Azər Sarıcanovun oğluna 10 il həbs

Musavat.com xəbər verir ki, deputat Fazil Mustafaya sui-qəsd təşkil etdiyinə görə ömürlük həbs cəzası alan Azər Sarıcanovun oğlu Əbülfəz Sarıcanov barəsində məhkəmə hökmü elan edilib.

Prokurorun əvvəlki iclasda tələb etdiyi 10 il azadlıqdan məhrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən tam şəkildə təmin olunub. Hökmü hakim Səbinə Məmmədzadə elan edib.

Əbülfəz Sarıcanov bu ilin martın 17-də Cinayət Məcəlləsinin 28.277-ci maddəsi - dövlət və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq - ilə ittiham olunaraq həbs edilmişdi. Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq materiallarına görə, o, siyasi ekspertlər Elçin Alıoğlu, Telman Qasımov və aparıcı Kamran Həsənliyə qarşı terror aktı hazırlamaqda təqsirləndirilirdi. 

Məhkəmə prosesində Elçin Alıoğlu və Telman Qasımov ifadə verərək Əbülfəz Sarıcanovdan heç bir təhdid almadıqlarını, ondan şikayətçi olmadıqlarını bildiriblər. Aparıcı Kamran Həsənli isə məhkəmə iclaslarında ümumiyyətlə iştirak etməyib.

Hadisə ölkə ictimaiyyətində geniş rezonans doğurub və Sarıcanovlar ailəsi ilə bağlı məhkəmə prosesləri yenidən diqqət mərkəzinə gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31