Muğam Mərkəzində Aşıq Şəmşirin 125 illik yubileyi keçiriləcək
Martın 28-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” adlı möhtəşəm layihə çərçivəsində XX əsrin Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri – Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmiş “Aşıq Şəmşir şeiri” adlı tədbir keçiriləcək. Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.
16 Mart 2018 09:39 MədəniyyətMartın 28-də Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" adlı möhtəşəm layihə çərçivəsində XX əsrin Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri - Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmiş "Aşıq Şəmşir şeiri" adlı tədbir keçiriləcək.
Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.
Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı.
İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır.
Aşıq Şəmşirin "Şerlər" adlı ilk kitabı 1959-cu ildə "Akademiya" nəşriyyatı tərəfindən buraxılıb .Sonralar müəyyən fasilələrlə ustad sənətkarın "Qoşmalar", "Seçilmiş əsərləri", "Dağ havası", "Şerlər", "Öyüdlər" və s. kitabları işıq üzü görüb. Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş "Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir" (Osman Sarıvəlli, 1973), "Saxla izimi, dünya" (Məmməd Aslan, 1989), "Dədə Şəmşir yaddaşlarda" (Qənbər Şəmşiroğlu, 2000) kitabları vardır.