarla qalxıb Şuşaya yetişəndə birinci ona zəng vurdum. "Şuşadayam" dedim. Səsindən qəhərləndiyini hiss etdim, titrək səslə "Min şükür!" dedi.

Tanrı ona iyirmi yeddi il həsrətində olduğu doğma yerlərə, doğulduğu torpağa - Cəbrayıla yenidən qayıtmaq xoşbəxtliyini nəsib etdi. O yerlərə ki, şeirlərində həsrətlə, nisgillə xatırlayırdı. Özü demiş:

Məni öz kəndimdən aparan yollar,

axırda yenə də o kəndə döndü.

Bu pərakəndə fikirləri yaza-yaza düşünürəm ki, bu qəbil insanlar ötürücü missiyasını daşıyırlar - xalqın mənəvi, mədəni, ədəbi mirasını sabahlara ötürən insanlar hər cür hörmət və ehtirama layiqdir. Hər bir millət insanının onlara bir təşəkkür borcu var.

Gecəni çox narahat, səksəkəli yatmışdım. Bir gün əvvəl Turan Ibrahimovla görüşəndə Gülhüseyn müəllimin səhhəti barədə danışdıq. İkimiz də vəziyyəti bilirdik... Ondan da əvvəl Amin Namazlı mənə demişdi ki, Gülhüseyn müəllimin vəziyyəti ağırdır. Turan müəllimlə ona baş çəkmək niyyətində idik. Amma... Bu soyuq fevral günü acıdan acı xəbər bizi haqladı... Arzuları çox idi, görəcəyi nə qədər işlər vardı. Heç şübhəsiz, bu yol yarıda qırılmayacaq, yolunda, izində olanlar onun yarımçıq işlərini başa çatdıracaqlar.

Gülhüseyn müəllimin ruhu qarşısında baş əyirəm! Nə qədər inanmasaq da, bir gün gələn bir gün gedəcək, "bu, haqdır, əlbət". Biz onu hər zaman xatırlayacağıq, kitabları ilə həmsöhbət olacağıq. Hələ bundan sonra da bizlərə, gələcəkdə yaşayanlara müəllimlik edəcək...

Rahat uyu, Böyük Kişi!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31