Yunus Oğuzun “Cığır” romanının təqdimat mərasimi keçirilib - FOTO

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Cığır" romanının tədimat mərasimi keçirilib. Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda baş tutan təqdimat mərasimində ölkənin elm adamları, ziyalılar, Yazıçılar Birliyinin rəhbərliyi və İdarə Heyətinin üzvləri, KİV nümayəndələri və paytaxtın 200 saylı məktəbinin bir qrup şagirdi iştirak edib.

"OLAYLAR" xəbər verir ki, təqdimat mərasimini giriş sözü ilə açan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov "Cığır" romanı haqqında ətraflı məlumat verib. Müəllifin bütün romanları kimi bu romanının da olduqca maraqlı və oxunaqlı olduğunu deyən Nizami Cəfərov "Cığır"a nəinki ölkə daxilində, eləcə də ondan kənarda böyük maraq göstərildiyini vurğulayıb. Akademikin sözlərinə görə, məhz bu marağın nəticəsidir ki, "Cığır" romanı Türkiyə türkcəsinə də uyğunlaşdırılıb.

Nizami Cəfərov bildirib ki, roman Şuşa şəhərinin salınmasının 270 illiyi və 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizə həsr olunub. Həmçinin romanda müharibədən sonrakı  nailiyyətlər, eləcə də Şuşa şəhərinin mədəniyyət paytaxtı kimi önəmindən, onun tarixindən ətraflı şəkildə bəhs edilir. Akademik Yunus Oğuza bundan sonra da Azərbaycan tarixinə, Azərbaycan dövlətinı töhfə verəcək əsərlər yazmağı arzulayıb.

Sonra  Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözova kitab haqqında, ümumən Yunus Oğuz yaradıcılığı barədə məruzə ilə çıxış edib. Daha sonra təqdimat mərasimində çıxış edənlər, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, "Cığır" romanını Türkiyə türkcəsində çap etdirən Mehmet Nuri Barmaksız, yazıçı Elçin Hüseynbəyli, filologiya elmləri doktoru, professor Vaqif Yusifli, "Xalq" qəzetinin baş redaktoru Əflatun Amaşov, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantı Yəhya Babanlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fəxrəddin Teyyub kitabın məziyyətlərindən, onun gənclərin vətənpərvər ruhda tərbiyə olunmasındakı rolundan, eləcə də Yunus Oğuz yaradıcılığından danışıb, müəllifə uğurlar arzulayıblar. Sonda xatirə şəkili çəkdirilib və iştirakçılara "Cığır" romanı hədiyyə edilib.

Qeyd edək ki, tədbirdə romanın Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap edilmiş variantı da təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31