Sabiq baş mühasib külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur – iş məhkəməyə göndərildi
15:23 Kriminalİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsinin sabiq baş mühasibi Rəşad Babayev külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur .
Bu barədə Olaylar.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsinin sabiq baş mühasibi Rəşad Babayevin 2022-2025-cü illər ərzində vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş külli miqdarda pul vəsaiti öz əmək haqqını hesabına köçürməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Babayevin qanunsuz əməlləri barədə həmin Xidmətdən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Toplanmış sübutlar əsasında Rəşad Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.