Bakıda qanlı olay: kişi arvadını öldürüb evi yandırdı
15:47 KriminalBinəqədi rayonunda kişi həyat yoldaşını öldürdükdən sonra evi yandırıb, daha sonra isə intihar edib.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli evin dam örtüyü və otaqlarının bir hissəsi yanıb. Həmçinin həyətdə yerləşən talvar, "BMW" markalı minik avtomobili və yaxınlıqda yerləşən digər yaşayış evinə də ziyan dəyib.
Yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.
İlkin araşdırmalarla müəyyən edilib ki, Rafət Həsənov şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Ceyran Həsənovanı qəsdən öldürdükdən sonra evi və avtomobili yandırıb, daha sonra isə intihar edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.