Beynəlxalq arenada qarşılıqlı dostluq münasibətlərinin qurulmasında...
Azərbaycan işğaldan azad edilən ərazilərində quruculuq-abadlıq işləri, yeni-yeni infrastuktur layihələrinin gerçəkləşdirilməsinə artıq start verib.
14 Yanvar 2021 11:14 MədəniyyətMəzahir Əfəndiyev: "İqtisadi inkişafla birgə "mədəni diplomatiya"nın da payı vardır"
Azərbaycan işğaldan azad edilən ərazilərində quruculuq-abadlıq işləri, yeni-yeni infrastuktur layihələrinin gerçəkləşdirilməsinə artıq start verib. İlkin mərhələdə ərazilərimizin minalardan təmizlənməsi və yol infrastrukturunun həyata keçirilməsi qarşıda duran vəzifələr sırasındadır. Bu məqsədlə artıq işğaldan azad edilən bir neçə ərazilərimizə gedən avtomobil yollarının yenidən qurulması prosesi həyata keçirilir. İşğaldan azad edilən ərazilərimizin böyük bir hissəsinin mədəniyyət ocağı, mədəni tarixi-mədəni abidələrlə zəngin olduğunu nəzərə alsaq, bu bölgələrdə mədəniyyətimizin inkişaf etdirilməsi istiqamətində tədbirlərin də sistemli olaraq reallaşacağını əminliklə deyə bilıərik. Bu mənada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir müddət əvvəl Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi də xüsusi əhəmiyyət kəsb edir.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib ki, mədəniyyət canlı xalqın qan damarıdır. Onun sözlərinə görə, mədəni irs bir xalqın sadəcə keçmişi haqqında deyil, həmçinin gələcək inkişaf bacarıqları və dayanıqlılığı haqqında da məlumat verməyə qadirdir: "Çünki, mədəniyyət xalqın yaradıcılığını ifadə etmək, fərdi kimliyi yaratmaq və cəmiyyətin məskunlaşma anlayışını artırmaq və qorumaq üçün bir imkandır. Yalnız mədəniyyətlərarası dialoqun bir hissəsinə çevrilməklə xalqlar gələcək nəsillərə silinməz izlərini qoya bilərlər".
Millət vəkili qüeyd edib ki, XXI əsrdə beynəlxalq arenada qarşılıqlı dostluq münasibətlərinin qurulmasında iqtisadi inkişafla birgə "mədəni diplomatiya"nın da payı vardır: "Yumşaq güc siyasətinin əsas hissələrindən biri olan mədəni diplomatiya milli mənəvi maraqların təbliğinə və dayanıqlı sosial-mədəni əməkdaşlıqların gücləndirilməsinə xidmət edir. Bunları nəzərə alaraq, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısının əhəmiyyəti istər vahid dünyanın qeyri-mədəni irsinin qurulmasında və qorunmasında, istərsə də mədəniyyətlərarası dialoqun təşkilində əvəzsizdir. UNESCO xalqların öz dəyərlərini dünyaya təqdim edə biləcəyi vahid bir qlobal platforma statusuna malikdir. Həmçinin, xalqların mövcudluğunun və yaratmaq bacarıqlarının tarixi bir sübutudur".
Məzahir Əfəndiyev hesab edir ki, ölkəmizdə keçirilən mədəniyyətlərarası dünya forumları, UNESCO ilə mədəni əməkdaşlıq, beynəlxalq konvensiyaların ölkəmizdə olan icrası, Azərbaycan muğamının, xalçaçılıq və zərgərlik sənətinin və mətbəxinin dünyaya tanıdılmasında göstərilən səylər əsrlərdən bəri dünyanın mədəni irsinə öz miraslarını vermiş multikultural Azərbaycan xalqının bu gün də mədəni diplomatiyaya verdiyi dəyərin göstəricisidir: "Həmçinin, Azərbaycan-UNESCO əlaqələrinin 25 illiyi ilə əlaqədar olaraq Prezident Kitabxanasında "Azərbaycan-UNESCO əlaqələri" adlı elektron layihə bu əlaqələrə göstərilən dövlət qayğısının rəmzidir. 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastr, 2 qəsr və 72 mühüm sənət və tarixi abidələrdən ibarət bütün məkan adları azərbaycanlıların adı ilə bağlı, əhalisi yarandığı dövrdən etibarən ancaq azərbaycanlılardan ibarət olan və dövlətimizin böyük səyi nəticəsində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib olan Şuşa şəhəri heçdə təsadüfi deyil ki, bu gün öz dirçəlişinə mədəniyyət paytaxtı kimi başlamışdır".
Deputat bildirib ki, Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi Şuşanın mədəni həyatını qısa müddətdə bərpa edəcəkdir: "Həmçinin, bu bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin burada keçiriləcəyi mənasına gəlir, bu da öz növbəsində Qarabağın bütün regionun mədəniyyət mərkəzinə çevrilməsinə və dünyaya bir daha "Qarabağ Azərbaycandır!" şüarını çatdırmağa imkan yaradacaq. Bunun üçün ilk növbədə, müharibə zamanı erməni vandalizmi nəticəsində zərər dəymiş abidələr tezliklə öz tarixi simasına qovuşmalı, poeziya günləri və "Xarı bülbül" festivalı bərpa olunmalı, işğaldan azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılmalıdır. Bu cür tədbirlər Azərbaycanı Şuşanın timsalında bütün regionun mədəniyyət brendinə çevirməli və Azərbaycanın mədəniyyət siyasətinə öz töhvəsini verməlidir".
Süleyman İsmayılbəyli
Olaylar.az