Daim sənətin zirvəsində olasınız, böyük sənətkar...
Görkəmli muğam ifaçısı, Respublikanın xalq artisti Arif Babayevin 80 yaşı tamam oldu. Onun musiqi və muğam sənətində əvəzolunmaz xidmətləri var. Böyük sənətkar, mahir muğam ifaçısı kimi, təkcə doğma Azərbaycanda deyil, bütün Şərq və Türk ölkələrində məşhurdur.
29 Mart 2018 13:28 MədəniyyətGörkəmli muğam ifaçısı, Respublikanın xalq artisti Arif Babayevin 80 yaşı tamam oldu. Onun musiqi və muğam sənətində əvəzolunmaz xidmətləri var. Böyük sənətkar, mahir muğam ifaçısı kimi, təkcə doğma Azərbaycanda deyil, bütün Şərq və Türk ölkələrində məşhurdur.
Hörmətli Arif müəllim!
Sizin ifanızda səslənən "Şur", "Rast", "Bayatı Şiraz", "Cahargah","Mirzə Hüseyn Segahı", "Zabul Segahı", "Segah" muğamları, təsniflər, xalq və bəstəkar nəğmələri, artıq musiqi tariximizin salnaməsinə çevrilib. Sizin yaradıcılığınızda "Arazbari", "Qarabağ şikəstəsi", zərb muğamları xüsusi əhəmiyyətə malikdir. Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov ənənələrinə sadiq qalaraq, yüksək peşəkarlıq nümunəsi göstərmisiniz. XX əsr Qarabağ xanəndəlik məktəbinin layiqli ifaçılarındansınız. Əvəzolunmaz muğam ustası kimi həm də istedadlı ifaçıların üzə çıxmasında Sizin böyük xidmətləriniz var.
Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində bir-birinin ardınca Məcnun, Kərəm (Ü.Hacıbəyov,"Leyli və Məcnun", "Əsli və Kərəm"), "Aşıq Qərib" (Z.Hacıbəyov - "Aşıq Qərib) Camal (Ş. Axundova - "Gəlin qayası") kimi unudulmaz obrazlarla qədirbilən xalqımızın qəlbində möhtəşəm sənət abidəsi yaratmısınız.
1990-cı ildən etibarən muğam professoru adını şərəflə daşıyırsınız. Sizin pedaqoji fəaliyyətiniz də uğurludur. 1982-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində ilk muğam müəllimi, 1984-cü ildən indiyədək ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Milli Konservatoriyasında çalışırsınız. Gənc nəsilin təlim tərbiyəsi və musiqi mədəniyyəti ilə məşğulsunuz. Həmişə ilkə imza atan sənətkar olmusunuz.
Bu xidmətlərinizə görə zaman-zaman ölkə prezidenti tərəfindən "Şöhrət", "İstiqlal" ordenləri ilə təltif edilmisiniz.
Baki Elmi-Tədqiqat Göz Xəstəlikləri Klinikasının əməkdaşları və direktoru, tibb elmləri doktoru, professor Kərəm Kərimov sizi 80 illik yubileyiniz münasibətilə təbrik edir, sizə yeni-yeni sənət uğurları, möhkəm can sağlığı və uzun ömür arzulayırlar.
Daim sənətin zirvəsində olasınız, böyük sənətkar...