Hər kəs öz sənətkarını dinləyir
Xalq artist Canəli Əkbərovun Dövlət Televiziyasında keçiriləcək muğam müsabiqəsinin münsiflər heyətində əyləşən – Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov, Səkinə İsmayılova, Mənsum İbrahimov haqqında söylədiyi xoşagəlməz fikirlər ictimaiyyət arasında böyük rezanansa səbəb oldu.
8 Fevral 2017 15:21 Mədəniyyət"Biz fikrimizi demişik..."
Arif Babayev: "Xəstə adamdı. Mən onun səviyyəsinə enə bilmərəm. Ona görə də başqa heç nə deməyəcəyəm. Olanı demişik"
Xalq artist Canəli Əkbərovun Dövlət Televiziyasında keçiriləcək muğam müsabiqəsinin münsiflər heyətində əyləşən - Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov, Səkinə İsmayılova, Mənsum İbrahimov haqqında söylədiyi xoşagəlməz fikirlər ictimaiyyət arasında böyük rezanansa səbəb oldu.
Adları çəkilən Xalq artistlərinin hər biri öz açıqlamalarında Canəli Əkbərova qarşı xoşagəlməz fikir söyləmədilər. Arif Babayev, Mənsum İbrahimov və Səkinə İsmayılova bütün bu deyilənləri yaşla əlaqələndirdilər və hər zaman öz səviyyələrini qoruduqlarını bildirdilər.
Xalq artisti Arif Babayev "Axşam.az" saytına verdiyi açıqlamasında "6 ildir, bu müsabiqə gedir. Döymədiyi qapı qalmayıb. Biri bir yerdə olar, o biri başqa yerdə. Mütləq deyil ki, hamı bir müsabiqədə olmalıdır. Biz onun xeyrinə demişik, amma o, ağzına gələni danışır. Xəstə adamdır. Mən onun səviyyəsinə enə bilmərəm. Ona görə də başqa heç nə deməyəcəyəm. Olanı demişik, o da gedib orada-burada oturub ağzına gələni deyir".
Canəli Əkbərovun həmkarı Əlibaba Məmmədov haqqında səsləndirdiyi xoşagəlməz sözlərə münasibətini öyrənmək üçün "Olaylar" Xalq artisti Əlibaba Məmmədovun münasibətini öyrənməyə çalışdı. Əlibaba Məmmədov " Kim nə istəyir desin, kim necə istəyir yazsın. Mən heç kimə cavab verməyəcəm. Özümü onların səviyyəsinə salmayacam"- deyib.
Mənsum İbrahimov "Qafqaz.info "- ya verdiyi açıqlamasında ünvanına sərt sözlər səsləndirən həmkarı Canəli Əkbərova cavab olaraq onu teatra gətirmədiyini söyləyib: "Biz sadəcə olaraq fikrimizi bildirmişik, Canəli müəllimi nə təhqir etmişik, nə də sənətinə toxunmuşuq. Üzr istəyirəm, onun haqqında nalayiq sözlər işlətməmişəm. Onun mənəviyyatının göstəricisidir. Danışdığı nağıldır. Bəlkə də, mənim bu mövzuda danışmağım qeyri-obyektiv olar. Siz teatr rəhbərliyi ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirə bilərsiz. Guya mənim üçün teatr rəhbəri ilə görüşüb, Məcnun kimi hazırlayıb".
Xalq artisti həmkarının 90-cı illərdə hərbiyə getməkdən boyun qaçırması barədə verdiyi açıqlamaya münasibət bildirib: "Cəbhə ilə bağlı danışıb. Biz yeddi qardaşıq, mənim 6 qardaşım cəbhədə vuruşub. Onlardan beşi Qarabağ veteranıdır. İkisi Qarabağ əlilidir, biri böynəyini itirib. Özüm hər dəqiqə cəbhə bölgəsinə gedirəm. Qaçmaq nə deməkdir? Aprel hadisələrindən bir gün sonra Ağdama getmişdik, xalqın içində olduq. Mən bu cür tərbiyə görməmişəm, ancaq nağıl danışıb. Yaşına-başına uyğun hərəkət etmir, mən ona nə deyim? Hər zaman ona hörmət qoymuşam. Məni tanıyan hər kəs tanıyır".
Mövzu ilə bağlı Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva Canəli Əkbərovun Mənsum İbrahimov haqqında söylədiyi fikirləri təkzib edib: "Canəli Əkbərov qeyd edib ki, guya o, teatrın muğam operaları üzrə bədii rəhbər olub. Belə deyil, Canəli müəllim teatrın yalnız solisti olub. Heç bir bölmə rəhbəri olmayıb. Mənsum İbrahimova şəxsən Akif Məlikovun təşəbbüsü və göstərişi ilə Məcnun rolunun icrası üçün tapşırıq verilib. Canəli Əkbərov heç vaxt İbrahimovun Məcnun rolunu ifa etməsinə səbəbkar olmayıb. Heç vaxt rəhbərliyə Mənsum İbrahimov barədə təqdimat verməyib".
