Qaşqaylar və onların folkloru - Əli Şamil

Pərvin Bəhməni ilə ilk görüş

2000-ci ildə Tehrana gedəndə Hüseyn Məmmədxanlı-Güneyli mənə bildirdi ki, Pərvin Bəhməni ilə tanış olublar. Pərvin xanım Qaşqay Türklərindəndir. Bir ara Milanda yaşayıb. Geri döndükdən sonra İran İslam İnqilabı baş verib. İnqilab rəhbərləri də ölkədə musiqini qadağan edib. Pərvin xanım da musiqidən əl götürüb xalça alveri ilə ailəsini dolandırmağa məcbur olub.  Hüseyn Məmmədxan-lı-Güneylinin xəbəri mənə qol-qanad verdi. Elə həmin gün o, Şəbüstərdən (Güney ma-halı) olan, Tehran çevrəsindəki qəsə-bələrdə yaşayaraq şirniyyat satmaqla ailəsini dolandıran Aşıq Əhəd, mən və xanımım Pərvin Bəhməninin iş ye-rinə getdik. Zirzəmidə xalça-palazın yanında Qaşqayların çox istifadə etdikləri bir neçə musiqi alətləri vardı. Bizim gözlənilməz gəlişimiz Pərvin xanımı çox sevindirdi. Bir neçə saat Qaşqayların aşıqlarından, musiqiçilərindən söhbət etdik. Pərvin xanım deyəndə ki, hökümətin qorxusundan Qaşqay aşıqları indi ya qəbiristanlıqda fatihə oxumaqla, ya da başqa bir peşədə çalışmaqla ailələrini dolandırırlar, elə bir içimdə nəsə qırılıb ayağımın altına düşdü. Bu xəbər məni üzdü. Vəziyyətdən çıxış yolları axtardıq. Çox ölçüb-biçdikdən sonra Güney Azərbaycandan olan aşıqların və aydınların Qaşqay elinə səfərlərini planlaşdırdıq. Sonralar eşitdim ki, Aşıq Əhəd nəinki Şiraza gedərək qəbiristanlıqda fatihəxanlıq edən aşıqlarla görüşüb, hətta sazını onlardan birinə bağışlayıb və bir kasıbın da toyunda birgə çalıboxuyublar. Bir-iki ildən sonra Tehrana gedəndə gördüm ki, Pərvin xanım zirzəmidə Qaşqay musiqiçilərindən ibarət "Hava" adlı gözəl bir ansambl yaradıb (Ansamblın adı Qaşqayların gözəl yır deyən, mahnı oxuyan qadının adından alınıb). Pərvin xanımın oğlu Damun Şeşbölüki (Bəlkə bu familya Şeşəbəyi sözünün təhrif olunmuş formasıdır?! - Ə.Ş.), Arəş Əzizi, Dirəxşən Şölə, Momtahan Nazəni, Qurban Nəcəfi və başqaları bu kollektivə qoşulub. Məhəmməd Xatəminin prezidentliyi dönəmində rejimdə nisbi yumşalma baş verdi. Ölkədə musiqiçilərə, şair və yazıçılara basqı bir az azaldı. Bundan bacarıqla istifadə edən Pərvin Bəhməni yaratdığı ansambıl ilə Tehranda, Şirazda keçirilən etnoqrafik toplantılarda çıxışlar etdi.

Oxucu üçün maraqlı ola biləcəyini nəzərə alıb Pərvin xanımla bağlı yadımda qalan bəzi söhbətləri buraya əlavə edirəm.  İranda İslam rejimini əldə bayraq edən mühafizəkarlar qadınların səhnəyə çıxmasını, oxumasını müxtəlif bəhanələrlə əngəlləyirlər. Qəribəliyi burasıdır ki, kişilər çalıb-oxuyan konsert salonlarına qadınların və qızların getməsinə icazə verirlər. Qızların və qadınların oxuduqları konsert salonlarına isə kişilərin və oğlanların getməsini əngəlləyirlər. Bunu da onunla əsaslandırırlar ki, qadının səsini naməhrəmlər, yəni qadının qardaşından, atasından, oğlundan başqasının eşitməsi günahdır. Bir neçə qadın birlikdə oxuyursa, onda bu, günah sayılmır. Qaşqaylar isə bu qaydalara çox vaxt əməl etmirlər. Musiqi kollektivlərində qadınlar və kişilər bir yerdə çalıb oxuyurlar. Bir dəfə Pərvin xanım toplantıların birində tək özü oxuyur. Konsertin adını da səhv etmirəmsə, "Laylalar" qoyublarmış. İranın mühafizəkar rəhbər işçiləri, mətbuatı Pərvin xanımın əleyhinə kampaniyaya başlayırlar. Vəziyyətin gərginləşdiyini, Pərvin xanımın geri çəkilmədiyini, Qaşqayların da toplum olaraq onu müdafiə etdiyini görən Ayətulla Seyid Əli Xamneyi deyir ki, hansınızın anası sizə uşaqlıqda layla çalanda qonşu qadınları da cağırıb deyərdi ki, gəlin mənim balama layla deyək? Layla tək oxunar! Bundan sonra ara sakitləşmişdi.

Bir neçə il əvvəl yayda minlərlə insan, xüsusən gənclər Kəleybər şəhəri yaxınlığındakı Babək qalasına gedirdilər. Bu həm bir istirahət, gəzinti idisə, həm də rejimə etirazın bir forması idi. Kəleybər bələdiyyəsi bunu alqışlayır, bölgəyə turist axınını təqdir edirdi. Düşünürdü ki, buraya gələn insanların xərclədiyi pulları şəhərin abadlaşmasına xərcləyə bilər. Hökümət məmurları isə gənclərin bir yerə toplanmasından, çalıb oxumalarından, bir sözlə, onların nəzarətindən kənarda olmalarından və həm də İslam dininə düşmən saydıqları Babəkin adı ilə bağlı yerə getməyə maraq göstərmələrindən narahat olurdular. Minlərlə hərbçi, polis nəinki yolları, hətta dağ cığırlarını da kəsərək adamların Babək qalasına getməsinə əngəl törədirdi.

Pərvin xanım Babək qalasına getməyi hökümətin qadağan etdiyini bilsə də, azərbaycanlılarla əlaqələrini sıxlaşdırmaq üçün bir qrup Qaşqay musiqiçisi ilə birlikdə Kəleybərə yola düşür. Şəhərin yaxınlığında jardarma qüvvələri onların avtobusunun qarşısını kəsib Kəleybərə getməyə qoymurlar. Pərvin xanım və onunla gedən Qaşqaylar dirəniş göstərirlər. Jandarmalar təəccüb qalır ki, hamını rahatca geri qaytara bildikləri halda Qaşqaylar niyə bu qədər dirənirlər? Qarşılarını ala bilməyəcəklərini gördükdə əlavə qüvvə çağırmağa məcbur olurlar. Jandarmalar Qaşqayların Babək qalasına getməyini əngəlləsələr də, onları geri qaytara bilmirlər. Bir günlük mübahisədən, müzakirədən sonra Pərvin xanımın başçılıq etdiyi dəstə geri qayıdır. Onların bu sərt dirənişi azərbaycanlı gənclərə də güclü təsir göstərir. 

Ardı Var...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31