Millət vəkili Habil Əliyevi necə təsirləndirib: "Gərək gəlib məni tapaydın"

"Azərbaycan Respublikasının Xalq Artisti, ifa sənətimizin zirvələrindən biri istedadlı kaman ustası Habil müəllim Əliyevin dünyasını dəyişməsi xəbərinə çox pis oldum". Milli.Az bildirir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili davam edib: "Səhnəmizin Böyük Ustadı, xalqımızın dəyərli bir Oğlu, dövrünün çox dəyərli Simalarından biri bizləri tərk etdi. Habilin kamanı susdu. Biz onunla tanış idik, tez-tez zəngləşirdik, çox gözəl insan idi. Danışığında bir optimizim, həyat eşqi, incə bir yumor olurdu. Bu il Novruz bayramını keçirməyə evlərinə dəvət etdi, gedə bilmədim, indi peşmançılığını çəkirəm. Uşaqlıqdan onun pərəstişkarı idim, hər ifasına nəfəsimi dərib qulaq asırdım. Çox arzulayırdım ki, toyumda o çalaydı. Toy ərəfəsi fikirləşdim ki, onu dəvət etməyə maddi imkanımız çatmır, toyu "palatka"da, şəhərimizin musiqi qrupu ilə keçirdik, ancaq qəlbimdə onun ifası idi. Bunu bir dəfə Habil müəllimə danışdım. Xeyli susub dedi: Aydın, bu sözün məni yaman tutdu. Gərək o vaxt gəlib məni tapaydın, səni tanımasam da, toyuna gedərdim, niyə arzunun dalınca Bakıya gəlmədin. Habil müəllim daima qəlbimizdə olacaq, ifası isə tarix durduqca səslənəcək.

Allah rəhmət eləsin!" - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31