Muğam Mərkəzində Əhəd Əliyevin 125 illik yubileyi
Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və “Mədəniyyət”kanalının informasiya dəstəyi ilə məşhur qarmonçalan Əhəd Əliyevin (Kor Əhəd 1893-1942) 125 illik yubileyi keçirildi. Tədbirin aparıcısı Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Fəlsəfə doktoru Gülhüseyn Kazımlı əfsanəvi qarmonçalının həyat və yaradıcılığı haqqında məlumat verdi.
17 Fevral 2018 09:28 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və "Mədəniyyət"kanalının informasiya dəstəyi ilə məşhur qarmonçalan Əhəd Əliyevin (Kor Əhəd 1893-1942) 125 illik yubileyi keçirildi. Tədbirin aparıcısı Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Fəlsəfə doktoru Gülhüseyn Kazımlı əfsanəvi qarmonçalının həyat və yaradıcılığı haqqında məlumat verdi.
Olaylar.az bildirir ki, gecədə bəstəkar, Xalq artisti Tofiq Bakıxanov Əhəd Əliyev haqqında xatirələrini bölüşdü.YUNESCO-nun qeyri-maddi irs üzrə nümayəndəsi, sənətşünaslıq doktoru Sənubər Bağırova, Əhəd Əliyevin çalğı sənətinin xarakterik xüsusiyyətləri haqqında danışdı. Sənətşünaslıq doktoru, Əməkdar artist Zakir Mirzəyev və Əhsən Rəhmanlı Əhəd Əliyev yaradıcılığını elmi cəhətdən təhlil etdilər.
Tədbirdə musiqi nömrələri ilə Xalq artistləri Mələkxanım Eyyubova, Aftandil İsrafilov,Ənvər Sadıqov, Əməkdar artistlər Fərqanə Qasımova,Zakir Mirzəyev, Ehtiram Hüseynov, Cahangir Qurbanov,Sahib Paşazadə,Əməkdar müəllim Qəzənfər Abbasov, "Çeşmə" folklor ansamblı (bədii rəhbər Əməkdar mədəniyyət işçisi Gülara Azaflı) və Əhsən Rəhmanlı iştirak etdilər.
Gözdən əlillər üçün 38 saylı musiqi məktəbinin 11-ci sinif şagirdi Məhəmməd Abışovun ifası isə tamaşçıların xüsusi rəğbətini qazandı.
İfaçıları Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblı müşayiət edirdi. Ansamblın bədii rəhbəri Xalq artisti, professor Möhlət Müslümovdur.
Tədbirin sonunda belə gecələrin ənənəsinə uyğun olaraq əfsanəvi qarmonçalan Əhəd Əliyevin nəticəsi Aleksandriya Sevinc Sultan-zadə fon Brüseldorff çıxış edərək Azərbaycanın Birinci vitse -prezidenti Mehriban xanımƏliyevaya Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıya görə, dünyada yeganə olan Beynəlxalq Muğam Mərkəzinin yaradılmasına görə dərin təşəkkürünü bildirdi.Sevinc xanım Tofiq Bakıxanovun, Süleyman Rüstəmin sözlərinə bəstələdiyi "Yaşa könül" mahnısını ifa etdi.
Gecə qarmonçalanların ifasında Əhməd Bakıxanovun "Bayatı-Qacar" rəngi ilə sona yetdi.