Xalq artisti Səkinə İsmayılova Canəli Əkbərovun onun haqqında söylədiyi fikirlərə cavabını "Olaylar" - a verdiyi açıqlamasında " Canəli müəllim muğam üzrə gözəl sənətkardı. Söylədiyi fikirlərin hamısı yaşla əlaqədardı və təbii ki, bütün bunlar nağıldı. Özümü onun səviyyəsinə endirməyəcəm. Onun bu fikirlərinə cavab vermək istəmirəm. Bizim hər birimiz xalqımızın qarşısında bu zirvələrə çatmışıq. Sizlər bizləri daha yaxşı tanıyırsınız və kimin necə olduğunu hər kəs yaxşı bilir." - deyə vurğulayıb.
Qeyd edək ki, Canəli Əkbərov Səkinə İsmayılovanı "Leyli" obrazına, Mənsum İbrahimovu isə "Məcnun" obrazına onun hazırladığını deyib. Həmçinin Canəli Əkbərov Xalq artisti Arif Babayevin sənətdə hər zaman ona mane olduğunu, muğamı onun kimi ifa edə bilmədiyini söyləyib.
Söz ardı
Son günlər Canəli Əkbərovun Xalq artistləri haqqında söylədiyi fikirlər ictimaiyyət arasında böyük səs - küyə səbəb oldu. Heydər Əliyev Fondunun dəstəyi ilə Dövlət Televiziyası tərəfindən 6 ildi davamlı keçirilən muğam müsabiqəsi nəticəsində Azərbaycan və dünya tamaşaçıları bu müsabiqə vaistəsilə yeni səslər, yeni simalarla tanış oldular.
Hər oyunun özünün qaydası olduğu kimi, hər biri müsabiqənin də bəlli şərtləri və simaları var. 6 ildi davam edən müsabiqənin münsif kürsüsündə əyləşənlər Azərbaycan və dünya tamaşaçıları tərəfindən hər bir kəsin etibarını, inamını və ən əsası da sevgisini qazanan şəxsiyyətlərdi.
Bu gün Azərbaycan muğamına göstərilən qayğı və diqqət Arif Babayevə, Mənsum İbrahimova, Səkinə İsmayılova, Əlibaba Məmmədova, Nadir Axundova və Sərdar Fərəcova göstərilən özəl qayğı deyil. Bu qayğı Azərbaycan mədəniyyətinə, muğamına olan qayğıdı.
Təbii ki, Azərbaycan muğamı adları çəkilən dəyərli ifaçılarla məhdudlaşmır. Hər bir sənətkarın öz dinləyici kütləsi var. Bu gün Canəli Əkbərovu sevənlər onu dinləməkdə azaddılar. Bu gün Canəli Əkbərovun tələbəsi olmaq istəyənlər də azaddılar. Həmçinin də, digər sənətkarlarımızı dinləmək və onlardan öyrənmək, bəhrələnmək istəyən hər bir kəs azaddı.
İnternetin həyatımıza surətli müdaxiləsi nəticəsində istənilən şəxs saatlarla, günlərlə "öz sənətkarını" dinləyə bilər. Əvvəldə də qeyd etdiyim kimi hər oyunun özünəməxsus şərtləri var. Biz bu şərtlərlə ya razılaşmalı, ya da bu şərtlərə sağlam etiraz edə bilərik. Etiraz üslubumuzdan çox şey asılıdı. Bu üslub ya bizi hamının sevimlisi edə bilər, ya da hər kəsin könlündə olan yerimizi "daralda" bilər. Daha bir etiraz növü də var ki, bu da mübarizədi. O mübarizə ki, bura da yaşın heç bir önəmi yoxdu. Burada sözü yaş yox, sənət deyir. Burada həmkarlarına paxıllıq hissələri yox, hörmət və sevgi hissləri duyulmalıdı. Təəssüf ki, Canəli Əkbərovun müsahibəsində bunların heç birinə rast gəlmək mümükün deyil.
Bir tamaşaçı kimi onu deyə bilərəm ki, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Əlibaba Məmmədov 6 il öncədə, yəni müsabiqə layihəsi olmadan hər zaman sənətlərinin gücü ilə xatırlanıblar. Və bu gündə onlar öz təmkinlərini pozmadan, qəlbqırmadan və ən əsası öz tamaşaçıların və sənətlərinə olan hörmətlərini göstərək söylənilən fikrə münasibətlərini bildirdilər.
P.S Azərbaycan muğamına və dünya muğam sevərlərinə neçə - neçə gözəl səslər qazandıran müsabiqənin münsüfləri haqqında bu cür fikir söyləyən hər bir şəxs musiq tariximizdə təəssüf ki, ilk olaraq öz sənətini, daha sonra isə tamaşaçılarına uduzmuş bir şəxs olaraq xatırlanacaq.
nigar_səma_qurbani