“Kəlağayı - Azərbaycan ipəyinin incisi“
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın zəngin mədəni irsinin, xalqımızın min illərlə yaşatdığı adət və ənənələrinin təbliği işini uğurla həyata keçirərək, növbəti layihə kimi Azərbaycan ipəyi və ipəyimizin şah əsəri, incisi sayılan Azərbaycan kəlağayılarına həsr edib.
6 Aprel 2018 12:04 MədəniyyətÖzbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın zəngin mədəni irsinin, xalqımızın min illərlə yaşatdığı adət və ənənələrinin təbliği işini uğurla həyata keçirərək, növbəti layihə kimi Azərbaycan ipəyi və ipəyimizin şah əsəri, incisi sayılan Azərbaycan kəlağayılarına həsr edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Kelag'ayi-Ozarbayjon ipagining durdonasi: Келагаи-жемчужина Азербайджанского шелка" özbək və rus dillərində hazırlanan kitab Daşkənddəki "Mashur-press" nəşriyyatında çapdan çıxıb.
Kitabın ön sözünün müəllifi Bakı Dövlət Universitetinin professoru, Baskal İpək Mərkəzinin direktoru Rəna İbrahimbəyova, tərtibçisi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Kitabda Azərbaycan mədəniyətinin rəmzlərindan biri olan və ən qədim sənət növlərindən sayılan kəlağayı sənəti, Azərbaycanda ipəkçiliyin tarixi, onun inkişaf mərhələləri, dünyanın tanınmış alimlərinin, səyyahlarının bu barədə fikirləri öz əksini tapıb.
Nəşrdə Azərbaycanda unikal və ənənəvi qadın baş geyimi olan kəlağayı haqqında məlumatlar, onun hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərinə vurulan füsunkar naxışlar, bu naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Azərbaycanın kəlağayı sənətinin 2014-ci ilin noyabrında YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi və s. barədə məlumatlar verilir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə kitabın özbəkcə işıq üzü görməsi xüsusilə əhəmiyyətlidir. Bu nəşr Azərbaycan ipəyi, kəlağayı sənətinin təbliği üçün yeni imkanlar açır, qeyd olunan istiqamətdə tədqiqat aparan mütəxəssislər üçün əvəzsiz informasiya mənbəyidir. Mədəniyyət Mərkəzindən əldə etdiyimiz məlumata əsasən yaxın günlərdə kitab geniş ictimaiyyətə təqdim olunacaq, onun Özbəkistanın aparıcı kitabxanalarına, ali məktəblərinə, tədqiqat mərkəzlərinə, habelə ipəkçilik sahəsi üzrə mütəxəssislərə göndəriləcəkdir.
Qeyd edək ki, kitabda 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilən "Kəlağayı" kitabının materiallarından da istifadə edilib.