Yunus Oğuz Türk Dünyası Ədəbiyyatına Xidmət diplomuna layiq görülüb
30 İyun 2022 19:04 Mədəniyyətİyunun 30-da "Vektor" Beynəlxalq Elmlər Akademiyasının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru, Fəxri Mədəniyyət Səfiri Özkan Hüseyinlə görüş keçirilib.
Görüşdə media nümayəndələri, yazıçılar, professorlar, alimlər, şairlər və s. şəxslər iştirak edib.
Tədbir zamanı Akademiyanın Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatlarının kitablarının təqdimatı olub və hər bir görüş iştirakçılarına yazıçıların bir neçə kitabları hədiyyə olunub.
Görüşü giriş sözü ilə professor Elçin İsgəndərzadə açıb. O, bildirib ki, Azərbaycan Elmlər Akademiyasının başlatdığı gözəl bir yolun 22-ci dayanacağındayıq: "Allah bütün şairlərə, yazıçılara can sağlığı versin. Əslində kainat əbədidir. Məsələn, Səməd Vurğun heç vaxt ölməyib, Məmməd Araz, Rəsulzadə hələ də ölməyib. O zaman onlar ölə bilər ki, sonuncu türk bu dünyadan köçsün".
Daha sonra Şahmar Əkbərzadə haqqında danışan professor Elçin İsgəndərzadə böyük bir Şahmar Əkbərzadə kitabxanası laureatının yarandığını və bu günə qədər 75 kitab çap etdiyini vurğulayıb. O, həmçinin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru, Fəxri Mədəniyyət Səfiri Özkan Hüseyinlə bağlı görüş iştirakçılarına məlumatlar verib, Türk və Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb.
Görüşdə həmçinin bir sıra elm adamı və yazarlar mükafatlandırılıb. Yazıçı-publisist, Türk ədəbiyyatında xüsusi roluna və xidmətlərinə görə Yunus Oğuz da Türk Dünyası Ədəbiyyatına Xidmət diplomuna layiq görülüb. Həmçinin görüşdə gənc rəssam Nəsibə Quliyeva Beynəlxalq diplomla təltif olunub.
Görüşün sonunda gənc rəssam Nəsibə Quliyevanın Şuşa ilinə həsr olunmuş əsərlərinin satış sərgisi keçirilib.
Mehriban Xəlilli

