Pampers sürəti - 2- Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

("Paralel dünyalar" silsiləsindən)

... Aşırımı bir günə aşdıq və yenidən meşəyə girdik. Axşamı orada gecələdik. Hava isti olduğundan özümüzə sığınacaq düzəltməyə də ehtiyac qalmadı. Amma qurd-quşdan narahat idik. Çox çək-çevirdən sonra belə qərara gəldik, ayıq-sayıq olaq və yatmazdan qabaqa hərəmiz bərayi-ehtiyat yanımıza bir ağac budağı qırıb qoyaq. Cökə ağacının budaqlarından qırıb yerə sərdik...

Yolda aldığımız çörək dururdu, təsadüfi tanışımızın yola qoyduğu donuz qızartmasından da qalırdı. Şam elədik, üstündən də su içib yerimizə uzandıq.

Təlim:

-Xoruzquyruğu çay nə yerinə düşərdi, -dedi.

Xalıq:

-O kişinin qırmızı şərabından gərək çırpışdıraydıq.

Xalıqın bu sözləri ürəyimcə oldu, amma iş-işdən keçmişdi.

Yuxuya getməzdən əvvəl ordan-burdan xeyli danışdıq. Məni daha çox məhkəmə işi narahat edirdi. Xalıq həyatın fəlsəfi qatlarını saf-çürük edir və bizə heç nəyin təsadüfi olmadığını başa salmağa çalışırdı. Təlim bizi daim siyasətə çəkmək istəsə də, buna getmədik. Çünki tabulardan da biri bu idi ki, səfər ərzində siyasətdən danışmayacağıq...

Səhər o başdan oyandıq. Tanımadığımız bir quş öz dilində nəsə oxuyurdu. Biz ha baxsaq da onu görə bilmədik. Səsi bir az sarıköynəyə oxşayırdı. Mən onu "meşənin nəğməsi" adlandırdım və acqarına su içib yola düzəldik.

Meşə ilə bir xeyli gedəndən sonra düzənliyə çıxdıq. Sərin meh üzümüzə vurdu. Başa düşdük ki, irəlidə çay var.

Təlim:

-Çay! Qarşıda çay var! -deyə qışqırdı, - həm doyunca su içərik, həm də çimərik!

Onun səsi isti havada qurudu, elə bil buxarlandı. O səsi bizdən başqa heç kim eşitmədi. 

Lap irəlidə toz-tozanaq qalxmışdı. Əvvəlcə elə bildik ki, maşın karvanıdır, ya da hansısa atlı dəstəsidir, bizə sarı gəlir. Fikir verəndə isə qaraltının bizə tərəf gəlmədiyini, əksinə bizdən uzqlaşdığını gördük.

Xalıq, - addımınızı yeyinlədin, görək kimlərdir, bəlkə onlar nəsə bilir, buraları tanıyır, -dedi.

Sürətimizi artırdıq. Yaxınlaşanda baxdıq ki, bu, böyük bir qoşundur. Atlı dəstəsi ortada, piyadalar da onların yanı ilə gedir.

Mən onları tanıdım:

-Qızılbaşlardır, -dedim.

-Hara gedirlər? - Təlim sadəlövhcəsinə məndən soruşdu.

-Hara getdiklərini bilmirəm, bircə onu deyə bilərəm ki, qızılbaşlar bir yerdə oturan deyillər. Onlar bütün zamanların və məkanların hakimidirlər.

Qoşunun böyrü ilə addımlamağa başladıq. Döyüşçülər o qədər yorulmuşdular ki, biz onları sürətdə bir-iki addım qabaqlayırdıq.

Qabaqda zər-libasa bürünmüş atlar və süvarilər vardı. Onların tuşuna çatanda  tanıdım.

Qızıl alınlıqlı atlarda Ağaməhəməd şah Qacarla onun vəziri və baş sərkərdəsi Sadıx bəy Şaqqaqi oturmuşdu.

-Hara getdiyimizi bizə demirlər, -deyə əldən düşmüş, çarığı yırtılmış piyada döyüşçü sualıma cavab olaraq, qulağıma pıçıldadı və əlavə etdi, - özü də bir-birilə yola getmirlər

Döyüşçü bir anlğa susdu. Sözlü adama oxşayırdı. Ona görə də qulağımı yenidən onun ağzına apardım:

- Bilirsən Sadıx bəy nə fikirləşir?

Başımı buladım.

Döyüşçü:                      

-Sadıx bəy onu daim hədələyən  Ağaməhəmməd şaha baxır və düşünür ki, onun kətandan olan pampersini heç zaman dəyişməyəcək. Qoy, dalına yapışsın...

-Şah pampers geyinir ki?

-Hə, hamısı... şahların hamısı pampers geyinir. Ona görə də hələ heç kəs onların ayaq yoluna getdiyini görməyib...

İsədim deyəm ki, şahlar qızıl "qarşok"a otururlar, sözüm ağzımda qaldı.  Çünki qəfildən Ağaməhəmməd şahın səsi eşidildi. Görünür, sərkərdəsinin nə düşündüklərini duymuşdu:

-Ə, haramzada, ağlına gələni düşünmə!- deyə bağırdı.

Sadıx bəy, çaşdı, özünü itirən kimi oldu və:

-Pampersinə qurban olum, zilləllah!!! - dedi...

-Sadıq bəyin də pampersini dəyişməyin, qoy iylənə-iylənə qalsınlar! -deyə kimsə böyürdən acıqlı-acıqlı pıçıldadı, - nə qədər döyüşmək olar, e!?

Aprel, 2020

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31