V Beynəlxalq muğam müsabiqəsinin açılışı olub
Martın 10-da Azərbaycan Milli Konservatoriyasında V Beynəlxalq muğam müsabiqəsinin açılışı olub. “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Türkiyə, Moldova, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və İsraildən olan musiqiçilər iştirak edirlər.
10 Mart 2018 18:00 MədəniyyətMartın 10-da Azərbaycan Milli Konservatoriyasında V Beynəlxalq muğam müsabiqəsinin açılışı olub.
"Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Türkiyə, Moldova, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və İsraildən olan musiqiçilər iştirak edirlər.
Açılış mərasimində konservatoriyanın rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi çıxış edərək muğamın qorunması və təbliğində festivalın müstəsna rolunu qeyd edib. Bildirib ki, "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir. Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut edir.
Sonra instrumental muğam ifaçılığı üzrə püşkatma olub və iştirakçılar ifalarını təqdim ediblər. Müsabiqənin birinci turunda Azərbaycan, Qazaxıstan, Misir, Özbəkistan, İran, Tacikistan, Mərakeş, Suriya, İordaniya, İsraildən olan ifaçılar çıxış ediblər.
İfaçıları Xalq Artisti Siyavuş Kəriminin sədrliyi ilə beynəlmiləl tərkibli münsiflər heyəti qiymətləndirir. Münsiflər heyətinin tərkibinə Türkiyədən Mehmet Bitmez, Tacikistandan Abduvali Abdurashidov, İrandan Farhad Fakhreddini və Polşadan Piotr Pucylo daxildir.
Fasilədən sonra vokal muğam ifaçılığı üzrə dinləmələr olacaq. Müsabiqədə Azərbaycanla yanaşı, Misir, İran, Özbəkistan, Moldova və Tacikistanı təmsil edən xanəndələr çıxış edəcəklər.
Martın 12-də müsabiqənin ikinci turu baş tutacaq, 13-də isə qaliblərin adları açıqlanacaq.