Namaz quşu və mutant giləmeyvələr...- Elçin Hüseynbəyli yazır

Namaz quşu və mutant giləmeyvələr...-Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

("Paralel dünyalar" silsiləsindən) 

... Ötən dəfə orda qalmışdıq ki, almaları yeyən kimi zəlzələ və torpaq sürüşməsi baş verdi. Biz meşəyə tərəf qaçdıq. Almaları yerə tökəndən sonra sürüşmə dayandı...

Meşəyə çatanda dayanıb nəfəsimizi dərdik. Xalıq böyrünü tutmuşdu, Təlim it kimi ləhləyirdi, mənim də başım ağrıyırdı.

Dincimizi alandan sonra yolumuza davam elədik. Meşənin içi ilə kələ-kötür yol gedirdi. Bir neçə gün əvvəl yağış yağdığından yoldakı çalalar su ilə dolmuşdu. Çalışırdıq ki, yolun kənarı ilə gedək. Palçıq ayağımıza elə yapışırdı ki, tez-tez dayanıb ağacla onu təmizləyirdik.

Başımızın üstündəki ağacların birindən xışıltı gəldi. Başımızı yuxarı qaldırdıq. Budaqda bir quş vardı.  Dimdiyi ilə yarpaqları tutub yerə atırdı, sanki palçıqlı yolların üstünü örtürdü.

Acmışdıq deyə onu tutmaq istədim. İncəvardan quş qaçmadı. Buğda boyda gözlərilə mənə baxdı. Mən əvvəlcə onun quyruğundan, sonra isə ayaqlarından tutdum. Quşun qırqovul kimi kəkili vardı, özü də firuzəyi rəngə çalırdı.

Xalıq dedi ki, bu, Namaz quşudur, onu yemək olmaz, yesək, onda hər səhər ya əzana qulaq asmalı, ya da azan verməyi öyrənməliyik...

Buna isə vaxtımız yox idi. Quşu əlimdən buraxsam da, uçmadı.

-Burda bir hikmət var, -dedim, - o, uçmaq istəmir.

Xalıq dedi ki, yəqin ayağı sınıb, bəlkə də qanadı. Diqqətlə quşa baxdım, cərrah gözü və barmaqlarıyla onu mayinə elədim, ancaq heç nə tapmadım. Məcbur olub quşu yenidən budağın üstünə qoydum.

Xalıq dedi ki, meşədə yeməli göbələk var, hələ çiyələk də tapmaq olar.

-Hardan bilirsən?- Təlim soruşdu.

-Meşələrin hamısında çiyələk də olur, göbələk də, -Xalıq özünəinamla belə dedi.

-Nə deyirsiniz axtaraq, amma yoldan aralaşmayaq. - Bunu da mən təklif elədim.

Meşəni bir xeyli axtardıq, yoldan kənara da çıxmadıq. Amma biz nə çiyələk tapdıq, nə də göbələk. Bir neçə göbələk qarşımıza çıxdı, ancaq heç birimiz onun yeməli olub-olmadığını bilmirdik. Təlim o qədər acmışdı ki, onları yığıb bişirməyi təklif elədi, mən razı olmadım.

Mən ona təpindim:

-Başqa vaxt igidlikdən dəm vurursan, indi aclığa dözmürsən!

O da səhvini anladı və:

-Sizi sınayırdım, -dedi.

Bir müddət gedəndən sonra meşədən çıxdıq. Qarşıda evlər görünürdü. Deməli, yaşayış vardı və nicatımız ordaydı...

Qəsəbənin içindən əyri-üyrü çınqıllı yol keçirdi. Yolun ətrafında səliqə ilə kollar əkilmişdi, kolların üstü giləmeyvə ilə doluydu, amma heç birini tanımırdıq, bəziləri moruğa, bəziləri də zoğala oxşayırdı.

-Mutant meyvələrdi, - Xalıq dedi və onlardan birini qopardı, ağzına qoymaq istəyəndə etiraz elədim.

-Dayan, -dedim, - orda bir kişi dayanıb, yolun qırağında, ondan soruşaq, görək yeməlidir, ya yox.

Bizim soruşmağımıza ehtiyac qalmadı. Kişi dedi ki, onların hamısını özü əkib, qəsəbə camaatı onunla dolanır, doyunca yeyə bilərik, bir şərtlə ki, yarım çörək alaq.

-Bəlkə çörək çox bahalıdır, -dedim.

-Elə də bahalı deyil.

Mən:

-Necə yəni bahalı deyil? Biz bu qədər meyvə yeyəcəyik, yəqin ki, bahalı olar da.

Bu zaman arxamızdakı yoxuşdan bir adam çıxdı. Əlində ağapppaq, pambıq kimi çörək vardı. Bizim təəəccübümüzə o cavab verdi:

-Bu meyvələri bu gün dərsən, sabah yenə də çıxırlar. Ona görə çörək də ucuzdur.

Çörək kişinin əlindəki sinidəydi. Uzunluğu üç qarış, eni də qarış yarım olardı.

Onların dediyi qiyməti manata çevirdim. Altı manatdan çox eləmədi. Çörəyin yarısını kəsdik. Təlim istədi ki, çörəkdən yeyə. Bu dəfə Xalıq etiraz elədi.

-Çörəyi sonraya saxlayaq, əvvəlcə giləmeyvə yeyək. Sonra acanda çörəyi yeyərik.

Meyvələrdən elə də çox yeyə bilmədik, bir-ikisini ağzımıza atandan sonra hamımız doyduq.

Yola çıxanda bostan sahibi yolumuzun hansı tərəfə olduğunu soruşdu. İrəlini göstərdim.

-Qarşıda daha bir meşə var, ondan sonra da biri. Qaranlıq düşür, istəsəniz sizə ucuz qiymətə mənzil təşkil edə bilərəm. Biz razılaşmadıq. Çünki həmin adamın kim olduğunu bilmirdik.

...Bostançıdan ayrılıb yola çıxdıq.

Fevral, 2020

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31