“Sizi heç vaxt unutmayacağıq, Habil müəllim”
Anar Məmmədov: “Bu mənim həyatımın ən gözəl, unudulmaz anlarından biri idi”
9 Sentyabr 2015 13:02 Mədəniyyət"Yeni ulduz" mahnı müsabiqəsinin qalibi, tanınmış müğənni Anar Məmmədov sentyabrın 8-də vəfat etmiş xalq artisti Habil Əliyev haqqında xatirələrini paylaşıb. "Yadımdadır, 2002-ci ilin yay aylarıydı. "Pöhrə" müsabiqəsinin televiziya üzrə seçim turu keçirilirdi. Bir çox sənətkarlardan ibarət münsiflər heyətində Habil müəllim də vardı. Bir çox çıxışlardan sonra növbə çatdı mənə. Çox xəstə idim. Oxuya bilməyəcəyimdən qorxurdum. Hələ 13 yaşım tamam olmamışdı heç. Həm xəstə olduğum, həm də sənətkarlarımızın qarşısında çıxış edəcəyim üçün dəhşət həyəcan keçirirdim. Ölməz bəstəkarımız, çox sevdiyim Emin Sabitoğlunun unudulmaz "Şükriyyə" əsərini ifa etdim. İfa bitəndən sonra bilirsiniz nəyin şahidi oldum? Habil müəllim dəsmalını çıxarıb gözünün yaşını silirdi. Əslində mənim üçün çox qürurlandırıcı məqam idi. Səhnədən çıxanda bir nəfər yaxınlaşıb mənə dedi ki, Habil müəllim səni çağırır. Bir çox sənətkarlarla görüşdüm. Mərhum sənətkarımız Lütfiyar İmanov da münsif kürsüsündə idi. Nəhayət Habil müəllimə yaxınlaşdım. Belə bir sənətkarın qarşısında durmaq belə qürurvericiydi. Məni qucaqlayıb, bağrına basdı. Dedi ki, "Həyatımda 3 nəfərin ifası məni kövrəldib. Aygün Hümbətovanın, (2-ci adını çəkdiyi ifaçını unutmuşam) bir də sənin ifan". Adlarını çəkdiyi 3 ifaçının biri də məniydim. Təsəvvür edirsiz bu nə deməkdir? Bu mənim həyatımın ən gözəl, unudulmaz anlarından biri idi. Daha sonra Habil müəllim məni "Azərneftyağ"İstehsalat Birliyinin nəzdində olan, indiki bir çox sənətkar və sənətçilərimizin solisti olduğu "Neftçilər" ansamblında solist kimi çalışmağıma kömək etdi. Habil müəllimin bir sözü ilə məni "Neftçilər" ansamblına solist götürdülər. Yaşım çatmadığı üçün atamın adını yazdılar. Sənətkarlarla bir arada dövlət konsertlərində ifa edirdim. Bu ansambl mənim musiqi fəaliyyətimi, musiqi savadımı daha da artırdı. Habil müəllim gözəl sənətkar olmağı ilə yanaşı həm də təmiz qəlbə malik bir insan idi. Siz daim qəlbimdə, qəlblərdə yaşayacaqsınız. Allah rəhmət eləsin, ustad. Məkanınız cənnət olsun. Sizi heç vaxt unutmayacağıq", - deyə A. Məmmədov qeyd edib. ("OLAYLAR" İA)